Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar

16-09-2015 / 12:05

Arayış hüquqi sənəd olaraq subyekt barədə hər hansı məlumatı təsdiqləmə vasitəsidir. Gündəlik həyatımızda hər addımbaşı arayışların tələb olunması, vətəndaşların əhvalına və gündəlik planlarına mənfi təsir göstərir.

XXI əsrdə, İKT-nin inkişaf etdiyi bir dövrdə elektron vasitələrdən istifadə ilə informasiyanın emal olunması, saxlanması və ötürülməsi komputer vasitəsilə mümkündürsə, deməli kağız üzərində olan sənədlərin elektron şəkildə formalaşdırılmasının və daima itirilmək, korlanmaq təhlükəsi olan və bu baxımdan etibarsız "etibarlı kağız"ların aradan qaldırılmasının əsil zamanıdır.

Müasirlik, innovativlik var olanın mövcud xüsusiyyət və keyfiyyətlərinin daha faydalı, rahat modellərlə əvəzlənilməsi prosesidir. Necəki, indi bizə qəribə görünən köhnə model avtomobil, telefonlar, kompüterlər və sair kimi.

Müasir dövrün elektron rahatlıqlarını öz həyat tərzinə çevirmiş vətəndaş bu günlərdə qarşıya belə bir tələb qoyur: "Əgər məişətdə və işdə simsiz internetdən istifadə edirəmsə, istənilən yerdə, dağda, meşədə, dənizdə bir qurğu ilə bağlantı yaradırıb işlərimi həll edirəmsə, bütün növ ödənişləri internet vasitəsilə elektron şəkildə apara bilirəmsə, niyə axı bir kağız parçasından asılı vəziyyətdə qalmalıyam?". Eləcə də, hökumət belə bir tələb qarşısındadır: "Niyə bu qədər xərc qoyulub hər bir sahəyə İKT-ni tətbiq edildiyi zamanda hələ də bir kağız parçasının verilməsi üçün bir neçə kadr istifadə etməliyəm?"

Elektron arayışlar bizə nə verir? Bu sualın cavabını əyani müqayisələrlə daha aydın görmək mümkündür:

Ənənəvi kağız üzərində arayışlar Elektron arayışlar

 Bütün ənənəvi arayışlar kağız üzərindədir, bu predmetin, itirilməsinə, parçalanmamasına, korlanmamasına və s. heç bir zəmanət verilmir.

Ənənəvi arayışın formalaşdırılma mərhələləri: arayış üçün bir şəxsə müraciət edirik, həmin şəxs arayışı formalaşdırır, ötürür digər şəxsə, direktora, hətta o da digər bir şəxsə, direktor müavininə, sonda dəftərxanaçı digər bir kağız üzərində qeydiyyata alır və s....

Ənənəvi arayışı əldə etmək üçün nə etmək lazımdır?

Əksər əhali üçün belədir: işdən icazə almaq, müəyyən vaxt sərf edib, arayış verən orqana getmək, orada növbə gözləmək və s....

Elektron arayışı istənilən yerdən formalaşdırıb müvafiq quruma yönləndirmək cəmi 1 neçə dəqiqə vaxt tələb edir. Üstəlik elektron arayışda öz əksini tapan məlumatlar ölkənin ən etibarlı məlumat mərkəzlərində qorunur. Bunun üçün isə, yalnız komputer və internet tələb olunur ki, bu da demək olar ki, hamıda var.

Bu isə həm rahatlıq, həm də şəffaflıq deməkdir.

 
Düşündürücü məsələdir, elə deyilmi? - Hələ də elektron arayışdan faydalanmamışıqsa, sadəcə bu üstünlüyü sınaqdan keçirməyimiz kifayətdir, digər mərhələdə isə bu üstünlük özü yaşam tərzimizin tərkib hissəsinə çevrilir.

Çox sevindirici haldır ki, elektronlaşma ölkəmizdə artıq elə bir səviyyədə inkişaf edib ki, nəinki, arayışların eləcə də, kağız üzərində olan digər sənədlərin belə elektron versiyası mümkün edilməkdədir. 

Hazırda, vətəndaşlarımız "Elektron Hökumət" portalı (www.e-gov.az) vasitəsilə 9 növdə arayış əldə edə bilirlər:

Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi - "Elektron Hökumət" portalı tərəfindən hazırlanmışdır. 2014-cü ildən etibarən istifadəyə verilmişdir. Bu e-arayış istifadəyə verilən kimi bank əməliyyatlarının rəsmiləşdirilməsinə tətbiq olunmuşdur. Müvafiq e-arayış vətəndaşa aid Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan informasiyalardan təşkil olunur. Hazırda, Bank of Baku, Unibank ASC, Accessbank,  Bakı Ticarət Bankı, Muganbank ASC, Bank Respublika ASC, AGBank ASC, Rabitəbank ASC, Azərbaycan Beynəlxalq Bankı ASC , Expressbank və s. banklar bu arayışlardan faydalanmaqdadırlar. Bu yaxınlarda bir neçə lizing və kommersiya şirkətləri də e-arayışlardan istifadəyə start verib. "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" e-arayışının tətbiqi ilə sözügedən banklar kağız üzərində olan iş yerindən arayış tələbini aradan qaldırmış, öz müştərilərinin rahatlığı üçün e-arayışlardan istifadəyə keçid etmişlər.

"İş yerindən arayış" - 2014-cü ildən etibarən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların istifadəsinə təqdim olunan digər bir e-arayış növüdür. Bu e-arayış vasitəsilə vətəndaş portala daxil olaraq öz iş yerinə dair arayış formalaşdırır.

"Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış"-  Təhsil Nazirliyi tərəfindən təqdim olunan bu e-arayış cari ildən etibarən vətəndaşların istifadəsindədir. Bu e-arayış vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki işçilərin öz iş yerlərinə dair arayışın formalaşdırılması üçün nəzərdə tutulmuşdur.

"Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış"- Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş bu e-arayışdan ümumtəhsil məktəb şagirdləri faydalana, təhsil aldıqları yer haqqında arayış formalaşdıra bilərlər.

Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri üzrə borcun olub-olmaması barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.

Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər.  E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyatı quruma təqdim edilməsi mümkündür.

FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər.

Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir.

"Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən çıxarış - Bu xidmət vasitəsilə vətəndaş təhsili barədə təfərrüatlı informasiyalar əldə edə bilər. Sözügedən çıxarış gələcəkdə elektron cv-lərin formalaşdırılması üçün mühüm informasiya mənbəyidir.

Məlum məsələdir ki, hər bir e-arayış tərkibinə görə digər arayışlardan fərqlidir. Bütün e-arayışların ümumi cəhəti, portal vasitəsilə avtomatik formalaşdırılması və eyni hüquqi qüvvəyə malik olmasıdır. Qeyd olunan e-arayışları çap etmək və ya aidiyyatı quruma göndərmək mümkündür. E-arayışların həqiqiliyini təsdiq etmək üçün QR- koddan istifadə edilir.

Bu günlərdə Prezidentin imzaladığı Fərmanda bəzi dövlət qurumlarının müasir texnoloji yeniliklərdən istifadə etmədiyi, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərdiyi qeyd edilir. Bildirilirki, mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir.

İstər ölkənin milli "Elektron Hökumət" portalı, istərsə də digər elektron vasitələrlə arayış əldə etmək məsələsi öz həllini tapmışdır. Biz vətəndaşların öhdəsinə düşən bu elektron üstünlükləri gündəlik həyatımızın tərkibinə çevirməkdir.

Günay Hüseynova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.