AZCON Holdinq şirkətlərindən olan AzInTelecom MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə olunmağa başlanılıb.
Süni intellekt həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturdan artıq bir sıra dövlət qurumları və aparıcı təşkilatlar yararlanır. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Milli Süni İntellekt Mərkəzi, ABB və digər qurumlar istifadə edir.
Superkompüter infrastrukturunda tətbiq olunan NVIDIA H200 GPU çipləri böyük həcmli məlumatların yüksək sürətlə emalına imkan yaradır və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlüklər təmin edir. Bu isə süni intellekt layihələrinin ölkə daxilində, xarici resurslardan asılı olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir. Hazırda “AzInTelecom” tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi və əlavə GPU resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.