Alimlər Kainatın təxminən 3,5 milyard yaşı olduğu dövrdə mövcud olmuş bir qalaktikadakı “yatmış” superkütləli qara dəliyin kütləsini ilk dəfə birbaşa ölçüblər. Məlum olub ki, bu obyektin kütləsi altı milyard Günəş kütləsinə bərabərdir və bu göstərici belə ölçülü qalaktika üçün gözləniləndən xeyli böyükdür. Bu kəşf qara dəliklərin və onların aid olduğu qalaktikaların Kainatın ilkin inkişaf mərhələlərində nə qədər sürətlə böyüdüyünü anlamağa kömək edəcək.
Xeberler.az məlumat verir ki, superkütləli qara dəliklər əksər iri qalaktikaların mərkəzində yerləşir. Hesab edilir ki, onların kütləsi ətrafındakı ulduz sistemlərinin xüsusiyyətləri, məsələn, qalaktikanın mərkəzi balcının kütləsi və ya ulduzların hərəkət sürəti ilə əlaqəlidir. Ancaq bu əlaqələrin Kainatın erkən dövrlərində də mövcud olub-olmadığını indiyədək yoxlamaq mümkün olmayıb.
Uzaq qara dəliklərin kütləsi əksər hallarda qalaktikaların aktiv nüvələri – maddənin intensiv şəkildə qara dəliyə axaraq son dərəcə yüksək temperatura qədər qızdığı parlaq kvazarlar əsasında qiymətləndirilir. Lakin bu üsul böyük qeyri-müəyyənliklərlə müşayiət olunur və sakit, yəni aktiv olmayan obyektlərin öyrənilməsi üçün uyğun hesab edilmir.
Müşahidələr “Ceyms Uebb” kosmik rəsədxanasının “NIRSpec” spektroqrafı vasitəsilə aparılıb. Bu cihaz qalaktikanın müxtəlif hissələrində ulduzların hərəkət sürətini ölçməyə imkan verib. Kütlənin paylanması da məhz həmin hərəkətlər əsasında müəyyən edilir, belə ki, ulduzlar mərkəz ətrafında nə qədər sürətlə dövr edirsə, oradakı cazibə qüvvəsi də bir o qədər güclü olur. Daha sonra tədqiqatçılar ulduzların, qaranlıq maddənin və ehtimal olunan qara dəliyin təsirini nəzərə almaqla qalaktikanın ətraflı dinamik modellərini hazırlayıblar.
Müasir qalaktikalarla müqayisə göstərib ki, qara dəliyin kütləsi gözləniləndən təxminən 12 dəfə çoxdur. Obyektin kütləsi ilə ulduzların hərəkət sürəti arasındakı əlaqə isə qorunub saxlanılıb və müasir Kainatdakı qalaktikalarda müşahidə olunan göstəricilərlə demək olar ki, üst-üstə düşüb. Bu da qara dəliklərin onları əhatə edən qalaktikalardan daha sürətlə kütlə toplaya bildiyini göstərir. Qalaktikaların özü isə qara dəliyin əsas böyümə mərhələsi başa çatdıqdan sonra yeni ulduzlar formalaşdıraraq inkişafını davam etdirib.
“Science” jurnalında dərc olunan elmi məqalənin müəllifləri MRG-M0138 qalaktikasının keçmişdə parlaq kvazar mərhələsindən keçdiyini ehtimal edirlər. Belə olduğu halda aktiv qara dəlik maddəni intensiv şəkildə udaraq çox böyük həcmdə enerji ayırmış olardı. Həmin enerji qalaktikadan qazı kənarlaşdırmağa və yeni ulduzların yaranmasını dayandırmağa qadirdir. Bu ssenari superkütləli qara dəliklərin qalaktikaların təkamülündə mühüm rol oynadığını və faktiki olaraq ulduzəmələgəlmə prosesini dayandıra bildiyini göstərən müasir nəzəriyyələrlə uyğunluq təşkil edir.
Bu tədqiqat Kainatın erkən dövründə mövcud olmuş qara dəliklərin öyrənilməsi üçün yeni imkan yaradır. Əgər indiyədək birbaşa ölçmələr yalnız nisbətən yaxın qalaktikalarda mümkün idisə, “Ceyms Uebb” teleskopunun imkanlarının qravitasiya linzalanması ilə birləşdirilməsi sayəsində artıq Kainatın uzaq keçmişini də araşdırmaq mümkün olur.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları