Elektron imzanın populyarlığını artırmaq üçün elektron imza tələb edən xidmətlərin sayı artırılmalıdır.
Elektron imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
Məlumdur ki, uzun müddətdir Azərbaycan vətəndaşları elektron imza vəsiqəsini internet üzərindən ala bilirlər. Bunun üçün elektron ərizə formasındakı suallara cavab vermək və onlayn qaydada ödəniş etməklə, elektron imza kartını sifariş etmək mümkündür.
Lakin vətəndaşların əksəriyyəti elektron imza vəsiqəsini nə məqsədlə istifadə etmək lazım olduğunu, necə almalı olduqlarını bilmirlər.
Qeyd olunan yeniliklər və digər məsələlər barədə əlavə məlumatlar almaq üçün elə “Elektron imza” layihəsinin rəhbəri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi Nadir Rəsulovla əlaqə saxladıq. O, öncə qeyd elədi ki, elektron imza şəxsiyyət vəsiqəsini əvəzləyən və şəxsiyyətin kimliyini təsdiq edən bir sənəddir: “Elektron imza təkcə vətəndaşlar üçün deyil, həm də dövlət işçiləri üçün çox aktual məsələdir. Bu həm də informasiya təhlükəsizliyini təmin edən bir vasitədir”.
Elektron imza regionlarda da veriləcək.
O, bildirdi ki, gələcəkdə bu proses öyrəniləcək və effektli olarsa, xidmət bütün regionlardakı qeydiyyat mərkəzlərinə də şamil olunacaq: “Nəticədə elektron imza üçün regiondan müraciət edənlər, məhsulu götürmək üçün Bakıya gəlməsinə ehtiyac qalmayacaq”.
Müşahidələrimiz əsasənda deyə bilərik ki, vətəndaşların elektron imza kartından istifadə etməmələrinin daha bir səbəbi isə kartın qiyməti ilə bağlıdır.
Məlumdur ki, “Elektron imza” “Elektron hökumət”in tərkib hissələrindən biridir. Bir çox sənədləşmə işləri artıq elektron imza ilə aparılır. Ona görə də bu imzanın neçəyə başa gəlməsi yəqin ki, sahibkar, hüquqi və fiziki şəx, həmçinin vətəndaşların marağındadır. Xatırladaq ki, burada 3 tarif var: “Elektron imza” kartı əhali üçün 18 AZN-ə başa gəlir. Kart 3 illik istifadə üçün nəzərdə tutulub. Bu müddətdə bərabər hüquqlarla məlumatları imzalaya bilərlər. Nəzərə almaq lazımdır ki, dövlət hakimiyyəti orqanları üçün onun qiyməti 80 manat, hüquqi şəxslər üçün 72, fiziki şəxslər üçün isə 36 manatdır”.
Fiziki şəxlər üçün kart oxuyucu qurğusunun qiyməti 13 AZN-dir. Qeyd edək ki, kart oxuyucu qurğusu olmadan e-imza kartından istifadə etmək mümkün deyil. Kart oxuyucu qurğusunu E-imza sertifikatı ilə birlikdə onlayn sifariş etmək də mümkündür.
Elektron imza sertifikatı almaq üçün e-ərizə ilə müraciət e-xidməti elektron imza sertifikatları alan zaman vaxtınızdan səmərəli istifadə etmək üçün Qeydiyyat Mərkəzlərinə getmədən vətəndaşların birbaşa internet üzərindən müraciət edə bilmələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, elektron-imzanın əldə olunması barədə ətraflı məlumatları “e-imza.az” saytından da əldə edə bilərsiniz.
İstifadəçilərin elektron imza kartından istifadə zamanı yaranan problemləri və bunun həlli üçün irəli sürülən təklifləri və bununla bağlı digər məsələləri fiziki şəxs kimi Ağasəf Haqverdiyevlə danışdıq.
O bildirdi ki, Vətəndaş haqqında Tələbə-məzun dövlət elektron məlumat sistemindən çıxarış, Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış, Vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayış, FİN-ə görə fərdi məlumatların axtarışı, Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış kimi xidmətlərdən istifadə edir:
“Heç bir çətinlik olmadı və məlumatlarım hamısı tam doğrudur. Ancaq gömrüklə bağlı mənim idxal ixrac əməliyyatlarımda imzamda Möhür vurma səlahiyyətim olmadığından istifadə edə bilmədim.
Fiziki şəxs kimi Ağasəf Haqverdiyev Çağırış məntəqəsinə təhkim edilmə haqqında məlumatla bağlı xidmət olmasını irəli sürdü.
O, imzadan istifadənin populyarlaşmamasının səbəbini yaranan problemlərin həll olunmamasında və dolayı yolla kartın istifadəsinə marağın azalmasında gördüyünü bildirdi:
“Bəzi xidmətlərdə brauzerdə blok xidməti olduğundan istifadə etmək olmur. Bununla bağlı tədbir görülsə yaxşı olar. Bundan əlavə Google Chrome brauzeri ilə elektron imzanın autentifikasiyasında yəni portal girişdə heç bir problem yaşamadım. Ancaq Edge və Firefox brauzerlərində e-imza vasitəsi ilə sistemə daxil ola bilmədim”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz elektron imzanın populyarlaşmamasının səbəblərini Xeberler.az-la bölüşdü.
O, bildirdi ki, elektron imzanın populyarlaşmamasının başlıca səbəbi elektron imzanın bir qədər spesifik texnologiyaya sahib olmasıdır ki, hər kəs tərəfindən istifadəsi bir o qədər asan deyil.
Osman Gündüz imzanın populyarlaşması üçün bir neçə təklif də irəli sürdü:
“İlk növbədə Elektron imzanın populyarlaşması üçün istifadəsində rahatlığa və prosedurların çox olmamasına önəm verilməlidir”.
Elektron imza almaq əməliyyatı asanlaşdırılmalıdır
Osman Gündüz vacib məqama toxunub. O, bildirib ki, elektron imzadan istifadənin ən rahat yolu müəyyənləşdirilməlidir:
“Avadanlıq, mobillik, proqram təminatı ilə bağlı məsələlərdə olan bir sıra məqamlar vətəndaş üçün asanlaşdırıla bilər”, deyə o vurğulayıb.
Azərbaycan İnternet Forumunun prezidenti elektron imzanın populyarlığını artırmaq üçün elektron imza tələb edən xidmətlərin sayının artırılmasını vacib hesab edir. Onun sözlərinə görə, vətəndaş əmin olmalıdır ki, elə bir xidmət var ki, onda elektron imza olarsa əməliyyatı adi qaydadan daha tez həll edə bilər.
“Hazırda elektron imza ilə verilən xidmətlərin sayı yetərli deyil. Xidmətlərin istifadəni çoxaltmaq və daha da populyarlaşdırmaq üçün elektron imzanı vətəndaşlar üçün pulsuz etmək də fayda var”, deyə o diqqətə çatdırıb.
Ekspert elektron imzanın ən çox lazım olduğu sahələrdən birinin də notariuslar olduğunu dilə gətirib:
“Düşünürəm ki, notariusların bu sistemə tam qoşulması, insanların evdən, ofisdən natarius sisteminə daxil olub elektron imzasından istifadə etməsi vətəndaşın işini asanlaşdırar. Demək olar ki, bütün imza proseduraları notariuslarda həyata keçirilir. Notariuslar Elektron Hökümət portalına inteqrasiya olunarsa vətəndaş elektron imza vasitəsilə heç yerə getmədən elektron qaydada əməliyyatları yerinə yetirə bilər. Və bununla da elektron imza ilə vətəndaşa ən çox lazım olan xidmətlərdən biri daha tez və asan həyata keçirilə bilər”.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri