Prezident 2018-i “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

10-01-2018 / 14:49

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Xeberler.az-ın məlumatına görə, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini deyib.

Qeyd edək ki, bu il Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin iqamətgahında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən ərazisi 99 908,86 km² olub, 13 983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə tutulub.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Cümhuriyyətin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Azərbaycan Xalq Cümhuriyyəti milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə geniş təbrik nitqi söyləyib.

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə. Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib.

Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal edilib.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.