“Azercell Telekom” MMC sosial yönümlü “Barama” lahiyəsinə start verdi

11-09-2009 / 18:31

“Azercell Telekom” MMC sentyabrın 11-dən etibarən “Barama” layihəsinə start verir. İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı yaradıcı və yenilikçi ideyaların inkişaf etdirilməsinə yönələn layihənin icrasını həyata keçirməkdə “Azercell”-in məqsədi təkcə telekommunikasiya sahəsində yeni həllər və yenilikləri təqdim etmək deyil, eyni zamanda ölkənin sosial rifahına və iqtisadi inkişafına öz töhfəsini verməkdir.

Sözügedən layihənin əsas hədəfi yeni ideyaları tədqiq etmək, onları daha da mükəmməlləşdirərək inkişaf etdirmək və son nəticədə reallığa çevrilməsini təmin etməkdir. Bu məqsədlə “Azercell” şirkəti xüsusi olaraq “Barama” layihəsinin iştirakçıları üçün nəzərdə tutulmuş yeni bir ofisin istifadəyə verilməsinə və bu ofisdə ideyalarını inkişaf etdirmələri məqsədi ilə iştirakçılar üçün bütün zəruri imkanların yaradılmasına dair qərar qəbul edib.

“Barama” layihə ofisi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və əməkdaşlığı nəticəsində yaradılmışdır. İçərişəhərdə yerləşən və eyni vaxtda təxminən 20 layihə iştirakçısının fəaliyyət göstərməsi üçün nəzərdə tutulan bu ofis ən müasir avadanlıqlarla təchiz ediləcək.

Azərbaycan xalqının mədəni, tarixi, memarlıq və etnoqrafik irsinin incisi olan İçərişəhər minillərlə burada fəaliyyət göstərmiş yaradıcı insanların əməyi nəticəsində formalaşmışdır. Bu baxımdan müasir günün tələblərinə uyğun informasiya texnologiyaları sahəsində çalışan gənc ixtiraçıların dəstəklənməsinə və bununla da İçərişəhərin timsalında “Keçmişdən – Gələcəyə” konsepsiyasının həyata keçirilməsinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən xüsusi diqqət verilir.

Layihədə iştirak etmək üçün maraqlanan şəxslər www.azercell.com/barama internet səhifəsində yerləşdirilən anket-ərizəni onlayn rejimdə dolduraraq, orada göstərilən əlavə sənədləri təqdim etməklə öz ideyalarını “Azercell”ə göndərə bilərlər. Onu da qeyd edək ki, ərizələr davamlı olaraq qəbul edilir, bu isə o deməkdir ki, ideyaların təqdim edilməsi üçün heç bir son tarix müəyyən olunmayıb. Əsas gözlənti ondan ibarətdir ki, təklif olunan ideyalar müəyyən dəyərləri, yaradıcılıq, yenilik, sosial-iqtisadi faydalar və s. kimi xüsusiyyətləri özündə əks etdirəcək.

Müraciətlər təqdim olunduqdan sonra, “Azercell” şirkəti tərəfindən təklif olunan ideyaların qiymətləndirilməsi aparılacaq və müraciət edən şəxslərə müvafiq ideyalarının qəbul edilib edilməməsi barədə məlumat veriləcək. Aparılan qiymətləndirmə nəticəsində ideya “Azercell” tərəfindən qəbul edilərsə, ideya sahiblərinə təklif etdikləri ideyaların üzərində işləmək və onları inkişaf etdirmək üçün “Azercell”in yeni yaradılan “Barama” ofisində iş yeri ayrılacaq. İdeyalarının inkişaf etdirilməsi üzərində işlədikləri müddətdə iştirakçılara “Azercell” şirkəti tərəfindən aşağıdakı dəstək təmin ediləcək:

- “Barama” layihə ofisində iş yeri
- Zəruri əlaqə vasitələri və avadanlıq
- Yüksək sürətli internet, kompüter
- Müxtəlif peşəkar təlimlər
- “Azercell”in işçiləri tərəfindən Marketinq, Maliyyə, Hüquq, İT və digər sahələrdə texniki dəstək
- “Azercell”in Baş Müdirlik şöbəsinin əməkdaşlarından ibarət xüsusi komandanın peşəkar dəstəyi
- İdeyanı “Azercell” avadanlığı üzərində test etmək imkanı

Təklif edilən ideyanın mürəkkəbliliyindən asılı olaraq, iştirakçılara ideyalarını tam yetkin vəziyyətə çatdırmaları üçün müəyyən vaxt veriləcək. İdeya həyata keçirilmə üçün hazır olduqda, ideyanın müəllif hüquqları iştirakçının özündə qalacaq və bütün müvafiq (tətbiqi) hüquqi qanun və qaydalar nəzərə alınacaq. İştirakçılar müvafiq ideyalarının inkişaf etdirilməsini tamamladıqca layihəni tərk edəcək və boş yerlər yeni namizədlərə veriləcək. Nəticədə, ofisdə işlənən ideyaların davamlı olaraq yenilənməsi təmin ediləcək.

Beləliklə, insan yaradıcılığı və “Azercell”in zəngin bazar və sənaye təcrübəsini birləşdirməklə, dəyərli və yenilikçi ideyaların tədqiq olunması məqsədi daşıyan “Barama” layihəsi təkcə Azərbaycan Respublikasının telekommunikasiya sektoruna deyil, eyni zamanda onun sosial rifahına və iqtisadi inkişafına öz töhfəsini verəcək.

Xatırladaq ki, “Azercell Telekom” şirkəti Azərbaycan mobil rabitə bazarında 1996-cı ildən etibarən fəaliyyət göstərir və hazırda 3,5 milyon abunəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə