Gömrük Komitəsi iPhone gətirənlərdən nə istəyir ?

07-10-2015 / 12:26

Xeberler.az-da mobil telefonların ölkəyə gətirilməsinin məhdudlaşdırılması  istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən  edilən cəhdlərlə bağlı bir neçə dəfə məlumat və araşdırmalar dərc olunub.

Oxucular xatırlayırsa , cari ilin əvvəlində də DGK fiziki şəxslər tərəfindən ölkəyə gömrük rüsumu ödənilmədən gətirilən mobil telefonlarla bağlı, ümumiyyətlə ölkəyə gömrük rüsumu ödənilmədən gətirlən malın dəyərinin 1000  dollardan aşağı salınması ilə  bağlı hökumətə müraciət etmişdi.

Lakin  ciddi ictimai müzakirələr, etirazlara səbəb olan bu təklif bir sıra dövlət qurumları tərəfindən dəstəklənmədiyindən hökumət əvvəlki qərarında hər hansı dəyişiklik etmədi.

Lakin baş verənlər göstərir ki, mobil telefonların, xüsusilə də iPhone telefonların ölkəyə gətirilməsi sahəsində problemlər hələ də qalır.

Ötən günlərdə mediada Apple şirkətinə məxsus iPhone telefonlarının Azərbaycana  gətirilməsinə qadağa qoyulması ilə bağlı yazılar dərc olundu. Bu məlumatlar ictimaiyyətdə birmənalı qarşılanmadı.  Gün ərzinə müxtəlif KİV-lərdə işıqlandırılan mövzu ilə bağlı olaraq Dövlət Gömrük Xidmətinin rəsmi saytından belə açıqlama gəldi:


“ Bu gün bir sıra kütləvi informasiya vasitələrində “Apple” şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər yayılıb.

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur. Belə ki, ölkə ərazisinə idxal olunan mobil telefonların mövcud qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun olaraq rəsmiləşdirilməsi həyata keçirilir.

Bu xəbərlərin, xüsusilə, iPhone 6S telefonlarının sifarişlərinin qəbul olunduğu bir vaxtda yayılması bir sıra vətəndaşın narahatlığına səbəb oldu.

Xeberler.az olaraq  ölkədə ənənəvi yolla fəaliyyət göstərən mağazalarda bu telefonların satışı, mövcud qanun vericiliyi, mediada bu məsələ ilə bağlı yayılmış xəbərlərin əsaslılığını, sifarişlər üzrə telefon idxalını həyata keçirən şirkətlərin iş prinsipləri və məsələ haqda mövqelərini birlikdə qiymətləndirərək bu məsələ haqda yaranan sualları cavablamağa çalışdıq.

Azərbaycanda Apple şirkətinə məxsus telefonların, planşetlərin və digər avadanlıqların satışı ilə məşğul olan bir çox mağaza olsa da, bunlardan yalnız bəziləri şirkətin rəsmi saytında öz yerini tapıb və onlardan cəmi ikisi-Alma Store və iPlaza Premium nişanına layiq görülüb:

 Şirkət bu nişanın mənasını belə izah edir:

 

 

 

Apple şirkəti Apple Premium Reseller-ləri Apple həlləri, xidməti və dəstəyinə əsaslanan yüksək müştəri xidməti göstərdiyinə görə onları rəsmi olaraq tanıyır. Şirkətin ölkəmizdə birbaşa rəsmi mağazası yoxdur.

Bütün sahibkarlar  yalnız Apple şirkətinin məhsullarına görə yox, ümumiyyətlə idxal etdiyi  bütün məhsullara müəyyən edilmiş dövlət rüsum və vergilərini ödədikdən sonra öz satış qiymətlərini təyin edirlər.

Lakin bu gün “myphone.ae” və ya “from.ae” kimi tanınan şirkətlər internet vasitəsilə sifariş qəbul edərək Apple və digər bir çox şirkətin məhsullarını daha ucuz qiymətə təklif edirlər. Məsələn, iPhone 6 16 GB telefonun Alma Store mağazasında 1198 manatdırsa, eyni telefon myphone.ae-də 669 manat, from.ae mağzasında isə 636 manatdır. Burada təxminən 500 manatlıq qiymət fərqi mövcuddur. Bu şirkətlərin təklif etdiyi qiymətlərin ucuz olmasının başlıca səbəbi onların Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşməsindədir. Burada onlar fəaliyyətlərini xüsusi vergi və gömrük rüsumlardan azad zonada həyata keçirdirlər.

Həmçinin bu şirkətlərdən sifariş edilən məhsulların gömrükdə rəsmiləşdirilməsi prosesi Respublikamızda fəaliyyət göstərən mağazaların idxal etdiyi məhsulların rəsmiləşdirilməsi prosesindən fərqlidir. Siz bu şirkətlərdən məhsul sifariş verdikdə bu sifariş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na əsasən rəsmiləşdirir.

 Bu qaydalara əsasən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalentindən yüksək olmayan mallara görə rüsum alınmır. Buna görə də həmin şirkətlər həm BƏƏ-də, həm də Azərbaycan Respublikasında vergi və gömrük rüsumlarından azad şəkildə fəaliyyət göstərə bilirlər.

Mediada yayılan xəbərlərdə bu şirkətlərin Apple məhsullarının ucuz qiymətlə satışını təmin etdiyinə görə ölkədəki mağazalardakı məhsullara tələbatın azalması, bu şirkətin məhsullarının satışını inhisarlaşdırmağa çalışan bəzi yüksək vəzifəli məmurların mövcudluğu, bunun qeyri-rəsmi gömrük qadağası olması və yeni gömrük qaydalarının təyin edilməsi bağlı fikirlər yayılıb.

Həm myphone.ae, həm from.ae saytlarında bunun üçün axtarış etsək də, bu fikri təsdiqləyəcək heç bir faktla rastlaşmadıq. Hətta hər iki mağazanın rəsmi Facebook səhifəsində iPhone-ların satışında bir problem olmadığını bəyan edir.

Xəbərlərin mediada yayımlanmasından sonra paylaşılmış və sancaqlanmış bu postlarda myphone.ae şirkəti hələ də bu sifarişləri qəbul etdiyini, from.ae mağazası isə Gömrük Komitəsinin açıqlamasını göstərir.

Həmçinin yuxarıda qeyd etdiyimiz qərara əsasən vətəndaşlar ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən və müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə rüsum ödəmir.

 Əgər nəzərdə tutulan hədlər aşılarsa, buna görə faiz gömrük rüsumu ödənilməlidir.

Bəzi xəbər resursları  ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğində olan məhsulları 6 ayda yalnız bir dəfə gətirməyin mümkün olduğunu qeyd etsə, bu məlumatlar həmin Qaydalarda öz əksini tapmır.

Belə ki  Qaydaların 2.1.4 bəndində konkret, aydın, şəkildə qeyd edilib ki, hansı müddətdə və dəyəri nə qədər olan malı rüsumsuz gətirə bilər :

2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

Belə olan halda Gömrük Komitəsinin adından mediada bu müddətin 6 ay olaraq təqdim edilməsi , güman ki, kimlərinsə maraqlarına xidmət edir. Gömrük Komitəsinin mediaya açıqlamasında da buna aydınlıq gətirməməsi təəssüf doğurur.

Eyni zamanda xaricdən alınaraq gətirilən iPhone telefonların 1000 dollardan aşağı olmasını müəyyən edilməsi ilə bağlı çek tələb edilməsi də fikrimizcə sui-istifadə hallarının yaranmasına şərait yaradan bir amildir.

Gömrük orqanları bu tip avadanlıqların qiymətlərini və ya onun müəyyən edilməsini  çox yaxşı bilir. Eyni zamanda gömrük komitəsinin tələb etdiyi hansısa bir xarici ölkənin mağaza çekini  istənilən bir alıcı adi  bir printerdə də çap edib təqdim edə bilər.

Murad Məmmədzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.