"Bilim Bakı"da "Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib.
Xeberler.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin "Qlobal sahibkarlıq həftəsi" çərçivəsində təşkil olunub.
Tədbirdə "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov, Türkiyənin Azərbaycandakı təhsil müşaviri Yurdagül Aydoğan, fərqli sahələr üzrə fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.
Öncə iştirakçılar sərgi-satış yarmarkasında şagirdlərin qrup olaraq hazırladıqları layihələrin stendləri ilə tanış olublar. Şagirdlər təqdimat əsasında layihələrinin satışını təmin ediblər və iştirakçılar tərəfindən 5 bal üzərindən qiymətləndiriblər.
Sonra rəsmilərin çıxışları olub.
Ardınca qaliblərin təltif olunması mərasimi keçirilib.
İştirakçıların qiymətləndirmələrinə əsasən “MY IT” komandası 1-ci yerə, “ROBOY” komandası 2-ci yerə, “Flora” komandası isə 3-cü yerə layiq görülüb və qaliblərə mükafatlar təqdim olunub.
Sonda iştirakçılara sertifkatlar, həmçinin tədbirin sponsorları olan “Baykar” və "Aselsan Bakü MMC" şirkətləri tərəfindən hədiyyələr təqdim olunub.
Qlobal sahibkarlıq həftəsi çərçivəsində təşkil olunmuş "Kiçik sahibkarlar, böyük hədəflər” proqramında iştirak üçün qeydiyyatdan keçən 9-14 yaşarası 23 şagirdə mərkəzin “Sahibkarlıq” laboratoriyasında müəllimlər və 2023-cü ilin qalib komanda nümayəndələri tərəfindən “Marketinq”, “Loqo dizaynı”, “Biznesin inkişafı”, “Layihənin inkişaf etdirilməsi”, “Müştəri seqmenti” və “Təqdimat bacarıqları” mövzularında fərqli təlimlər keçirilmişdir. Bu təlimlər əsasında şagirdlər öz məhsullarını hazırlamış və satış stendlərini quraraq sahibkar qonaqlara təqdim edilib.
Eyni zamanda keçən ilin qalib komandaları öz uğur hekayələri ilə yeni kiçik sahibkarlara motivasiya təqdimatı edib.
Proqramın məqsədi şagirdlərin tətil günlərində asudə vaxtlarını səmərəli təşkil etmək, onlara müxtəlif mövzularda tədqiqat aparmaq bacarıqlarını öyrətməkdir. Həmçinin onların auditoriya qarşısında nitq söyləmək, düzgün özünüifadə və təqdimat bacarıqlarını inkişaf etdirmək, kiçik layihələrdən böyük hədəflər əldə edə bilmək imkanlarını izah etmək əsas prioritetlərdir.