Elektron sənədlərlə bağlı kargüzarlıq yeni mühit yaradacaq

22-07-2015 / 14:30

Prezident İlham Əliyev “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr  tarixli  935 nömrəli Fərmana dəyişikliklər edilməsi haqqında yeni bir Fərman imzalayıb.

Xeberler.az-ın verdiyi məlumata görə, əsas dəyişikliklərdən biri də “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri” adlı yeni bir bölmənin Təlimata əlavə olunmasıdır.

Yeni qaydalarda elektron kargüzarlıqla bağlı bir sıra bəndlər əlavə olunub, elektron formada kargüzarlıqla bağlı yeni tələblər və standartlar müəyyən olunub. Məlum olduğu kimi hazırda Elektron Hökumət portalı tərəfindən elektron sənədlərin, elektron arayışların hazırlanması istiqamətində də ciddi addımlar atılır. Lakin elektron arayışların bütün dövlət qurumları tərəfindən tanınması sahəsində müəyyən problemlər vardı.

Yeni dəyişikliklərin bu sahəyə necə təsir edəcəyini örənmək üçün, ümumiyyətlə, bu sahəyə  aydınlıq gətirmək üçün  Elektron Hökumət portalının operatoru- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əlaqə saxladıq.

Elektron Hökumət portalının operatorundan Xeberler.az-a verilən məlumata görə, qəbul edilən dəyişikliklər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Bu qaydalar kargüzarlıqda yeni bir mərhələnin başlanğıcını qoyur. Qaydalar xüsusilə də elektron formada sənədlərin tanınmasında mühüm rol oynayacaq.

Qurumdan verilən məlumata görə, adıçəkilən Təlimatda diqqət çəkən əsas bəndlərdən biri də  aşağıdakıdır :

-Elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində aşağıdakıları özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir:

- təşkilatın tam adı;

- təşkilatın hüquqi ünvanı;

- elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat tarixi.

Operatordan Xeberler.az-a verilən məlumatda bildirilir ki, bu bəndin önəmli əhəmiyyəti ondan ibarətdir ki, bu vaxtadək elektron sənədlər (hətta elektron imza ilə imzalanmış sənədlər belə) çap edildikdə həmin sənədin kağız variantında sənədin kim tərəfindən, nə vaxt imzalanması, təsdiq olunması  və s. barədə məlumatlar öz əksini tapmırdı.

“Yeni qaydaların tətbiqindən sonra isə elektron sənədlərin çap edilərək kağız şəklində aidiyyatı qurumlara təqdim edilməsi də mümkün olacaq”, - deyə məlumatda vurğulanıb.

Xeberler.az olaraq qəbul edilən yeni qaydaların gələcəkdə yaradacağı əhəmiyyətlər barədə də maraqlandıq.

Elektron hökumət operatorundan bildirilib ki, kargüzarlıqla bağlı yeni qaydalar elektron sənəd dövriyyəsinin genişlənməsinə təkan verəcək və bununla da qurumlar arasında məlumat mübadiləsinin sürətlənməsinə, yazışmaların daha operativ şəkildə həyata keçirilməsinə imkan yaranacaq və əlavə vaxt itkilərinin qarşısı alınacaq. 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə