“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013 / 21:53
"Wikipedia" virtual ensiklopediyası Azərbaycanla bağlı obyektiv və dolğun məlumatlarla zənginləşdiriləcək. Belə ki, "İKT ili" çərçivəsində hazırlanan Tədbirlər Planında "Ölkəmizə dair kontentin və "Wikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi" yer alıb.
Bu tədbirlərin həyata keçirilməsi isə qeyri-hökumət təşkilatlarını cəlb etməklə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə həvalə edilib. Qeyd edək ki, viki-mühitdə Azərbaycan xalqının maraqlarının qorunması, milli-mənəvi dəyərlərinin tanınması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda da "Wikipedia" ensiklopediyasında olan ümumi vəziyyət və problemlər araşdırılmaqdadır.
Virtual məkanda vəziyyət və viki-texnologiyanın informasiya axtarışında rolu analiz edilir, viki-layihələr, onların təyinatı və informasiya təbliğatında rolu araşdırılır, "Wikipedia" virtual ensiklopediyasının əhəmiyyəti və imkanları öyrənilir, sosial-demoqrafik portretinin analizi həyata keçirilir.
Həmçinin doktorant və dissertantlara, müxtəlif sahə mütəxəssislərinə "Wikipedia" mövzusunda mühazirələr keçirilir, viki-treninqlər aparılır. Vəziyyətin analizi nəticəsində məlum olub ki, bu sahədə viki-kontent yetərincə deyil, mövcud kontentlərin isə keyfiyyəti aşağı, bəzi hallarda isə həqiqətə uyğun deyil.
Problemi aradan qaldırmaq üçün viki-mühitdə Azərbaycan xalqına qarşı potensial təhlükə mənbəyi olan məlumatların düzgün, tam və elmi baxımdan əsaslandırılmış informasiya ilə əvəz olunmasına ehtiyac var. AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova hesab edir ki, obyektiv, dolğun kontentlərin "Wikipedia" ensiklopediyasına daxil edilməsi və bu işə alim, ziyalı və müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb olunması Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yarada bilər.
Qeyd edək ki, "Wikipedia" və onun layihələri 2001-ci ildən başlayaraq inkişaf etməkdədir. 20 milyondan artıq ensiklopedik məqaləyə malik olan bu layihə 284 dildə fəaliyyət göstərir və ona hər ay təxminən 400 milyondan artıq internet istifadəçisi müraciət edir.
HƏQİQƏT 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.