“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək
ABŞ-ın «Cisco» şirkətinin Bakı ofisi bundan sonra şirkətin Şərqi Asiya regional qrupu tərəfindən idarə ediləcək. Bunu «Cisco»nun Şərqi Asiya regional qrupuna yeni baş menecer təyin edilmiş Ali Kuralkan bildirib.
A.Kuralkanın sözlərinə görə, Azərbaycan bu şirkət üçün mühüm rol oynadığından bundan sonra Qazaxıstan istisna olmaqla, Orta Asiya ölkələrinə məhz buradan xidmət göstəriləcək.
Azərbaycanı bu bölgədə regional mərkəzə çevirmək niyyətlərinin olduğunu deyən baş menecer qeyd edib ki, «Cisco» Azərbaycanda fəaliyyətini gücləndirəcək. Bu məqsədlə şirkət Bakı ofisini və Cisco Şəbəkə Akademiyasını genişləndirəcək, APA yazır.
A.Kuralkanın sözlərinə görə, hazırda Cisco Şəbəkə Akademiyasının Azərbaycanda 10 filialı var.
Akademiyanı genişləndirmək üçün bu yaxınlarda «Cisco» Türkiyədən Azərbaycana mütəxəssis də göndərəcək.
A.Kuralkan «Cisco»nun Azərbaycana yatıracağı investisiyanı artıracağını da söyləyib. Baş menecerin dediyinə görə, yeni investisiyalar əsasən Azərbaycanda mütəxəssislərin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına yönəldiləcək.