“Blokçeyn Təlim Mərkəzi”ndə “CryptoA2Z” təlim proqramı keçirilib

28-04-2025 / 16:49
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və dünyanın aparıcı kriptovalyuta tədris platformalarından olan “Binance Academy”nin birgə təşkilatçılığı ilə “İnnovasiyalar Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “Blokçeyn Təlim Mərkəzi”ndə 3 günlük intensiv “CryptoA2Z” təlim proqramı keçirilib.
 
Xeberler.az bildirir ki, aprelin 25-dən 27-dək davam edən, kriptovalyuta və blokçeyn texnologiyalarına maraq göstərən, həmçinin bu sahəyə yeni başlayan şəxslər üçün nəzərdə tutulan təlimlərə ölkə üzrə qeydiyyatdan keçmiş 160-dan çox iştirakçı qatılıb.
 
Tədris proqramının əsas məqsədi Azərbaycanda kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində ictimai maarifləndirməni artırmaq, rəqəmsal maliyyə alətlərinin praktiki əhəmiyyətini nümayiş etdirmək və bu sahədə yerli və beynəlxalq əməkdaşlıq perspektivlərini gücləndirməkdir.
 
Təlim proqramı çərçivəsində iştirakçılara kriptovalyutanın yaranma tarixi, əsas anlayışları və blokçeyn texnologiyasının işləmə prinsipləri – o cümlədən desentralizasiya, şəbəkə strukturu və tranzaksiya prosesləri barədə ətraflı məlumat verilib. Proqramda həmçinin kripto təhlükəsizliyi, istifadəçi məlumatlarının qorunması yolları, eləcə də memkoinlər, DeFi (desentralizasiya olunmuş maliyyə), NFT və Web3 texnologiyaları ilə bağlı ilkin biliklər də əhatə olunub. Təlim iştirakçıları praktiki şəkildə kripto hesabların yaradılması və istifadəsi ilə tanış olub, kriptonun real həyatdakı tətbiq sahələri və iqtisadi imkanları ilə bağlı nümunələr üzərində işləyiblər. Eyni zamanda, proqramda bu sahədə karyera perspektivləri və innovativ startap imkanlarına dair faydalı istiqamətlər təqdim edilib.
 
Təlimlər interaktiv və praktiki yanaşma əsasında aparılıb. İştirakçılara kripto hesablar və tranzaksiya prosesləri barədə məlumat verilib, viktorinalar, oyunlar və sual-cavab sessiyaları təşkil edilib.
 
Proqramın sonunda aktiv iştirakçılar Binance şirkəti tərəfindən rəsmi sertifikat, xüsusi hədiyyələr və platformada depozit imkanları ilə təltif olunublar.
 
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə