“Microsoft” korporasiyası “Android” sistemindən böyük mənfəət götürür
“Microsoft” korporasiyası “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən hər satılan qurğudan böyük məbləğdə qazanc əldə edir. “Nomura” şirkətinin analitiki Rik Şerlundun qiymətləndirməsinə görə, ABŞ istehsalçısının illik gəliri 2 milyard dollar təşkil edir.
“HTC”, “LG”, “Samsung” və “Acer” kimi “Android” və “Chrome OS” sistemli qurğu istehsalçıları “Google” şirkətinin əməliyyat sistemlərində “Microsoft”a (Windows tərtibatçısı) məxsus patentlərdən istifadə etdiklərinə görə ona hər satılan məhsuldan pul ödəyir. Şirkətlər üçün məbləğin həcmi müxtəlif müəyyənləşdirilsə də, adətən 5-15 dollar arasında olur.
R.Şerlundun fikrincə, “Android” sayəsində əldə olunan ödənişlər korporasiyaya “Xbox” oyun konsolu, “Skype” servisi və "Windows Phone” mobil əməliyyat sisteminin hazırlanması ilə məşğul olan “Entertainment and Devices” bölməsinin xərclərini ödəməyə imkan verir. Analitik onu da əlavə edib ki, bu ödənişlərsiz bölmənin fəaliyyəti zərərli olardı.
“Nomura” nümayəndəsi qeyd edib ki, təkcə “Xbox”da korporasiya 2 milyard dollar məbləğində itkilərlə üzləşir, odur ki, korporasiya bu biznesi ləğv etməlidir. Ekspert hesab edir ki, “Microsoft” sərmayədarları “Android”dən əldə olunan gəlir hesabına oyun qurğusunun itkilərinə göz yumur. (mincom.gov.az)