Sumqayıtın internet resursları: hər şey qaydasındadırmı?

10-03-2009 / 00:40

   Biz çalışacağıq ki, bu yazıda, Sumqayıt şəhərində mövcud internet resurslarının durumuna diqqət yetirək. Axtarış serverlərində qarşımıza çıxan Sumqayıt Şəhər İcra Hakimiyyətinin www.sumqayit-ih.gov.az, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin www.sumqayit.gen.az, Sumqayıt şəhər təhsil şöbəsinin www.sumqayit.edu.az domen adlı internet saytlarının bir həftə ərzində monitorinqini apardıq və bu yazıda çalışacağıq ki, monitorinqin nəticələrinə ətraflı nəzər salaq.

Axtarış serverlərində “Sumqayıt” kəlməsini açar söz olaraq axtarışa verdiyimiz zaman ilk öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin www.sumqayit-ih.gov.az domen ünvanlı internet saytı qarşımıza çıxır. Ona görə də Sumqayıt Şəhər İcra Hakimiyyətinin saytını nəzərdən keçirək:
 Saytda dərc olunmuş xəbərlərə diqqət yetirdikdə məlum olur ki, sayt demək olar ki, hər gün yenilənir və ən son xəbərlər saytda öz əksini tapır. Bu isə saytın işləkliyini göstərir;

 Saytda Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər haqqında, İqtisadiyyat, Şəhərin infrastrukturu, təhsil, səhiyyə, mədəniyyət və incəsənət, gənclər və idman, ekologiya və ətraf mühit, beynəlxalq əlaqələr, xəbərlər, şəhərin fotoalbomu, əlaqə, vakansiyalar başlıqları altında digər keçidlər də mövcuddur. Sayt daha çox bölmələrinin əhatəlliliyi ilə seçilir;
 Ziyarətçilərin İcra Hakimiyyətinə müraciət və yaxud hər hansı təkliflərini yazmaq üçün bölmə mövcuddur;
 Şəhərdə fəaliyyət göstərən bir çox dövlət müəssələrinin əlaqə telefonlarını tapmaq mümkündür;
 Sumqayıt şəhərində imtiyazli şəxslərin mənzil növbəsinin siyahısı yerləşdirilib;
 Digər aidiyyəti orqanların saytlarına keçidlər yerləşdirilmişdir;
Çatışmazlıqlar və təkliflər:
 Rus və İngilis dillərində bölmələr olsa da hələ ki, heç bir məlumat yoxdur;
 Tenderlər bölməsində heç bir məlumat yoxdur;
 Şəhərin idarə və müəssisələrində elan olunan vakansiyalar bölməsində informasiya yerləşdirilməyib;
  Saytda Şəhər İcra hakimiyyətinin başçısı ilə birbaşa əlaqə saxlamaq üçün elektron –poçt ünvanı yerləşdirilsə də, İcra Hakimiyyəti aparatının işçilərinin elektron-poçt ünvanları yerləşdirilməyib;
 Başçının əmr və sərəncamları bölməsində heç bir əmr və ya sərəncama rast gəlmək mümkün deyil. Belə sənədlərin reyestri də yoxdur;
 Ümumiyyətlə, Şəhər İcra Hakimiyyətinin maliyyə fəaliyyəti ilə bağlı saytda hər hansı bilgi verilmir;
 İnternet saytda yerləşdirilməsi ən vacib məsələlərdən biri də məhz qəbul saatları və qaydaları ilə bağlı məlumatlardır. Lakin saytda “Qəbul saatları və qaydaları” başlığı altında ayrıca bölmə olsa da, heç bir informasiya yoxdur;
 Saytlar üzrə axtarış sistemi yoxdur;
Saytın sayğacına nəzər yetirdikdə məlum olur ki, saytı gün ərzində  orta hesabla 30 ziyarət edən olur. Saytın az ziyarətçisinin olmasının əsas səbəblərindən biri Sumqayıt sakinlərinin sayt haqqında məlumatsız olmasıdır. Yaxşı olardı ki, əhali arasında bu sahədə maarifləndirmə işləri aparılsın. Saytın texniki imkanları isə qənaətbəxş hesab olunsa da, xərda səhvlər aradan qaldırılması yaxşı olardı;

Monitorinq apardığımız digər sayt isə Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinə məxsus www.sumqayit.gen.az  oldu. Bir həftəlik saytda apardığımız monotorinq zamanı məlum oldu ki, gündəlik saytın 10-a yaxın ziyarətçisi olur. Bu isə çox aşağı göstəricidir. Sumqayıt Şəhər Gənclər və  İdman Baş İdarəsinin saytında qarşımıza çıxan məlumatlar və çatışmazlıqlara diqqət yetirək:
 Saytda Baş Idarə haqqında, idarənin strukturu haqqında məlumatlara rast gəlmək mümkündür;
 İdarənin gənclər sahəsində həyata keçirdiyi fəaliyyətlər, araşdırmalarla saytda tanış olmaq olar;
 Sumqayıtda fəaliyyət göstərən müstəqil gənclər təşkilatları haqqında da ətraflı məlumatlar verilmişdir;
 Sumqayıt şəhərində mövcud idman təşkilatları, idman qurğuları haqqında da məlumatlar idarənin saytında öz əksini tapıb;
 Gənclər və  İdman Baş İdarəsinin fəaliyyəti və eləcə də şəhərdə həyata keçirilən digər tədbirlər haqqında ayrıca xəbərlər bölməsi vardır;
 Saytda diqqətimizi cəlb edən əsas mühüm məqamlardan biri də, 1988-ci il Sumqayıt hadisələri haqqında ingilis, rus, alman və fransız dilində  məlumatların yerləşdirilməsi oldu.
Saytda mövcud çatışmazlıqlar və təkliflər:
 Planlaşdırılan tədbirlər bölməsi mövcud olsa da bu haqda heç bir məlumat yoxdur;
 Biz saytda monitorinq apardığımız həftə ərzində sayt yenilənmədi. Sonuncu informasiya 15 fevralda yerləşdirilmişdir. Saytın az ziyarət olunmasının əsas səbəblərindən biri də məhz, saytın tez-tez yenilənməməsidir;
 Bu saytda da maliyyə fəaliyyəti ilə bağlı məlumatlar yerləşdirilməyib;
 Sayt vasitəsilə birbaşa müraciət ünvanlamaq üçün şərait yaradılması məqsədəuyğundur;
 Yaxşı olardı ki, saytda gəncləri maraqlandıra biləcək müxtəlif mövzularda sorğular yerləşdirilsin və sayt ziyarətçiləri bu sorğularda iştirak etsinlər;
Sumqayıt şəhər təhsil şöbəsinin www.sumqayit.edu.az domen adlı internet saytına daxil olduqda ilk öncə digər iki saytda görmədiyimiz sorğu diqqətimizi cəlb etdi. Lakin sorğuda iştirak etdikdən sonra nəticələrlə tanış olduqda məlum oldu ki, 09.10.06  tarixdə bu sorğuda ilk səs verilib. Üstündən 2 ildən çox müdət keçməsinə baxmayaraq sorğuda istirak edənlərin ümumi sayı 27-dir. Bu isə olduqca aşağı göstəricidir. Burdan aydın olur ki, sayt ziyarətçiləri çox azdır. Saytın texniki qüsurlar da olduqca çoxdur.
 Saytda qabaqcıl müəllimlər haqqında məlumatlar olsa da, istedadlı uşaqlar haqqında məlumatlar öz əksini tapmayıb.
 Təhsil şöbəsinə müraciət üçün ayrıca bölmə olsa da, rəhbərliklə birbaşa əlaqə saxlamaq üçün heç bir əlaqə vasitəsi yoxdur. Təhsil şöbəsinin ünvanı haqqında da saytda heç bir məlumat yerləşdirilməyib.
 Təhsil müəssələrində mövcud vakansiyalar haqqında da məlumat yerləşdirilməyib.

 Saytda bir çox bölmələr ingiliscə lazımsız yazılardan ibarətdir. Bu yazılara əslində heç bir ehtiyac yoxdur.
Digər internet resurlarda “www.sumqayit.edu.az” domen ünvanlı internet saytlara birbaşa keçidlər yerləşdirilmişdir. Buna görə də saytın dizaynına və eləcə də burda olan bölmələrdəki yazılara ciddi “əl gəzdirmək” lazımdır. Əks haldı bu saytda daxil olanlar ikinci dəfə artıq bu saytda daxil olmaq istəməyəcəklər. Bu saytın tamamilə yenilənməsi məqsədəuyğundur.

Monitorinq müddətində Sumqayıt Dövlət Universitetinə məxsus www.sdu.edu.az domen adlı internet saytına isə ümumiyyətlə daxil olmaq mümkün olmadı. Bu səbəbdən də, saytdakı məlumatlar və eləcə də çatışmazlıqlar haqqında yazını sayt fəaliyyətə başladıqdan sonra araşdıracağıq.
Ölkə miqyasında internet resurslar yeni yaranmaqdadır və getdikcə inkişaf etməkdədir. Ümid edirik ki, Sumqayıtda mövcud internet resurslar da yaxın gələcəkdə inkişaf edəcək və Sumqayıt sakinləri dolğun informasiya ilə təmin edəcəkdir. 

Eyvaz Qocayev
[email protected]

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə