Nə vaxtadək kağız arayışların surətlərini harasa təqdim edəcəyik?

27-04-2015 / 13:56

Məlumdur ki, son dövrlərdə “Elektron hökumət” portalının vətəndaşlar üçün təqdim etdiyi “Elektron arayışlar” xidməti xeyli aktivləşib. Bu da təsadüfi deyil. Çünki hər bir addımda vətəndaşlardan müxtəlif növ arayışlar tələb olunur.
Artıq vətəndaşlar bir neçə arayışı  elektron formada əldə edə bilirlər.

Bütün bunlar isə vətəndaşlarda xeyli məmnunluq yaradır. Elektron arayış xidmətinin bürokratçılığın, rüşvətin, vaxt itkisinin qarşısının alınmasında əvəzsiz rolu danılmazdır. 

Lakin vətəndaşlara gərəkli olan xeyli sayda digər arayışlar, digər vacib sənədlər də vardır. Xüsusilə də kommunal xidmət sahələri, tibb sahəsi,  həmçinin müxtəlif etibarnamələri hələlik elektron formada əldə etmək mümkün deyil. Hazırda bu istiqamətdə də ciddi işlərin getdiyi bildirilir.

Xəbərlər olaraq bu sahədə görülən işlər və mövcud vəziyyətlə bağlı Portalın Operatoruna suallarla müraciət etdik.

Operatorun mövqeyini əks etdirən cavabları sizə təqdim edirik :

-Hazırda vətəndaşlar konkret hansı arayışları elektron formada əldə edə bilirlər?

-Yenicə tətbiq olunmasına baxmayaraq, e-arayışlar vətəndaş məmnunluğu baxımından ən populyar elektron xidmətlər sırasındadır.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təqdim olunan “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, Təhsil Nazirliyi tərəfindən təqdim olunan "Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış" və “Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış”, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış”  e-xidmətləri vətəndaşların istifadəsindədir.
Bundan əlavə portalda “Elektron arayışlar”  bölməsi mövcuddur. Həmin bölmənin tərkibində Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış, “Yaşayış yeri haqqında arayış”, “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış”, “Diplom haqqında məlumatlar arayış”, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” e-xidmətləri vətəndaşların istifadəsinə verilib.

-Vətəndaşların elektron formada olan arayışlardan istifadəsi hazırda nə yerdədir?

-Ötən dövr ərzində “Elektron hökumət” portalı tərəfindən təqdim olunan “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətinə 120 min dəfədən çox müraciət edilib və bu arayışlar əsasən kreditlərin verilməsi məqsədilə istifadə olunub. Təkcə cari ilin fevral ayı ərzində ƏƏSMN-tərəfindən təqdim olunan “İş yerinə dair arayış” xidmətindən 10592 dəfə istifadə olunub. Statistika göstərir ki, elektron arayışlardan istifadə aydan-aya artmaqdadır.

-Arayışların elektron formatda əldə edilməsi üçün hansı addımlar atılmalıdır? Mümkünsə bunu konkret bir arayışın, məsələn, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” üzərində izah etməyinizi xahiş edirik.

-Konkret olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən faydalanmaq üçün vətəndaş “Elektron hökumət” portalına giriş əldə etməli, bunun üçün, müvafiq autentifikasiya vasitələrindən (kod/parol, e-imza, asan imza, planşetlər və mobil cihazlar üçün mobil autentifikasiya) istifadə etməlidir. Portala daxil olduqdan sonra e-xidmətlər bölməsindən “Elektron hökumət” portalının xidmətləri sırasından müvafiq xidməti seçməlidir. Bu zaman elektron arayış avtomatik olaraq formalaşır. Hazırda bu arayışda Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu üzrə vətəndaşa aid fərdi məlumatlar əks olunur. Gələcəkdə bu arayışa digər qurumlar üzrə də məlumatların əlavə olunması planlaşdırılır.

Arayışı elektron şəkildə müvafiq Banka göndərmək və kağız şəklində çap etmək mümkündür. Arayışın təsdiqlənməsi üçün QR-koddan (ştrix-kod) istifadə edilir. Eyni zamanda arayışın həqiqiliyini yoxlamaq üçün portalda xüsusi elektron xidmət yaradılıb və həmin xidmət vasitəsilə arayışın nömrəsini (İD) daxil edərək arayışın həqiqi olub-olmamasını yoxlamaq mümkündür. 
Vətəndaşların rahatlığının təmin edilməsi üçün bir çox yerlərdə info-köşklər quraşdırılıb və həmin info-köşklər vasitəsilə vətəndaşlar portalda e-xidmətə daxil olub tələb olunan arayışı formalaşdıraraq çap edə bilər. Beləliklə, elektron arayışların işdə, evdə və info-köşklər vasitəsilə çap edilməsi mümkündür.
Hazırda mövcud arayışların mobil versiyasının hazırlanması üzərində işlənilir və tezliklə vətəndaşların istifadəsinə veriləcək.

-Hansı qurumlar elektron formatda verilən arayışları qəbul edirlər və bunu tanıyırlar?

-Hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”,  “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, Rabitəbank ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC , “Expressbank” və bir sıra kredit təşkilatları tərəfindən kredit əməliyyatlarının icrası prosesində “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” və ƏƏSMN-i tərəfindən təqdim olunan “İş yerinə dair arayış” e-xidmətlərindən istifadə olunur.
Bu xidmətin tətbiqi ilə əlaqədar Məlumat Hesablama Mərkəzi ilə Mərkəzi Bank arasında yazışmalar, müzakirələr aparılıb, birgə görüşlər keçirilib. Elektron arayışların kredit əməliyyatlarına tətbiqi ilə bağlı bütün proseslər təfərrüatlarına qədər müzakirə olunaraq təsdiqlənib.
Eyni zamanda Təhsil Nazirliyi tərəfindən təqdim edilən “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” və “Ümumtəhsil məktəb şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” aidiyyatı qurumlar tərəfindən tanınır və qəbul edilir.

-Hazırda bizdə ən ciddi tələbat olan xidmətlərdən biri də etibarnamələrdir. Vətəndaşlardan müxtəlif qurumlarda müxtəlif cür etibarnamələr tələb olunur? Dünya təcrübəsi göstərir ki, bu tip xidmətlər də elektron formatda əldə oluna bilir. Bəs nə üçün uzun müddətdən bəri bizdə bu xidmət elektronlaşmayıb. Hazırda bu istiqamətdə işlər aparılırmı ?

-Etibarnamələrin, eləcə də digər bir çox sənədlərin elektron formada hazırlanması və təqdim olunması məsələsi “Elektron hökumət” portalının gündəmindədir.
Bununla bağlı  portalın inkişaf qrupu tərəfindən araşdırmalar aparılır, bir çox xarici ölkələrin, o cümlədən Avstriyanın, Sinqapurun, Koreyanın, Böyük Britaniyanın, Qazaxıstanın bu sahədəki təcrübəsi öyrənilir, müzakirə olunur və  müəyyən təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim olunub, etibarnamələrin elektron şəkildə tətbiqi üçün mövcud qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Düşünürük ki, yaxın vaxtlarda Azərbaycanda da Rəqəmsal Etibarnamələr tətbiq olunacaq.

-Yaxın zamanda daha hansı arayışları elektron formada əldə etmək mümkün olacaq?

-Bir çox arayışların “Elektron hökumət” portalı vasitəsilə elektron şəkildə təqdim olunması üçün aidiyyatı qurumlarla müvafiq işlər aparılır və düşünürük, tezliklə kommunal xidmət borcları olmaması barədə, abituriyentin ali məktəbə daxil olması barədə, pensiya kapitalı barədə, bəzi etibarnamələrin portal vasitəsilə verilməsi barədə elektron arayışların portal vasitəsilə əldə edilməsi mümkün olacaq.

-Bank strukturları öz xidmətlərini Portala inteqrasiya edərkən daha çox nələrə diqqət yetirirlər?

-Banklar müasir texnologiyaların imkanlarından tam yararlanmaq istəyirlər və məlumatları bir başa dövlət informasiya ehtiyatlarından əldə edərək biznes proseslərində etibarlılığı və operativliyi təmin edirlər. Bir misal gətirmək istəyirəm,  “Muğanbank”  pensiyada olanlar üçün bir xidməti həyata keçirir, bu xidməti əldə etmək üçün vətəndaş mütləq pensiyada olduğunu təsdiq etməlidir. Bunun üçün vətəndaş bankın istənilən bölgədəki filialına yaxınlaşaraq və yaxud İnternet olan istənilən məkandan ƏƏSMN-in müvafiq xidmətindən istifadə edərək  təsdiqedici məlumatı banka təqdim edə bilir. Bu, çox rahatdır.

-Necə düşünürsünüz, daha çox sənədlərin elektronlaşdırılması üçün hansı addımlar atılmalıdır?

-Əlbəttə, yaxşı olardı ki, aidiyyatı dövlət qurumları, icra orqanları bu sahədə təşəbbüskarlıq göstərsinlər  və bizə yardımçı olsunlar. Onu da qeyd etmək lazımdır ki, bir çox sənədlərin elektron şəkildə tətbiq edilməsi üçün mövcud qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinə zərurət vardır. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə