“AzInTelecom” IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanı sürətləndirir

13-04-2023 / 14:52

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin İdarə Heyəti sədrinin müşaviri Sadiq Yolçuyev Bakıda keçirilən “Dayanıqlı inkişaf üçün texnologiyalar: IV Sənaye İnqilabı texnologiyaları və bulud həlləri” tədbirində iştirak edərək şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat verib.

O, çıxışında şirkətin Azərbaycanın və region ölkələrinin dövlət qurumları ilə birgə həyata keçirdiyi layihələr və əməkdaşlıq prosesləri haqqında danışıb. Bildirib ki, “AzInTelecom” dövlət və özəl qurumlar üçün elektron və rəqəmsal imza, informasiya təhlükəsizliyi xidmətləri, ödəniş sistemi, sertifikatlaşdırma, beynəlxalq səs trafiki, IMEI qeydiyyat və bulud əsaslı müxtəlif xidmətlər təqdim edir: “Dizaynı və inşası TIER3 – beynəlxalq dayanıqlılıq standartlarına cavab verən Data mərkəzlərimizdə dövlət və özəl təşkilatlara bulud və informasiya texnologiyaları xidmətləri təqdim edirik. 2022-ci ildə isə eyni standartlara cavab verən və eyni sertifikatlara malik olan Yevlax Data Mərkəzi inşa edilərək istifadəyə verilib.

“AzInTelecom” dövlətə məxsus Data mərkəzləri üzərindən tətbiq edilən bulud texnologiyaları əsasında dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyasını həyata keçirir. Prezident İlham Əliyevin 3 iyun 2019-cu il tarixli fərmanının icrası məqsədilə bu günə qədər rəqəmsallaşma prosesini tamamlayan və miqrasiyaya hazır olan 93 dövlət qurumunun informasiya sistemlərinin tam və yaxud qismən miqrasiyası yekunlaşdırılıb.

Hazırda “AzInTelecom” “Hökumət buludu”nun təhlükəsizliyinin gücləndirilməsi üçün şəbəkə sisteminin təkmilləşdirilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə işlər həyata keçirmək istiqamətində danışıqlar aparır”.

S.Yolçuyev qeyd edib ki, təxminən bir il əvvəl “AzInTelecom” bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza – SİMA yaradaraq vətəndaşların istifadəsinə verib: “Artıq SİMA mobil tətbiqini 300 mindən çox istifadəçi yükləyib. Yaxın günlərdə sahibkarlar üçün SİMA rəqəmsal imzanın istifadəyə verilməsi nəzərdə tutulur. “AzInTelecom” həyata keçirdiyi innovativ layihələr, təqdim etdiyi məhsul və xidmətlər çərçivəsində Azərbaycanın və regionun dördüncü sənaye texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyasını sürətləndirməkdə davam edir”.

S.Yolçuyev vurğulayıb ki, “AzInTelecom” bulud xidmətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə qabaqcıl ölkələrin təcrübəsini daim öyrənir və bu istiqamətdə həyata keçirilən işlərdən biri olaraq 2022-ci ilin avqust ayında “Bulutistan” şirkəti ilə memorandum imzalanıb. Memoranduma əsasən, bulud həllərinin Azərbaycanda və regionda inkişafı üzrə birgə əməkdaşlıq fəaliyyəti nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə