Bakıda Microsoft-un İnnovasiya Günü keçirilib

19-06-2009 / 12:25

19 iyun tarixində Bakıda Microsoft korporasiyasının qlobal təşəbbüsü çərçivəsində İnnovasiya Günü keçirilib.

Tədbirdə hökumət qurumların nümayəndələri, Azərbaycanın aparıcı şirkətlərinin rəhbərləri, informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislər,habelə İnnovasiya Günün xüsusi qonağı olan Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropada biznes inkişafı üzrə meneceri Vika Rentzepi də iştirak edib.

Tədbiri açıq elan edən  “Microsoft Azərbaycan” şirkətinin baş meneceri Teymur Axundov bildirib ki, forumun keçirilməsində əsas məqsəd yeni informasiya-kommunikasiya texnologiyalarının (İKT) Azərbaycan iqtisadiyyatına və insan həyatının müxtəlif sahələrinə təsiri üzrə fikir mübadiləsini təşkil etməkdir. Azərbaycanda İKT sahəsində ən iri tədbirlərdən olan İnnovasiya Günün təşkilatçısı Microsoft Azərbaycan şirkətidir.

Tədbir zamanı informasiya-kommunikasiya texnologiyalarının və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün innovasiyaların əhəmiyyəti, innovasiyaların tətbiqi zamanı biznes ilə tərəfdaşlıq və s. kimi məsələlər müzakirə olunub.

Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin sədri Kamran İmanov isə öz çıxışında xüsusən proqram təminatı sahəsində bütün dünyanı əhatə edən piratlığın qloballığını vurğulayıb. Onun sözlərinə görə, intellektual mülkiyyət məsələlərin həlli XXI əsrdə cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan hökumətinin piratçılıqla mübarizə üzrə yaxın gələcəyə dair planları barədə tədbir iştirakçılarına məlumat verən K. İmanov bu mövzuda geniş və ətraflı prezentasiya təqdim edib.

Mərasimdə çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə innovasiyalara dair bu cür tədbirlərin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yüksək qiymətləndirildiyini və dəstəklədiyini qeyd edib. “İnnovasiyalar – iqtisadiyyatın birinci dərəcəli təkanverici qüvvəsidir və ölkənin inkişafı üçün ən vacib amillərdən biridir. Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da innovasiyaların tətbiqinə və inkişafına böyük diqqət göstərilir”, - deyə nazir müavini bildirib.

Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropada biznes inkişafı üzrə meneceri Vika Rentzepi öz çıxışında iqtisadiyyatın inkişafı üçün zəruri olan şərtlərdən danışıb və bu inkişafı əngəlləyən mühüm amil kimi piratçılığı qeyd edib. Onun sözlərinə görə, piratçılıq problemi qlobal xarakter daşıyır, və məhz elə bu problem bütün dünyada müstəqil proqramçıların təşəbbüslərini heçə endirir. Bu problemin Azərbaycandakı vəziyyətinə toxunan V. Rentzepi qeyd edib ki, şirkətə hər il respublikada təxminən 55 milyon ABŞ dolları ziyan dəyir.

Qeyd edək ki, Azərbaycanda Microsft-un İnnovasiya Günü 2007-2008-ci illərdə də keçirilib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.