Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015 / 21:36

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev müşavirənin institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) doktorant və dissertantlara tədris edilən elmi informatika fənninin yenidən tərtib olunmuş proqramının müzakirəsinə həsr edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, müasir dövrdə Avropanın təhsil məkanına inteqrasiya edən Azərbaycanın təhsil sisteminin qarşısında duran ən başlıca vəzifə yeni tədris mexanizmlərinin işlənməsi, bu sahənin qabaqcıl texnologiyalar əsasında inkişafı, keyfiyyətinin yüksəldilməsi, tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq edilməsidir. Bu baxımdan milli kadr hazırlığı siyasətinin həyata keçirilməsi üçün informatika fənninin tədrisi vacibdir.

R.Əliquliyev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarına əsasən, respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulunun 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantların ən müasir İKT biliklərinə yiyələnməsi məqsədilə yeni texnologiyalar əsasında formalaşan innovativ mühit yaradılb.

TİM-in rəhbəri Rəsmiyyə Mahmudova elmi informatika fənninin proqramı haqqında məlumat verib. Proqramın “İnformatika elmi və onun cəmiyyətdəki vəzifələri”, “İnformasiya cəmiyyətinin əsasları”, “Bibliometriya, Elmmetriya, Vebometriya”, “İnformasiya təhlükəsizliyi. Elektron imza” və digər bölmələr üzrə tərtib olunduğu diqqətə çatdırılıb. Onun sözlərinə görə, superkompyuter texnologiyaları, Big Data texnologiyaları, veb-texnologiyalar, 3D texnologiyalar və s. mövzular bu fənnin predmetinə daxildir. Bununla yanaşı, elmi informatika fənninin tədrisində bir sıra həlli vacib problemlərin olduğu da qeyd edilib.

Sonra geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Akademik R.Əliquliyev informasiya texnologiyalarının dinamik inkişafı ilə əlaqədar olaraq mühazirələrdə bu sahə üzrə terminlərin dəqiq izahının verilməsinin vacibliyini, təkliflər nəzərə alınmaqla proqramın daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayıb, müvafiq tapşırıqlar verib.


Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə