“Kimlərin hazırlamasından asılı olmayaraq “Fatal Fight” Azərbaycanın məhsuludur”

11-02-2015 / 13:37

 “Dövlət tərəfindən dəstək və  maliyyə ayrılsa, milli ruhda,  vətənpərvərlik mövzusunda oyunlar  yaratmaq  olar”

Tor Digital Agency-nin baş direktoru Toğrul Səmədovun Xeberler.az-a müsahibəsi

-Tor Digital Agency nə vaxtdan fəaliyyət göstərir?

-Tor Digital Agency Azərbaycanda 3 ildir fəaliyyət göstərir. Mən ümumilikdə 10 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. Qlobal bazarın proektlərini adətən xaricdəki komandalarım edir. Hazırda Rusiyada,  Sankt-Peterbuqda və Moskvada qeydiyyatdan keçmiş şirkətlərimiz var. TOR Azərbaycanda  sifarişçi   rolunu oynayır, sifarişi yerinə yetirən isə  Sankt-Peterburqda yerləşir.

- Oyunlar hansı proqramlarda tərtib olunur? 

-Oyunları “Unity 3D  game engine”  üzərində  yaradırıq.  Unity 3D lisenziyası internet üzərindən satılır.  Bu,  bir oyunu bir dəfə yazıb sonra başqa platformalara çox tez  zamanda inteqrasiya etməyə imkan verir. Buna “crossplatform” deyirik. Ona görə bir oyunu eyni zamanda həm Android, həm İOS, həm PS, həm də PC üçün istehsal etmək olur.

-Bu günə qədər neçə oyun yaratmısınız?

-Tor Digital Agency şirkəti oyunların hazırlanması ilə bir  ildir məşğul olur.  Şirkət tərəfindən 20-dən çox oyun  yaradılıb, amma onların  3 - 4-nü ciddi  məhsul kimi qəbul edirik. TOR indiyə qədər yalnız saytların hazırlanması ilə məşğul olub. Şirkət oyun  bazarında çox yenidir. 

-Bu yaxınlarda yeni oyun “Fatal Fight”-ı  bazara təqdim etmisiniz. Oyunu yerli bazarımızın məhsulu kimi qəbul etmək olarmı?

-Yeni  oyunun komanda üzvlərinin hamısı xarici vətəndaş olduğuna görə əhali arasında  bəzi narazılıqlar yarandı. “Bu necə olur ki,   oyunu yaradanlar xarici vətəndaşlardır, amma oyunu yerli məhsul kimi təqdim edirsiniz?”-sualını verənlər çoxdur.

Amma Tor Digital Agency Azərbaycan şirkəti olduğu üçün oyun da bizə aiddir. Oyunu  kimlərin hazırlamasından asılı  olmayaraq  “Fatal Fight”Azərbaycanın məhsuludur. Çünki  ən məşhur ( Facebook, Google və s.)  İT  qurumlarının tərkibi  belə birmilllətli deyil. Onların  komandalarının tərkibində müxtəlif ölkələrin İT mütəxəssisləri var. Mən azərbaycanlıyam və oyunun müəllif hüquqları mənə məxsusdur.

- Oyunun test mərhələsini bitirmisinizmi ?

Hələlik sınaq mərhələləri davam edir.  Onu da deyim ki, “Fatal Fight” Android sisteminin həvəskarları üçün artıq istifadəyə verilib. Lakin  hələlik bu  sınaq mərhələsindədir ( soft launch). Yaxın  1 ay ərzində İOS sistemi istifadəçiləri, Facebook və Vkontakte sosial şəbəkələrinin ziyarətçiləri üçün də istifadəyə veriləcək. Sınaq mərhələsi o deməkdir ki, oyunu  qlobal  bazara təqdim etmədən öncə onu  kiçik bazarda sınaqdan keçirmək lazımdır. Oyunda hər hansı səhvlər varsa, onları yenidən düzəldib bazara təqdim etmək üçün bu mərhələ vacibdir. Oyunları sınaq etmədən qlobal bazara çıxarmaq sərfəli olmaya bilər və mənfi nəticələr  verə bilər.
Sadə idarə olunan, lakin cəldlik tələb edən döyüş üslubunda olan oyunu Android sisteminin istifadəçiləri “Playstore”dan yükləyə bilərlər- https://play.google.com/store/apps/details?id=fatal.fight. Oyunun yaş həddi 16 yaşdan yuxarıdır. 

- Əgər sirr deyilsə bu oyunun hazırlanmasına nə qədər vəsait xərcləmisiniz? Nəçə nəfər bunun üzərində çalışıb ?

-“Fatal Fight”-ın oyununu hazırlanmasına  100 min dollara yaxın vəsait sərf olunub.  
Oyunu hazırlayan əsas komanda 7 nəfərdən (ümumilikdə 14 nəfər) ibarətdir  və 6 ay müddətində hazırlanıb. “Fatal Fight”-ın  vizual effektləri “Mortal Combat”, Gameplayi isə ”Thimberman” oyununun (sağ - sol düymələri vasitəsilə idarə olunma) motivləri əsasında hazırlanıb. 

-Oyunları yaradarkən qəhramanlar nəyin əsnasında  seçilir?

-Qəhrəmanları oyunun ssenarisini yazan Game Dizaynerlər seçir. Onlar oyunları   hər ölkənin motivinə uyğun olaraq seçirlər. Game Dizaynerlərin bizə təqdim etdiyi oyun ssenarisini biz təsdiq edirik və məhsulun  hazırlanmasına başlayırıq.

-Milli oyunlarımızı yaratmağı düşünürsünüzmü? Məsələn, Babəkin, Koroğlunun qəhrəmanlıqlarını əks etdirən və yaxud Qarabağdan bəhs edən  milli oyunların, vətənpərvərlik mövzusunda olan oyunların yaradılması  maraqlı olardı.

-Milli oyunların yaradılması müsbət hal olardı. Azərbaycanda bu işlə məşğul olan yeganə Azdimension komandasıdır. Həmin komanda  həvəskar  gənclərdən təşkil olunub.  Onların məqsədi pul qazanmaq yox, məhz bu işlə həvəskar məşğul olmaqdır. Hətta Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi  onlara dəstək verir ki, gənclər  maraqlarını inkişaf etdirsinlər. Tor Digital Agency  şirkəti olaraq məqsədimiz isə pul qazanmaqdır. İstiqamətimizi bu yöndə formalaşdırmışıq.  Bizim isə dövlət tərəfindən dəstəyimiz olmadığı üçün Tor Digital Agency ancaq kommersiya proektləri edir.  Milli  janrda oyunların hazırlanması kommersiya tərəfindən sərfəli deyil. Qlobal bazarda  belə oyunları qəbul etmələri üçün marketinqə daha çox vəsait sərf olunmalıdı. Dövlət tərəfindən dəstək və  maliyyə ayrılsa, milli, vətənpərvərlik mövzusunda yüksək keyfiyyətli oyunlar  yaradıb bütün dünyaya təqdim etmək olar. Məsələn,  Cut the Rope adlı oyunun istehsalçısı Zeptolab şirkətidir – bütün dünya Rusiya komandasının belə uğurlu və milionlar gətirən şirkət qura bilməsinə heyrandı. Yəni ölkəni təmsil etmək üçün oyunun kommersiya tipli olub olmaması o qədər vacib deyil, hətta proekt böyük pullar gətirsə bu daha effektiv olur.

-Azərbaycanda  hər hansı qurum, şirkətlərdən oyunlar üçün təklif, sifarişlər alırsınızmı?Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin   oyunlar üçün təklifi  olubmu?

-Hazırda Azərbaycanda   şirkətimiz barədə məlumat azdır.  İT sahəsində olan həmkarlarımız bizi tanısa da,  yerli bazarda bizi şirkət olaraq çox az adam tanıyır. Çunki yerli bazara aid demək olar  proektimiz yoxdur. Buna görə də  oyunlarla bağlı  heç bir təklif almamışıq. Sadəcə  bəzi şirkətlərdən sifariş tipli  təkliflər olunub.  Yerli bazarda  bu sahəyə qiymət verilmədiyi üçün sifarişləri qəbul etməmişik. İşçilərimizin maaşı çox yüksəkdir. Bunnan irəli gələrək sifarişin dəyəri də yüksək olur. Azərbaycan bazarında bu qiymətlə razılaşma halları mümkün olmadığı üçün əsas fəaliyyətlərimiz xarici ölkələrdə qurmuşuq. Azərbaycanda  sifarişçilər ucuz, tez zamanda başa gələn və  keyfiyyətli məhsul tələb edirlər. Bu isə mümkün deyil. Həmişə keyfiyyətli İT məhsulu gec və baha başa gəlir.

-Şirkətinizin dizayn tərtibatı üzrə komandası yerli  mütəxəssislərdir?

-Azərbaycandakı komandamız əsasən Webdeveloperlərdən ibaret komandadır. Onlar yalnız saytların hazırlanması ilə məşğuldurlar. Bu komandanın oyunlarla əlaqəsi  çox azdır.

-Azərbaycanda oyun bazarını inkişaf etirmək üçün hansı addımlar atılmalıdır?

-Əvvəlcə xarici vətəndaşların yerli şirkətlərdə işə düzəlməsi üçün imkan yaradılmalıdır. Əlavə vergilərdən azad olmalıdır. Onların Azərbaycanda  yaşamaları üçün bütün ehtiyacları  ödənilməldir.  Lakin bu gün   xarici işçini Azərbaycana gətirmək heç bir yerli şirkətə sərf etmədiyi üçün onlar da öz fəaliyyətlərini  xaricdə qururlar. Xarici mütəxəssisləri Azərbaycana gətirib, onlarla əməkdaşlıq əlaqələri qurulsa, bu sahə ilə maraqlanan yerli həvəskarlar da xaricilərin yanında təcrübə keçmək imkanı qazana bilərlər. Bununla da, oyun bazarını Azərbaycanda inkişaf etdirmək üçün müəyyən yerli kadrlar  yetişə bilər.

-Azərbaycanda startapların fəaliyyətlərini izləyirsinzmi?  Bu sahənin inkişafını necə dəyərləndirərdiniz?

- Hər bir işin başlanğıcı çətin olur. Startaplar  ölkədə yeni yaransa da, hər gün onların sayı  artır. Son dövrlərdə bu proses daha da güclənib. Lakin təəssüflər olsun ki,  bu gün yerli startapların çox hissəsi qlobal düşüncə ilə yaradılmır. Əslində startapçılar yalnız yerli bazarı yox, xarici bazarı düşünərək fəaliyyət göstərməlidirlər. Yerli bazarda məhsulu yalnız sınaq etmək olar, amma məhsulu geniş bazara ixrac etmək lazımdır. Ümid edirəm ki yerli startapların inkişafı gələcəkdə daha da güclənəcək.

-TOR şirkətinin gələcək fəaliyyət istiqamətləri  hansılardır?

-Əsas məqsədimiz, oyunların tərtibatını Azərbaycanda inkişaf etdirməkdir. Bu sahədə bəzən müsbət irəliləyişlər olur. Dünya praktikası göstərir ki, hər bir sahəni inkişaf etdirmək üçün xüsusi vergidən azad zonalar yaradılır. Bizim ölkədə də artıq bu barədə düşünürlər. Məsələn, Yüksək Texnologiyalar Parkının yardılması bizə motivasiya oldu ki,  fəaliyyətlərimizi Azərbaycanda da aktivləşdirək.
 Lakin bu günə qədər  Texnologiyalar Parkının hüquqi bazası təmin edilməyib. Hüquqi baza olmayan yerdə də  layihə öz mahiyyətini itirir. Ona görə hal hazırda biz Texnoparkın vergilərdən azad olunmasını gözləyirik. Bu olduğu halda biz böyük intuziazmla bu işi Azərbaycanda inkişaf etdirmək üçün xaricdəki komandalarımızı Bakıya gətirib bu işi inkişaf etdirə bilərik.

 

Məltəm Talıb


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.