Müxtəlif ölkələrdə yaradılan yeni şöbələri, taksi sürücülərinin narazılığı, məhkəmə ilə sonlandırılan şikayətlər, qlobal bazardakı güclü rəqiblər, 62 milyard dollarlıq qiymətləndirmə ilə 2015-ci ilin Uber üçün uğurlu il olduğunu deməyə əsas verir.
Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, ötən il bütün dünyada yenilikləri ilə yadda qalan Uber 2016-ci ilin ilk günündə bir milyardıncı sərnişinini daşıdığını rəsmi olaraq açıqladı.
Belə ki, Uber-in London şöbəsindən verilən məlumata görə, mavi Honda Insight Hybrid avtomobili ilə səyahət edən Marvin adlı sərnişin Uber-in milyardıncı müştərisi olub.
Xatırladaq ki, 2009-ci ildə yalnız iki avtomobillə San Franciscoda xidmətə başlayan Uber 2014-ci ilin sonunda ümumilikdə 66 ölkədə gündəlik olaraq 3 milyon dəfə xidmətindən istifadə edildiyini açıqlamışdı.
Bununla yanaşı, şirkət ötən həftələrdə 62,5 milyard dollar qiymətləndirmə üzərindən 2,1 milyard dollarlıq yeni investisiya axtardığını bildirmişdi. Milyardıncı sərnişinə xidmət göstərilməsi münasibətilə Uber bu hadisəni qeyd etmək üçün hər şəhərdə pulsuz konsert biletləri, pulsuz xidmət kimi hədiyyələr paylayır. Şirkətdən qeyd edilib ki, milyardıncı daşımada sərnişin olan Marvin bir il ərzində Uber-dən 1 il pulsuz istifadə edə biləcək.
Həmçinin, sürücü də Uber-in olduğu istənilən bir şəhərə gedərək bütün xərcləri Uber tərəfindən ödəniləcək tətil imkanı qazanıb.
Sevinc Çəltikova