Ən yaxşı milli internet resurslar necə müəyyən olunacaq?

14-11-2017 / 18:03

Məlum olduğu kimi, bu il ölkədə 9-cu dəfə Milli İnternet Mükafatı (MilliNet) keçirilir.

Hazırda Milli İnternet resurslarının müsabiqəyə qeydiyyatı aparılır. Mükafat uğrunda mübarizəyə 20 nominasiya üzrə hələlik 278 müraciət daxil olub. Qeydiyyat üçün isə son 6 gün qalıb.

Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə baş tutur. AİF prezidenti Osman Gündüz builki müsabiqədə olan yeniliklər və dəyişikliklər barədə məlumat verib.

O, bildirib ki, ciddi fərqlər daha çox nominasiyalarda özünü göstərir:

“Əvvəlcə deyim ki, biz bu il məqsədimizə uyğun bir neçə yenilik etmişik. Mükafatı təsis etməkdə məqsədimiz Azərbaycan İnternetini inkişaf etdirmək, mövcud İnternet resurslarını tanıtmaq və populyarlaşdırmaq, milli resursların yaradılmasını stimullaşdırmaq  və sairdir. Bu konteksdən yanaşanda biz Azərbaycanda mobil tətbiqlərin inkişafının bir qədər zəif getdiyini düşünürdük. Əvvəlki müsabiqələrdə tətbiqlərlə bağlı bütövlükdə bir nominasiya vardı – “Mobil tətbiq”, bu il isə biz mobil tətbiqlərin iştirakını genişləndirmək üçün 6-7 mobil tətbiq nominasiyası irəli sürmüşük.  Ümid edirik ki, müsabiqədə mobil tətbiq nominasiyalarının sayını artırmaqla bu sahədə inkişafı stimullaşdıracaq, mütəxəssilərin inkşafına təkan verəcəyik. Bundan əlavə, sosial media sahəsindən də əvvəllər bir nominasiya –“Sosial şəbəkə” təqdim olunurdu, lakin indi korporativ sosial media resurslarının da populyarılığının artmasına ehtiyac görürük. Ona görə də,  “Ən populyar Facebook səhifəsi”; “Ən populyar Youtube kanalı”, “Ən populyar İnstagram hesabı” nominasiyalarını da təsis etmişik. Mükafat iddiaçıları ilə daha effektiv əlaqə qurmaq və müsabiqəni dinamik aparmaq üçün jurnalistlərdən ibarət “Media Dəstək komandası” qurmuşuq. SMM işlərini daha da canlandırmağı nəzərdə tutmuşuq və bu prosesdə Yello şirkəti bizə dəstək olur”.

Osman bəy müsabiqəyə qoşulan İnternet resurslarının qiymətləndirilməsi prosesindən də söz açıb. O, hazırda müsabiqəyə qeydiyyatdan keçmək üçün müraciətlərin moderatorlar tərəfindən meyarlara uyğunluğunun yoxlanıldığını və internet resursların  25 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndirildiyini deyib:

“Qeydiyyat noyabrın 20-nə qədər aparılır, noyabrın 30-na qədər 1-ci mərhələ  səsvermə, dekabrın 15-nə qədər isə 2-ci mərhələ səsvermə başa çatacaq. 25 Nəfərdən ibarət, hər birinin öz sahəsində peşəkar olduğu münsif komandamız var.  İnternet  saytlarını  15 nəfərlik münsiflər heyəti  yoxlayır, 15 münsif rəyinin nəticəsinədə,  kontent, dizayn və texniki tərəfləri qaydasında olan resurs qalib gəlir. Təcrübə göstərir ki,  hansısa bir istiqaməti güclü olub digər istiqamətlərdə hər hansı bir üstünlüyü olmayan resurslarla müqayisədə, hər üç istiqamət üzrə müəyyən göstəricilərə malik olanlar uğur əldə edə bilir  və qalib gələ bilir. Bəzən buna görə ciddi narazılıqlar olur. Gərək, hamı bilsin ki, İnternet resurs birtərəfli, bir istiqamətli məhsul deyil.

 Münsiflərin seçilməsi ilə bağlı isə açıq prosedur var. Öz sahəsi üzrə peşəkar olan və ona aid olan hər hansı bir resursu müsabiqəyə təqdim etməyən şəxslər münsif ola bilir. Bu iki şərtə əməl etməklə istənilən şəxs münsif ola bilər. Lakin artıq bir neçə ildir ki münsiflərin də məsuliyyətinin artırılması istiqamətində müəyyən addımlar atmışıq. Belə ki, Milli Net Təşkilat Komitəsi olaraq  münsiflərə qarşı şərtləri bir qədər sərtləşdirmişik. İkinci mərhələdə qiymətləndirmə zamanı hər bir saytı dəyərləndirərək müəyyən bir  bal verən  münsif verdiyi qiyməti yazılı olaraq da qısa formada əsaslandırmalıdır.

Münsifin verdiyi balı və rəyi iddiaçı təqdimatdan sonra öz hesabına daxil olaraq görə bilir. Bəzən iddiaçılar həmin rəyin ekran görüntüsünü sosial şəbəkələrdə paylaşırlar, bu da geniş müzakirələrə səbəb ola bilir.  Bu şəfaflığın artırılması ilə yanaşı, həm də münsilərin də qiymətləndirmə ilə bağlı məsuliyyətini artırır. Beləliklə də yekun qərar, yekun nəticə bir nəfərin deyil, 15 nəfər peşəkarın qərarı ilə müəyyənləşir.  Bizim təşkilat komitəsi isə  seçimdə, qiymətləndirmədə birbaşa  iştirak etmir, qiyməti  yalnız münsiflər verir”.

AİF prezidenti əlavə edib ki, bəzən müsabiqəyə qəbul şərtlərində yanlış anlaşılmalarla qarşılaşırlar, lakin şərtlərə əməl etmək obyektivlik, dəqiqlik və şəfaflıq üçün tələb olunur: 

“Milli İnternet Mükafatı Azərbaycan İnternet məkanının əsas tədbiridir.  Hər il mükafatlandırma mərasimində Azərbaycan İnternetinin, İKT sektorunun əksər tanınmış nümayəndələri,  200 nəfərə yaxın insan iştirak edir. Biz müsabiqənin etibarlılığını qorumaq üçün bir neçə qabaqlayıcı addımlar, təhlükəsizlik addımı da atmalı oluruq. Məsələn, müsabiqəyə müraciət edən şəxsdən saytın ona məxsus olub-olmadığını yoxlamaq üçün xahiş edirik ki, qeydiyyat prosesində sayta MilliNet-in bannerini yerləşdirsin. Bəzən elə düşünənlər olur ki, biz bunu reklam xarakterli edirik, lakin əmin olmalıyıq ki, resursu qeydiyyatdan keçirən şəxs bu resursun şirfrələrini bilib, ora daxil olub hansısa addım ata bilirsə, paylaşımlar edə bilirsə, deməli, həqiqətən də səlahiyyətli şəxsdir”.

Artıq illərdir ki, Mill Net-in simvoluna çevrilən hörümçək toru əks olunmuş buta müsabiqənin əsas mükafatıdır, bundan əlavə, qalibləri müxtəlif dəyərli hədiyyələr də gözləyir. Osman bəy bu sahədə də yeniliklər olduğunu deyib:

“Ölkədə  İKT-nin, İnternetin inkişaıəna cavabdeh dövlət qurumu olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli İnternet Mükafatına rəsmi dəstək verir.

Bu il MilliNet-in Baş sponsoru ölkədə ən iri beynəlxalq operatorlardan olan Azertelecom şirkətidir. Müsabiqəyə LENOVO, BestComp, İnnovasiyalar Mərkəzi, NOVA, NEURON və Yello şirkətləri də dəstək verirlər, sponsorlarımızdırlar.  Qaliblər və ərqlənənlər buta ilə yanaşı sponsorlarımızın da dəyərli hədiyyələrini əldə edəcəklər”.

MilliNet Mükafatının moderator Rüstəm Həsənov isə müsabiqəyə müracət edən İnternet resurslarının qeydiyyat prosesi barədə danışıb:

“Müsabiqədə qeydiyyatdan keçmək və resurs təqdim etmək üçün Milli Net TK tərəfindən moderatorlar üçün müəyyən olunan bəlli bir yaddaş var.  Əsas şərtlər odur ki, təqdim olunan resurslarda qanunvericiliyə zidd informasiyalar, 18+ səhifələr olmamalıdır. Resursun mütləq Azərbaycan dili versiyası olmalıdır. İstisna hal olaraq ölkəmizi xaricdə tanıtmaq məqsədi daşıyan saytlar qəbul edilə bilir. Resursu təqdim edənin səlahiyyətli olmasını müəyyən etmək üçün əsas şərt odur ki, müraciət edən resursda Milli Net-in iştirakçı loqosu yerləşdirilməlidir, sosial resurslarda isə paylaşımlar etməlidir.

Bu şərtlərə uyğun gəlməyən iddiaçıya səbəb göstərilərək iştirakından müvəqqəti olaraq imtina olunur. İddiaçı qeydiyyat bitənə qədər həmin şərtləri yerinə yetirərsə, yenidən müraciət edə bilər. Bu günə qədər hələlik ən çox müraciət media-informasiya, elektron xidmət, Facebook səhifələrindən gəlib. Mobil tətbiq müraciətləri isə hələlik  azlıq təşkil edir. Düşünürəm ki, bu nominasiyanın yeni olması ilə bağlıdır”.

MilliNet İnternet Mükafatının “Media dəstək komadası”nın nümayəndəsi Yetər Kərimli isə bugünə qədər ən çox soruşulan suallardan danışıb:

“Media dəstək komandasının yaradılmasının əsas məqsədi iddiaçılara qeydiyyat prosesində kömək etmək, yarana biləcək nasazlıqları aradan qaldırmaq və sosial şəbəkələrdə müsabiqə barədə dolğun məlumatın mütamadi paylaşılmasına nail olmaqdır. Komandada dörd jurnalist fəaliyyət göstərir. Bizdən ən çox soruşulanlar bəzi iddiaçıların qeydiyyatdan keçdikdən sonra təsdiq məktublarının (maillərinin) əldə edilməməsi ilə bağlıdır. Təsdiq məktubunun iddiaçıya çatmamasının səbəbi isə, əsasən, e-mail sistemlərindəki problemlərlə, texniki səbəblərlə bağlı olur.

Belə olan halda biz onlara xüsusi logo göndəririk,  manual formada qeydiyyatı aktivləşdiririk. Daha sonra bizdən MilliNet loqosunu saytın harasında yerləşdirmək, resursun hansı istiqamətlər üzərindən qiymətləndiriləcəyini, seçimlərin nə vaxt bitəcəyini soruşurlar. Biz bütün suallara ətraflı və aydın cavab verərərk iddiaçını məlumatla təmin edirik”.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.