Hökumət facebook-dan nə istəyir?

08-05-2013 / 12:11
Hökumət facebook-dan nə istəyir?

Osman Gündüz: “Burada qeyri-iqtisadi faktorlar rol oynayır”
Mehman Əliyev: “Bu ölkədə hətta sosial şəbəkəyə də qadağa qoyula bilər”
80 dəfə baxılıb

May ayının 4-də ölkənin iki mobil operatoru - “Bakcell” və “Azercell” facebook dan pulsuz istifadə imkanı verən xidmətlərini dayandırıblar. Səhər saatlarında hər iki mobil operatorun abonentlərinin telefon aparatına aşağıdakı məzmunda mesaj göndərilib: “Hörmətli abunəçi ”0 facebook" xidməti bu gündən etibarən texniki səbəblərə görə müvəqqəti olaraq dayandırılacaqdır. Açıldığı vaxt sizə məlumat veriləcək".

Göründüyü kimi, hər iki şirkət bunu texniki problemlərlə əlaqələndirir. Ancaq şirkətləri bu addımı eyni vaxtda, sözləşiblərmiş kimi atması şübhələrə yol açır və ortaya çıxarır ki, bu xidmətin dayandırılması “texniki səbəblərə görə” deyil. Hər kəsin ağlına gələn ilk fikir məsələnin arxasında siyasi məqsədlərin durmasıdır. Çünki hökumət nümayəndələri son dövrlər sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı açıqlamalarla çıxış edirlər. Müzakirələrin getdiyi bir vaxtda hər iki şirkətin abunəçilərinə pulsuz facebook xidməti göstərməkdən imtina etməsi “anlaşılandır”.
Maraqlıdır, bu, istehlakçı hüquqlarının pozulması kimi dəyərləndirilə bilərmi? Azad sözə basqı daha hansı formada davam edə bilər?

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, buna istehlakçı hüquqlarının pozulması kimi yanaşmaq doğru deyil. Onun fikrincə, bir kommersiya qurumunun hansısa pulsuz xidmət göstərməsi, daha sonra onu ödənişli etməsi mümkündür: “Hesab edək ki, müəyyən xərclər ola bilər və həmin xidmətləri sonradan pulluya çeviriblər. Amma hər iki şirkətin bunu eyni vaxtda etməsi son dövrlərdəki facebook müzakirələri fonunda çox düşündürücüdür. Məntiqlə belə olmamalı idi. Digər bir tərəfdən, bu yaxınlarda mobil operatorların nömrə daşınması olmalıdır. Yəni abonent mobil operatoru dəyişəndə nömrəsini dəyişməyəcək. Bu fondan yanaşanda mobil operatorları ciddi rəqabət gözləyir. Odur ki, onların hazırda bu cür xidmətləri ləğv etmələri məntiqli deyil. Əksinə, əlavə, ucuz və pulsuz bəzi xidmətlər verməliydilər ki, müştərini özlərində saxlasınlar".

O.Gündüz hesab edir ki, bu qərarın verilməsində qeyri-iqtisadi faktorlar rol oynayır. Onun sözlərinə görə, nömrə dəyişmə mərhələsinə çatanda abonent daha ucuz, daha çox xidmət göstərən, yüksək keyfiyyəti olan operatora müraciət edəcək: “Türkiyədə bu proses başlananda bir operatordan cəmi bir gün ərzində 40 min adam çıxmışdı. Demək ki, operatorlar əvvəldən buna hazırlaşırlar, xidmətlər əlavə edilir. Azərbaycanda isə bunun əksi baş verir”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Azərbaycan hakimiyyəti qeyri-analoji hakimiyyət olduğu üçün onun hətta ölkədə sosial şəbəkələrə qadağa qoyması da mümkündür. Müsahibimizin sözlərinə görə, iqtidar hər şeyə gedə bilər: “Bunlar əsəbi, impulsiv qərarlar və təkliflərdir. Amma digər tərəfdən, hakimiyyət internetə xeyli vəsait buraxır - qondarma saytlar, facebook-da iqtidara dəstək qrupları yaradır. Proses isə onu göstərir ki, heç nə alınmır. Hər şey iflasa uğrayır. İnformasiya və polemika sahəsində aparılan iş uğursuzdur. Bunu boyunlarına götürüblər, amma öhdəsindən gələ bilmirlər".

M.Əliyev hakimiyyətin sosial şəbəkələri bağlamaq xəttini tutacağını istisna etməsə də, bunun effektinə inanmır: “Proseslər göstərir ki, bunu etsələr də, heç nə fayda verməyəcək. Əksinə, alternativ fikrə və sözə dözümsüzlüklərini bir daha sübut edəcəklər”.(musavat.com)

Sevinc TELMANQIZI

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə