AMEA-da Biznes İnkubasiya Mərkəzi açılır-Foto

24-07-2017 / 17:15

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilə tanışlıq məqsədi ilə tədbir keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademiyanın institut rəhbərləri və başqaları iştirak edib.

Öncə AMEA Təcrübə-Sənaye Zavodunun və Millers-Oils Azərbaycan MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib.

Sonra tədbir iştirakçıları pilotsuz uçan aparatların istehsal sahələri, AMEA YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası, o cümlədən Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat və magistrantlarından ibarət qrupların yaradılaraq AMEA YT Parkda perspektiv layihələrə cəlb edilməsi tədbir iştirakçılarının maraq və rəğbətinə səbəb olub.

Akademik Akif Əlizadə vurğulayıb ki, AMEA və BMU arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılışı gözlənilir.

YT Parkda görüləcək işlərin hələ çox olduğunu deyən akademik bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində mühüm nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib.

Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək elm və təhsilin inteqrasiyasının, bu sahədə həyata keçirilən islahatların ölkəmizin davamlı inkişafındakı rolundan danışıb.

O, qeyd edib ki, hazırda biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsi istiqamətində bir sıra işlər görülür.

Nazir bildirib ki, elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platforması kimi YT Parkın imkanlarından geniş şəkildə istifadə etmək məqsədilə layihələr həyata keçiriləcək. M.Cabbarov nazirlik ilə YT Park arasında əməkdaşlıq mexanizmini müəyyənləşdirmək üçün İşçi Qrupunun yaradılacağını əlavə edib.

Nazir ölkəmizdə təhsil və elm sahəsinə cavabdeh iki qurumun – Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının gələcəkdə də birgə əməkdaşlığının vacibliyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.  

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.