"e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində təqdimat keçirilib

31-10-2024 / 13:13

Bu gün Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib.

Xeberler.az məlumat verir ki, Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək mədəniyyət sahəsində rəqəmsallaşma siyasəti haqqında söz açıb. O qeyd edib ki, qarşıdakı 3 ildə 10 prioritet istiqamətdə 100-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub:

"Artıq "e-Culture" rəqəmsal idarəetmə modelinin icrasına başlanılıb. Hazırda ənənəvi mədəniyyət formatı getdikcə dəyişir. Ölkəmizin sosial-iqtisadi sisteminin prioritetinə çevrilmiş rəqəmsallaşdırma mədəniyyətin də ayrılmaz hissəsinə çevrilib".

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov nazirliyin “e-Culture” rəqəmsal inkişaf strategiyası”nın icrası haqqında danışıb. O qeyd edib ki, 2 il ərzində kağızdan imtina etməyi, bütün sahələrdə rəqəmsallaşdırmanı həyata keçirməyi planlaşdırıblar:

"Hazırda artıq biz yeni saytın və resursların formalaşmasında işlərə başlamışıq. 1 il ərzində 3 internet informasiya ehtiyatı təkmilləşdirilib, 10 proqram təminatı hazırlanıb. 2025-2026-cı illərdə vahid mədəniyyət reyestri formalaşdıracağıq".

Vurğulanıb ki, İT parkın və şəbəkə təhlükəsizliyinin auditi aparılıb. Şəbəkə və kibertəhlükəsizlik arxitekturası işlənilib. Müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal analitik təhlillərin aparılması təmin edilib. Milli domen zonası üzrə 20 domen adı vahid inzibatlaşma siyasəti çərçivəsindən, xarici domen zonaları üzrə 7 domen nazirliyin domen hesabına keçirilib. Müxtəlif klasterlər və modullar üzrə hüquqi baza təhlil edilib. “İMES.culture.az” resursunun kodları və data bazası “Ultra” şirkətindən götürülüb. Bakı şəhəri üzrə 37 musiqi məktəbindən İMES Reyestrdə işləmək üçün məsul şəxslər (57 müəllim) müəyyənləşdirilib. Mədəniyyət Nazirliyinin 40-dan çox informasiya resursu audit olunub. Nazirliyin iki fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatına alınması təmin edilib. Eləcə də ölkə üzrə informasiya sistemlərinə inteqrasiya və “Hökumət Buludu”na keçid təmin olunub. Bundan əlavə, daxili idarəetmənin rəqəmsallaşması da həyata keçirilib.

Hazırda Mədəniyyət Nazirliyinin ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bundan başqa, Bakı şəhəri üzrə 13 mədəniyyət müəssisəsi və 30 incəsənət məktəbində ödənişli tədris və dərnəklərin qeydiyyatı, ödənişlərin onlayn həyata keçirilməsi təmin edilib. 11 xidmətin biznes modeli qurulub, texniki tapşırığı hazırlanıb. 6 xidmət elektronlaşdırılıb, hazırda test mərhələsindədir.

Bildirilib ki, strategiyanın əhatə etdiyi dövr ərzində Mədəniyyət Nazirliyində vahid “Elektron Kabinet” sisteminin tətbiqi və bütün aidiyyəti resursların bu kabinetə inteqrasiyası, mədəniyyət sahəsində bütün müvafiq klasterlər üzrə, eləcə də onlayn biletlərin təmin edilməsi, Mədəniyyət Nazirliyinin fərdi məlumatlar toplanan və işlənən bütün informasiya sistemlərinin “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə daxil edilməsi və s. hədəflərə nail olunması nəzərdə tutulur.

Mədəniyyət Nazirliyinin “Facebook” sosial şəbəkə platformasında rəsmi hesabının tanıdılması (“Blue tick”) təmin edilib. Elektron imza sertifikatları ilə bağlı Milli Sertifikat Xidmətləri Mərkəzinə (MSXM) müraciət edilib və vahid reyestr yaradılıb. Pilot layihə olaraq Rəşid Behbudov adına 2 nömrəli 11 illik Uşaq Musiqi Məktəbində tətbiq edilib.

Qeyd edilib ki, rəqəmsal idarəetmə sahəsində fəaliyyətin təşkilinin və əlaqələndirmənin həyata keçirilməsinin xüsusi əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən mədəniyyət sektorunda təhlillər aparılıb, mədəniyyətin rəqəmsallaşdırılması istiqamətində yerli və beynəlxalq təcrübə öyrənilib, mövcud vəziyyətin və beynəlxalq təcrübənin təhlili ilə məqsədlər, prioritet istiqamətlər, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq modullar müəyyənləşdirilib. Klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture” matrisi” formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, İşçi qrupu tərəfindən “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” (2024–2026-cı illər) hazırlanaraq təsdiq edilib.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova nazirliyin rəsmi saytı (“culture.gov.az”) barədə məlumat verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə