Telekommunikasiya Azərbaycanda ən sürətli sabit şəbəkəyə çevrilib

11-03-2025 / 09:03

“Online Azerbaijan” layihəsini və bütün ölkəni təbrik edirəm. Mən rəqəmləri görürəm və onlar göstərir ki, telekommunikasiya Azərbaycanda ən sürətli sabit şəbəkəyə çevrilib. Bu, təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə, telekommunikasiya sahəsi və layihənin faydaları baxımından da yaxşı göstəricilərdir. Mən indicə “Ookla” qlobal test saytını yoxladım. Ölkə üzrə internetin sürəti ötən illə müqayisədə iki dəfə artıb. Ölkənin reytinqi təxminən 30 pillə yüksəlib.

Xeberler.az məlumat verir ki, bunu “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə şəbəkələşmə departamentinin baş memarı Tsao Yu “Rəqəmsallaşmanın yeni mərhələsi” adlı tədbirin panel sessiyasında çıxışı zamanı söyləyib.

“Hesab edirəm ki, fiber-optik rabitə infrastrukturu əslində rəqəmsal dövrün yüksək sürətli magistralıdır. Azərbaycan isə bu infrastrukturun tətbiqi üçün dünyada və regionda ən yaxşı sistemlərdən birini qurub. Dünyada, eləcə də Yaxın Şərq və Mərkəzi Asiyada baş verən hadisələri izləyən Huawei nümayəndəsi kimi düşünürük ki, hər bir uğurlu layihə üç əsas hissədən ibarətdir: siyasət, biznes və şəbəkə. Siyasət baxımından Azərbaycanla "Aztelekom" və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən birgə onlayn layihələrimiz var.

Biznes baxımından, "Online Azerbaijan" layihəsi çərçivəsində GPON texnologiyasının ölkə üzrə 100% tətbiq edilməsi bizi çox sevindirir. Əslində, texniki təminat və biznes paralel şəkildə inkişaf etməlidir. Mən düşünürəm ki, növbəti addım fiber-optik hissəyə daha çox xidmətlərin, məsələn, GPON OLT texnologiyasının əlavə edilməsi olacaq. Burada izlədiyim videolarda insanlar "Online Azerbaijan" layihəsinin onların həyatına necə müsbət təsir göstərdiyini paylaşırdılar. Layihə çərçivəsində kənd təsərrüfatı sahəsində fermerlərə dəstək, təhsil sektorunda müəllimlərə kömək və bu cür xidmətlər üçün geniş imkanların yaradılması insanlarda məmnunluq hissi yaradıb.

Üçüncü vacib məqam şəbəkədir. Hesab edirəm ki, uğurlu şəbəkə yaratmaq üçün geniş əhatə dairəsi, sürətli bağlantı və dörd xidmət lazımdır.

Geniş əhatə dairəsi baxımından, fikrimcə, şəbəkə qurularkən 100 faizlik əhatəliliyin təmin edilməsi çox vacibdir. Bu, fiber-optik ev bağlantılarının reallaşdırılması üçün əsas şərtdir. Bu o deməkdir ki, gələcəkdə, məsələn, 100 evə internet xidməti ilə təmin ediləcəksə, o zaman həmin ərazi üçün əvvəlcədən 100 port hazırlanmalıdır.

Bu, böyük investisiya tələb edir. İnfrastruktur ən azı 20-30 il müddətinə hazır olmalıdır. Odur ki, ilkin mərhələdə geniş əhatə dairəsinin yaradılması çox önəmlidir.

Qısa qoşulma məsafəsi o deməkdir ki, serverdən son istifadəçiyə qədər olan məsafə 30-50 metrdən az olmalıdır. Əgər bir ev və ya müəssisə internet xidmətlərini aktivləşdirmək istəyirsə, bu, 1-2 saat ərzində həyata keçirilməlidir.

Səudiyyə Ərəbistanında internet xidmətinə qoşulma prosesi maksimum bir saat çəkir. Beləliklə də istər ev, istərsə də müəssisə üçün fiber-optik internet xidmətləri qısa vaxt ərzində aktiv olur.

Sonuncu məqam xidmətlərin keyfiyyətidir. Yəni, sürətli fiber-optik internet yalnız evlər üçün deyil, həmçinin müəssisələr və bütün rəqəmsal istifadəçilər üçün əlçatan olmalıdır. Ona görə də fiber-optik internet xidmətləri təklif etməyi planlaşdırarkən, bu dörd əsas prinsip əvvəldən nəzərə alınmalıdır. Sürətli fiber-optik internet təkcə ev təsərrüfatları deyil, müəssisələr və hətta simsiz kosmik stansiyalar üçün də əlçatan olmalıdır", – deyə o, vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə