Dövlət başçısı “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib. Ekspert Osman Gündüz “Media forum” saytına deyib ki, planda irihəcmli tədbirlər nəzərdə tutulsa da, pul ayırmaq yaddan çıxıb: “Qəribədir, başqa dövlət qurumları ilə bağlı proqramlarda maliyyə məsələləri sərəncamlarda dəqiq qeyd olunur. Amma Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bağlı məsələyə çatanda dövlət proqramlarına büdcədən maliyyə ayrılmır. Əslində səbəbi də məlumdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz büdcəsi olan tək-tük qurumlardandır”.
Osman Gündüz deyib ki, tədbirlər planına pul ayrılmadığından görüləcək işlər effektsiz olacaq: “Güman ki, tədbirlər planında nəzərdə tutulan hər bir iş müvafiq nazirliklərin üzərinə qoyulacaq. Bunun da effektinin necə olacağı qabaqcadan məlumdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir neçə kütləvi iclas keçirəcək və bununla da İKT ili başa çatmış olacaq”.
Ekspertin fikrincə, tədbirlər planının bu formada qəbul edilməsinin günahı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindədir: “Əvvəldən də yanaşmamız belə idi ki, nazirliklərin gündəlik məşğul olduqları işləri tədbirlər planında yazıb prezidentə təqdim etmək düzgün deyil. Çünki belə halda onun büdcədən ayrıca maliyyələşməsi mümkün olmaycaq. Tədbirlərə diqqətlə baxanda görünür ki, əksəri elə naziriklərin hər gün məşğul olacağı işlərdir. Təəssüf ki, nazir müavini Elmir Vəlizadə öz bildiyini etdi və nəticəsi də göz qabağındadır. Hər bir nazirliyin gündəlik məşğul olacağı işləri tədbirlər planına salmağa və ya ayrıca İKT ili elan etməyə də lüzum vardımı?”
"Media forum"