İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiq edildi

15-06-2019 / 11:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanının 5.3-cü bəndinin icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 367; 2014, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 10, maddə 1632; 2017, № 8, maddə 1521) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydadan irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2019-cu il.


Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 14 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir
 

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiyalar Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Agentliyin vəsaiti Azərbaycan Respublikasında innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, ölkə daxilində və xaricində innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi və innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsi, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) ilə maliyyələşdirilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahələrinə yönəldilir.

2. Vəsaitdən istifadə formaları

2.1. Agentliyin vəsaitinin istifadəsi aşağıdakı formalarda həyata keçirilir:

2.1.1. investisiyalar;

2.1.2. güzəştli kreditlər;

2.1.3. qrantlar;

2.1.4. Nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq digər formada maliyyələşmə.

2.2. Hər bir istifadə forması üzrə ümumi prinsiplər bu Qayda ilə müəyyən edilir.

3. İnvestisiya maliyyələşməsi

3.1. İnvestisiya maliyyələşməsi aşağıdakı formalarda təmin edilir:

3.1.1. hüquqi şəxsin nizamnamə kapitalına sərmayə qoyuluşu;

3.1.2. hüquqi şəxsin səhmlərinin və ya digər qiymətli kağızlarının əldə edilməsi;

3.1.3. innovativ layihələrin (o cümlədən startapların) vençur maliyyələşməsi.

3.2. Bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş investisiya maliyyələşməsi Agentlik ilə hüquqi şəxs arasında bağlanmış və forması İdarə Heyəti tərəfindən müəyyənləşdirilən müqavilə əsasında həyata keçirilir.

3.3. Agentliyin hüquqi şəxsin nizamnamə kapitalına sərmayə qoyuluşu barədə qərarı iştirak payı təklif edilən hüquqi şəxsin fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes planının təhlili və onun təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduqları təcrübə və əldə etdiyi nəticələr əsasında qəbul edilir.

3.4. Agentlik sərmayə qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında üstün iştirak payına malik olmamalıdır.

3.5. Agentlik hüquqi şəxsin investisiya maliyyələşməsi üzrə əldə etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq, kommersiya təşkilatındakı iştirak payına İdarə Heyətinin qərarı əsasında xitam verə bilər.

3.6. Agentliyin investisiya fəaliyyəti ilə bağlı aşağıdakı qaydalar Nazirlik tərəfindən təsdiq edilir:

3.6.1. investisiya qoyuluşu qaydası;

3.6.2. innovativ layihələrin (o cümlədən startapların) vençur maliyyələşməsi qaydası.

4. Güzəştli kreditlərin verilməsi

4.1. Agentliyin vəsaitindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin (bundan sonra – kredit) verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.

4.2. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziya verdiyi kredit təşkilatları Nazirlik tərəfindən müvəkkil kredit təşkilatlarının seçilməsi meyarlarına uyğun olaraq təyin edilir və kreditlərin verilməsində iştirak edir.

4.3. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Agentliyə müvafiq məlumatı təqdim edir.

4.4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Agentliyin vəsaitinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində il ərzində baş verən dəyişikliklər barədə məlumatı mütəmadi olaraq Agentliyə təqdim edir.

4.5. Müvəkkil kredit təşkilatları ilə Agentlik arasında vəsaitin ayrılması şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Kredit vəsaiti müqavilənin şərtlərindən asılı olaraq sahibkarlara tam və ya mərhələli şəkildə verilir.

4.6. Kredit vəsaiti müvafiq olaraq bu Qaydanın 4.12-ci və 4.15-ci bəndlərində göstərilən həcmdə və müddətə verilir.

4.7. Müvəkkil kredit təşkilatlarına kreditlərin verilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

4.7.1. müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 (yüz) faizinədək ola bilər;

4.7.2. müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borcu (bu Qaydanın 4.18-ci bəndinin şərtləri nəzərə alınmaqla) və hesablanmış faizləri hər ay üzrə növbəti ayın ilk 3 (üç) bank günündən gec olmayaraq Agentliyə ödəməlidirlər;

4.7.3. müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində penya ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Agentlik vəsaitlərin qaytarılması üçün tədbirlər görür;

4.7.4. müvəkkil kredit təşkilatlarının sahibkarlıq subyektlərindən qanunvericiliklə və İdarə Heyəti tərəfindən müəyyən olunmuş şərtlərdən başqa digər şərtləri (əlavə faizlərin ödənilməsi və s.) tələb etməsi barədə şikayətlərə İdarə Heyəti baxır və belə faktlar təsdiq olunduğu təqdirdə İdarə Heyəti müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.

4.8. Kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Agentliyin müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər, müsabiqə şərtləri, həmçinin qiymətləndirilmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi, yaxud maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Agentliyin müəyyən etdiyi məlumatları və sənədləri Agentliyə təqdim edir.

4.9. Agentlik 10 (on) bank günü müddətində Agentliyin vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, Agentlik müraciətlərin təmin olunması, yaxud ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

4.10. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Agentliyə sifariş göndərir. Müvəkkil kredit təşkilatının sifarişi əsasında Agentlik 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə, həmçinin sahibkarlıq subyektinə məlumat verir.

4.11. Müvəkkil kredit təşkilatları Agentliyin vəsaiti hesabına verilən kreditlərdən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında məlumatları hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Agentliyə təqdim edir. Təqdim olunacaq məlumatın formasını Agentlik müəyyənləşdirir.

4.12. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaitindən aşağıdakı hədlərdə kredit vəsaiti verilir:

4.12.1. 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;

4.12.2. 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;

4.12.3. 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.

4.13. Agentliyin vəsaiti hesabına hər bir sahibkarlıq subyektinə verilən kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

4.14. Agentlik bu Qaydanın 4.12.2-ci və 4.12.3-cü yarımbəndlərində göstərilən həcmdə kreditlərin verilməsini Nazirliklə razılaşdırmaqla həyata keçirir.

4.15. Agentliyin kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

4.15.1. kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək;

4.15.2. ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək;

4.15.3. böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək.

4.16. Agentliyin kreditlərinin illik faiz dərəcəsi 1 (bir) faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərti ilə, ümumilikdə kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir.

4.17. Agentliyin büdcə vəsaiti istisna olmaqla digər mənbələrdən cəlb etdiyi vəsaitə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla, bu Qaydanın 4.16-cı bəndi tətbiq edilir.

4.18. Kreditlərdən istifadə üzrə güzəşt müddəti kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü (böyükhəcmli kreditlərdə 3 (üç) ildən çox olmamaqla) əhatə edir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Agentliyə məlumat verməlidirlər.

4.19. Sahibkarlıq subyektləri aldıqları kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə hər ayın son iş gününədək hesablanıb ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri yaxud əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) bank günündən gec olmayaraq Agentliyin xəzinə hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Agentliyin xəzinə hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 4.7.3-cü yarımbəndinə uyğun olaraq penya ödəyirlər. Gecikdirmə 30 (otuz) bank günündən çox olarsa, İdarə Heyəti müvəkkil kredit təşkilatına yeni vəsaitin ayrılmasını buna əsaslar aradan qaldırılana qədər dayandırır və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxarır.

4.20. Agentlik sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi müddəti ilə müvəkkil kredit təşkilatlarının Agentliyə köçürməsi müddətinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil kredit təşkilatında yoxlama aparan zaman bu məsələni də araşdırır və Agentliyə məlumat verir.

4.21. Sahibkarlıq subyektlərinin vəsaiti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Agentlik qarşısındakı öhdəliklərdən azad etmir.

4.22. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı kreditlərin qaytarılmasını bu Qaydanın 4.19-cu bəndinə uyğun olaraq, bu məqsədlə təyin olunmuş səlahiyyətli orqan həyata keçirir.

4.23. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, İdarə Heyəti sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.

4.24. Agentliyin kreditlər verməsi ilə bağlı aşağıdakı sənədləri Nazirlik təsdiq edir:

4.24.1. müvəkkil kredit təşkilatlarının seçilməsi meyarları;

4.24.2. kreditlərin verilməsi qaydası.

5. Qrant maliyyələşməsi

5.1. Agentlik fiziki və hüquqi şəxslərin qrant maliyyələşməsini müsabiqə əsasında həyata keçirir.

5.2. Müsabiqə üzrə müraciətlərin qəbulunu, ilkin təhlilini, müstəqil ekspertlərin seçilməsini Agentlik həyata keçirir. Hər bir müsabiqənin keçirilməsi, müsabiqə üzrə müraciətlərin qəbulu müddətlərini, həmçinin prioritet istiqamətləri İdarə Heyəti müəyyən edir.

5.3. Müsabiqədə iştirak üçün hər bir fiziki və ya hüquqi şəxs Agentliyə müraciət etməlidir.

5.4. Agentlikdə müsabiqəyə təqdim edilmiş layihələrin ilkin ekspertizası keçirilir.

5.5. Layihələrin ilkin ekspertizası 15 (on beş) iş günü müddətində keçirilir, ilkin ekspertizanın nəticələri sistemləşdirilir və qərar qəbul edilir. İlkin ekspertizadan keçən layihələr müstəqil ekspertlər qiymətləndirməsi üçün kompleks ekspertiza mərhələsinə keçir.

5.6. Müstəqil ekspertlər hər bir layihə üzrə 20 (iyirmi) iş günü müddətində ekspertiza keçirir və ekspertizanın nəticəsini özündə əks etdirən rəyi Agentliyə təqdim edirlər.

5.7. Kompleks ekspertizadan müsbət rəy almış layihələrin maliyyələşməsi ilə bağlı qərarı İdarə Heyəti qəbul edir.

5.8. Layihələrin maliyyələşdirilməsi Agentliklə müsabiqənin qalibi arasında bağlanmış qrant müqaviləsi əsasında həyata keçirilir.

5.9. Hər bir qalib layihə üzrə qrant ödənişlərinin mərhələlərini və nisbətlərini İdarə Heyəti müəyyən edir.

5.10. Qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydasını Nazirlik təsdiq edir.

6. Digər maliyyələşmə istiqamətləri

6.1. Agentlik Nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq digər formada maliyyələşməni aşağıdakılar üzrə aparır:

6.1.1. yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili;

6.1.2. innovasiyayönümlü elmi tədqiqatlar, innovativ ideya və layihələrin (o cümlədən startapların) həyata keçirilməsi ilə bağlı tədbirlərdə qaliblərin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi;

6.1.3. dövlət-özəl tərəfdaşlıq layihələrinin həyata keçirilməsi;

6.1.4. innovasiya infrastrukturunun əsas elementləri olan fondların, texnologiyalar parklarının, inkubatorların, innovasiya mərkəzlərinin, tədqiqat və araşdırma mərkəzlərinin, laboratoriyaların, texnologiya və biliklər transferi mərkəzlərinin və digər təsisatların yaradılmasının maliyyələşdirilməsi və onların fəaliyyətində iştirak;

6.1.5. robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalı, təhlili və ötürülməsinə, açıq məlumatlara, süni intellektə əsaslanan həllərin dəstəklənməsi;

6.1.6. müsabiqə yolu ilə yeni nəsil innovatorların yetişdirilməsi, onların (o cümlədən gənclərin) təcrübə və tədqiqat bacarıqlarının yüksəldilməsi məqsədilə müddətli, tam və ya qismən maliyyələşdirilən fərdi proqramların dəstəklənməsi;

6.1.7. innovativ layihələr çərçivəsində elmi araşdırmaların həyata keçirilməsi ilə əlaqədar təqaüd proqramlarının təşkili;

6.1.8. ali təhsil müəssisələrinin elmi tədqiqat infrastrukturunun formalaşmasının tam və ya qismən maliyyələşdirilməsi;

6.1.9. innovativ layihələr (o cümlədən startaplar), innovativ məhsul və xidmətlər üzrə əqli mülkiyyət hüquqlarının qorunması və əldə edilməsinin dəstəklənməsi;

6.1.10. innovativ ideyaların patentləşdirilməsinin və əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatının dəstəklənməsi;

6.1.11. xarici istedadlı innovatorların və yüksək potensialı olan innovativ ideya sahiblərinin, innovativ tədqiqatçıların ölkəyə cəlb edilməsi;

6.1.12. innovativ layihələrin icrası məqsədilə yüksək texnoloji infrastrukturun əldə edilməsi və yüksəkixtisaslı işçi heyətinin cəlb edilməsi;

6.1.13. innovativ layihələr, texnologiyalar, xidmətlər, maliyyələşdirilmiş elmi tədqiqatlar barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin yerli və beynəlxalq təşkilatlarla, vətəndaş cəmiyyəti institutları ilə birgə və ya onların cəlb edilməsi ilə innovasiya həftəsi, forum, konfrans, seminar, treninq, təlim və digər tədbirlərin təşkili;

6.1.14. innovatorların və innovasiyalara maraq göstərən könüllülərin cəmiyyətin bütün sahələrində fəal iştirakına şəraitin yaradılması, onların (o cümlədən gənclərin) yaradıcı və innovativ potensialının üzə çıxarılması üçün tədbirlərin keçirilməsi;

6.1.15. innovasiya fəaliyyətinə başlayan şəxslər və startaplar üçün ilkin zəruri infrastrukturun, həmçinin əlverişli şəraitin yaradılmasının dəstəklənməsi;

6.1.16. startaplara aidiyyəti sahə ilə bağlı beynəlxalq elmi nəşrlərlə tanış olmaq imkanının təmin edilməsi.

6.2. Digər formada maliyyələşdiriləcək layihələrə və tədbirlərə tələb olunan vəsaiti İdarə Heyəti Nazirliklə razılaşdırmaqla ayırır.

7. Agentliyin vəsaitindən istifadənin monitorinqi

7.1. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi layihələr üzrə monitorinqlər aparır.

7.2. Agentlik layihələrin monitorinqinə müstəqil ekspertləri cəlb edə bilər.

7.3. Agentlik kreditlər üzrə ildə 1 (bir) dəfədən az olmayaraq, qrantlar üzrə isə layihə müddətində 2 (iki) dəfə (ilkin və yekun) monitorinqlər keçirir.

7.4. Layihələrin monitorinqi zamanı layihənin maliyyə və icra vəziyyəti qiymətləndirilir.

7.5. Monitorinqin aparılması üçün əvvəlcə monitorinqlərin keçirilmə qrafiki tərtib edilir.

7.6. Monitorinqin başlamasından ən azı 5 (beş) iş günü əvvəl monitorinq barədə sahibkarlıq subyekti və ya layihə rəhbəri məlumatlandırılır.

7.7. Agentliyin apardığı monitorinq zamanı vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, maliyyələşmə dərhal dayandırılır və vəsaitin geri qaytarılması üçün tədbirlər görülür.

7.8. Müvəkkil kredit təşkilatları ildə 2 (iki) dəfədən az olmayaraq Agentliyin vəsaitinin hər bir sahibkarlıq subyektinin layihəsi üzrə monitorinqini aparır və bu barədə Agentliyə hesabat verirlər.

7.9. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Agentliyin hesabına köçürməlidir.

7.10. Agentliyin apardığı monitorinq zamanı kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, Agentliyin yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank günü ərzində bütövlükdə Agentliyin hesabına köçürülür. Agentliyin tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 4.7.3-cü yarımbəndinə uyğun olaraq penya ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

7.11. Agentlik müvəkkil kredit təşkilatı tərəfindən monitorinqlərin aparılması qaydasının pozulması halını aşkar etdikdə, müvəkkil kredit təşkilatına layihə üzrə yeni vəsaitlərin ayrılmasını dayandırır və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxarır.

7.12. Monitorinqin nəticəsinin rəsmiləşdirilməsi üçün 2 (iki) nüsxədə akt hazırlanır və monitorinqin iştirakçıları tərəfindən hər 2 (iki) nüsxə imzalanır.

8. Yekun müddəalar

8.1. Müvəkkil kredit təşkilatının Agentliyin hesabına qaytardığı kredit vəsaitindən, habelə digər daxilolmalardan Agentliyin Nizamnaməsinə uyğun olaraq onun hüquq və vəzifələrinin həyata keçirilməsi və bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş sahələrin maliyyələşdirilməsi üçün istifadə edilir.

8.2. Agentliyin maliyyə vəsaiti hesabına həyata keçirilən layihələr və hazırlanan məhsullar barədə informativ və təbliğat materiallarında onların Agentliyin dəstəyi ilə həyata keçirilməsi qeydi olmalıdır.

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə