“Azersky” peykinin təsvirlərinə dair keçirilən müsabiqənin nəticələri açıqlanıb

05-07-2019 / 09:48

“Azərkosmos” ASC növbəti dəfə 2019-2020-ci illər üzrə keçirdiyi “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib.

Xeberler.az AZƏRTAC-a istinadən bildirib ki, artıq dördüncü dəfə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd ötənilki müsabiqələrdə olduğu kimi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi-tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 18 təklif təqdim olunub.

Müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, “Azersky” peykindən alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib.

Qaliblərin adları iyulun 4-də “Azərkosmos”da keçirilən müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb. Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına cavab verən təkliflər qalib seçilib. İştirakçıların sorğusuna əsasən, “Azersky” peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə təmənnasız təqdim olunub.

Müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 12 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək. Qalib layihələrin hesabat sənədlərində əsasən, Azərbaycanın meşə resurslarının dinamikasının qiymətləndirilməsi, kənd təsərrüfatı bitkilərinin vəziyyətinin öyrənilməsi, dağlıq sahələrdə geoloji mühitin monitorinqi, çay daşqınlarının və onların fəsadlarının proqnozlaşdırılması, göllərin ekologiyası və dəyişmə dinamikası, neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin spektral xarakteristikaları, torpaq sürüşmələri ehtimalı olan sahələrin geodinamik aktivliyinin qiymətləndirilməsi və bu kimi digər məsələlərin “Azersky” peykindən əldə edilən təsvirlər vasitəsilə öyrənilməsi öz əksini tapacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə