İlk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

20-11-2018 / 11:06

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək.

Xeberler.az  bildirir ki, konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi  çərçivəsində təşkil olunması nəzərdə tutulur. Tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edəcək.

İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsünü Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi irəli sürüb. İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati əhəmiyyət daşıdığını nəzərə alaraq, 5 dekabr tarixində keçiriləcək builki konfrans “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda təşkil olunacaq.

Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə rəqəmli bağlantı həlləri biznes dairələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından çox böyük əhəmiyyətə malikdir. Builki Xəzər İnnovasiya Konfransı rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirəcək. Ətraflı məlumat və qeydiyyat üçün: www.caspianinnovation.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.