Azərbaycan Cenevrədə “Transmilli Super İnformasiya Magistralının” təqdimatını keçirib

07-10-2009 / 18:36

Day.az informasiya agentliyinin Azərbaycanın İsveçrədəki səfirliyinə istinadən verdiyi məlumata görə, oktyabr ayının 5-də Cenevrədə dünyanın ən iri beynəlxalq telekommunikasiya və yeni texnologiyalar sərgisi ITU Telecom World 2009 Ümumdünya tədbiri başlayıb. Sərginin açılış mərasimində BMT-nin baş katibi Pan Qi Mun, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture, bir sıra Afrika ölkələrinin başçıları, İsveçrə rabitə naziri L. Loyenberq və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər. Azərbaycan tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında nümayəndə heyəti ilə təmsil olunub.

Builki sərgi smartfon, kompüter-kitablar və rəqəmli televiziya modellərinin işlənib hazırlanmasında unikal yeniliklər təqdim edən istehsalçıları bir araya yığıb. Cenevrənin Palexpo mərkəzində telekommunikasiya və informasiya texnologiyalarının bütün seqmentlərində fəaliyyət göstərən 442 ən iri avadanlıq istehsalçıları və təchizatçıları toplaşıb. Hazırkı sərgi unikal innovasiya təkliflərin sayına görə ən dolğunu hesab olunur.

Sərginin çoxsaylı iştirakçılarına kommunikasiya və informasiya texnologiyaları sahəsindəki nailiyyətlərini təqdim etmək məqsədilə bir çox ölkələr və iri şirkətlər özlərinin pavilyonlarını təşkil ediblər. Sərginin açılışından dərhal sonra BMT-nin baş katibi və digər yüksəkvəzifəli şəxslər tərəfindən ziyarət edilmiş azsaylı milli pavilyonlar arasında Azərbaycanın da pavilyonu olub. Müxtəlif yeniliklər arasında qonaqlara həmçinin Azərbaycan tərəfindən irəli sürülmüş və Avrasiya regionunun 20-yə yaxın əsas ölkəsinin yüksəksürətli internetə, o cümlədən müxtəlif sahələrdə informasiya və bilik mənbələrinə çıxış imkanlarının artırılması məqsədini daşıyan “Transmilli Super İnformasiya Magistralı” layihəsi də təqdim olunub. Qonaqlara bildirilib ki, bu təşəbbüsə siyasi dəstəyin təmin olunması məqsədilə Azərbaycan Nyu-Yorkda keçirilən BMT-in Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində müvafiq layihə qətnaməsi irəli sürmək niyyətindədir.

BMT-nin baş katibi Azərbaycanın bu təşəbbüsünə dəstək olduğunu bildirib və layihənin icrasında ölkəyə uğurlar arzulayıb. Oktyabr ayının 6-da elə həmin mərkəzdə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyovun iştirakı ilə “Transmilli Super İnformasiya Magistralı” layihəsinin geniş auditoriyaya xüsusi təqdimatı keçirilib.

ITU Telecom World 2009 iştirakçılarının səmimi marağını doğuran bu tədbirə hökumət heyətlərinin, özəl sektorun və vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri qatılıb. Qeyd edək ki, ITU Telecom World 2009 sərgisi oktyabr ayının 10-dək davam edəcək.   


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə