Nazir: “Bulud texnologiyası həyatın ayrılmaz bir hissəsi olub”

30-01-2018 / 17:35

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNT) təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib.

Xeberler.az bildirir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bulud texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla tətbiq olunduğunu qeyd edib.

Nazir bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AzInTelecom MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək etibarlılıq sertifikatına malikdir.

Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini vurğulayan R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və bulud texnologiyaları xidmətləri göstərildiyini deyib.

O, Data Mərkəzin bulud əsaslı xidmətlər göstərməklə yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri respublikamızın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə çıxışında bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq maliyyə sektorunda yeni alətlər tətbiq olunur, ofissiz maliyyə xidmətləri göstərən yeni formalı mexanizmlər yaranır. R.Aslanlı bununla belə, informasiya texnologiyaları, o cümlədən bulud texnologiyaları üzərindən maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazaya ehtiyac olduğunu vurğulayıb. Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi ilə bağlı təşəbbüsü dəstəklədiklərini də diqqətə çatdıran Direktorlar Şurasının sədri NRYTN ilə MBNT arasında başlayan bu addımın səmərəli əməkdaşlığa çevriləcəyinə, eyni zamanda bu imkanlar əsasında yeni alətlərin generasiya edilə biləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra Ernst&Young şirkətinin “Bulud texnologiyalarına keçidin əsas aspektləri” mövzusunda təqdimatı dinlənilib. “Bulud”a inteqrasiyanın dünya maliyyə bazarlarına verdiyi töhfələr və “bulud” həllərinin beynəlxalq iqtisadi münasibətlərə təsirindən danışılıb.

Təqdimatdan sonra MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev müzakirələrə qoşularaq, bulud texnologiyaları üzrə risklər və bu risklərin idarə olunması ilə bağlı rəylərini bildiriblər.

Növbəti təqdimat AzInTelecom-un Data Mərkəzinin fəaliyyətinə həsr edilib, qeyd edilib ki, Data Mərkəzi informasiya təhlükəsizliyinin, etibarlılığın artırılması, qəza hallarının aradan qaldırılması, kapital xərclərinin minimuma endirilməsi üçün bütün infrastrukturla təchiz olunub.

Bildirilib ki, istismar xərclərinin optimallaşdırılması sayəsində elektron xidmətlərin inkişafı və daha çevik çatdırılması təmin edilir, məlumatların ölkə ərazisində saxlanması xaricə valyuta axınını azaldır.

Daha sonra Data Mərkəzin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), “Golden pay” kimi müştərilərinin təmsilçiləri çıxış edərək, bu əməkdaşlığın verdiyi faydalardan söz açıblar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə