Rəqəmsal Təqvim elektron sistemi istifadəyə verilib

19-09-2019 / 16:32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azranking.az portalının yeni “Rəqəmsal Təqvim” elektron sisteminin təqdimatı keçirilib.

Xeberler.az bildirir ki, yeni elektron sistem Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahədə əlçatanlılıq və şəffaflığın artırılması, eləcə də ictimaiyyət və biznes nümayəndələri qarşısında hesabatlılığın yaxşılaşdırılması məqsədilə yaradılıb. Komissiyanın işçi qruplarının rəhbərlərinin də iştirak etdiyi təqdimat zamanı bildirilib ki, “Rəqəmsal Təqvim” elektron sisteminin aşağıdakı imkanları
vardır:

- işçi qrupların iclas və görüşlərinin əvvəlcədən planlaşdırılması və elektron qaydada elan olunması;
- iclasların optimallaşdırılması və səmərəliliyinin təmin olunması (ayda bir dəfədən az olmamaqla);
- iclas və görüşlərdə müzakirə üçün təklif və layihələrin üçüncü şəxslər tərəfindən elektron qaydada göndərilməsi;
- ictimai iştirakçılığın rəqəmsal və interaktiv formada təmin olunması;
- vətəndaş və biznes nümayəndələri məmnunluğun artırılması;
- biznes nümayəndələri ilə rəqəmsal kommunikasiyanın qurulması.

Qeyd edək ki, “Rəqəmsal Təqvim” elektron sisteminin tətbiqi ilə əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədrinin 2018-ci il 17 sentyabr tarixli Qərarı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili Qaydası”nda müvafiq dəyişikliklər aparılıb.

Həmin tarixdən başlayaraq Komissiyanın işçi qrupların iclasları növbəti və növbədənkənar olmaqla keçirilir. Növbəti iclas ayda bir dəfədən az olmamaqla hər təqvim ayının üçüncü ongünlüyü ərzində  keçirilir. Növbədənkənar iclaslar Katibliyin və ya işçi qrupların rəhbərlərinin, habelə üzvlərinin yarıdan çoxunun tələbi ilə çağırıla bilər.

İşçi qrupların iclası haqqında məlumat işçi qrupların üzvlərinə işçi qrupların katibləri tərəfindən növbəti iclas gününə ən azı 10 iş günü qalmış, növbədənkənar iclas gününə isə ən azı 3 iş günü qalmış Komissiyanın İdarəetmə və Koordinasiya Paneli vasitəsilə göndərilir. Eləcə də həmin müddətlərdə işçi qrupların növbəti və növbədənkənar iclasları barədə elanlar (iclas barədə qısa məlumat, iclasın yeri və tarixi, iclasın başlanma və bitmə vaxtı, iclasın gündəliyi) Komissiyanın internet portalının müvafiq bölməsində (“Rəqəmsal Təqvim”) yerləşdirilir.

Keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə üçüncü şəxslərdən təkliflər və ya layihələr daxil olduqda həmin təkliflər və ya layihələr işçi qrupun rəhbərinə məlumat verilməklə iclasın gündəliyinə daxil edilir. İşçi qrupun rəhbərinin qərarı ilə təklifi (və ya layihəni) təqdim etmiş şəxs (şəxslər) işçi qrupun iclasına dəvət oluna bilər. “Təklif göndər” onlayn xidməti vasitəsilə daxil olmuş təkliflər və ya layihələrə işçi qrupun iclasında baxıldığı və bu sahədə görülməsi nəzərdə tutulan tədbirlər barədə müraciət edən şəxsə iclas keçirildikdən sonra 7 iş günündən gec olmayaraq elektron poçt vasitəsilə məlumat göndərilir.

Müzakirə zamanı əlavə olunub ki, yeni qaydaya əsasən işçi qrupların iclasları işçi qrupların rəhbərlərinin və katiblərinin imzaladığı protokolla rəsmiləşdirilir və protokolun surəti iclas keçirildikdən sonra 5 iş günündən gec olmayaraq Panel vasitəsilə məlumat üçün işçi qrupların üzvlərinə və Katibliyə göndərilir, eləcə də həmin müddətdə iclas barədə məlumat (müzakirə olunan mövzular və məsələlər, qəbul edilən qərarlar, iştirakçılar, iclasdan fotolar, iclasın gündəliyi) Komissiyanın internet portalının müvafiq bölməsində yerləşdirilir.

Beləliklə, “Rəqəmsal Təqvim”dən istifadə etməklə bütün istifadəçilər, o cümlədən vətəndaşlar və biznes nümayəndələri aşağıdakı imkanları əldə edə bilərlər:

işçi qrupların iclasları barədə qabaqcadan ətraflı məlumatın alınması;
iclaslarda müzakirə üçün təklif və layihələrin elektron qaydada göndərilməsi;
işçi qrupları ilə interaktiv əlaqənin yaradılması;
işçi qrupların fəaliyyətinə dəstək və iclaslarda iştirak hüququnun əldə olunması.

Müzakirənin yekununda “Rəqəmsal Təqvim” elektron sisteminin fəaliyyəti barədə mütəmadi məlumatlandırıcı tədbirlərin keçiriləcəyi bildirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə