Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018 / 16:59

Bakıda "Bakutel-2018"– 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransına həsr olunmuş mətbuat konfransı keçirilib.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə 4-7 dekabr tarixlərində keçiriləcək ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri  – "Bakutel"də gözlənilən yeniliklərdən söz açıb. E.Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən dəstək göstərilən sərginin adına bu il ilk dəfə innovasiyalar sözünün artırıldığını nəzərə çatdıraraq, bunun təsadüfi olmadığını vurğulayıb. Nazir müavini ildən-ilə genişlənən sərgi-konfransda cari ildə innovativ həllərin, startapların və digər yeniliklərin yer alacağını diqqətə çatdırıb.

Zəngin məzmun və yeniliklər baxımından builki sərginin daha da maraqlı olacağını qeyd edən E.Vəlizadə "Bakutel"in regionun ən nüfuzlu İKT sərgisi adını qazandığını bildirib. Nazirlik rəsmisi qeyd edib ki, yerli və xarici şirkətlər üçün qarşılıqlı tanışlıq və geniş biznes imkanları yaradan sərgidə cari ildə 10 milli pavilyon, o cümlədən Amerika, İtaliya, Polşa, Türkiyə, İran və digər ölkələrin pavilyonları təmsil olunacaq ki, bu da  "Bakutel"ə ildən-ilə artan marağın göstəricisidir. O, əlavə edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumlarının təqdim etdiyi xidmət və həllər də sərgidə təşkil olunan geniş pavilyonda yer alacaq. Bundan başqa, ənənəvi olaraq, "Bakutel" sərgi-konfransı ilə paralel bir çox İKT tədbirlərinin keçiriləcəyini deyən nazir müavini sərginin ziyarətçilər üçün də bir çox maraqlı layihələrlə yaddaqalan və maraqlı olacağını vurğulayıb.

"Caspian Event Organisers" (CEO) şirkətinin direktoru Edvard Stron da "Bakutel" sərgisinin yüksələn nüfuzundan danışıb. Sərgidə cari ildə 20 ölkədən 230 şirkətin iştirak edəcəyini deyən direktor qeyd edib ki, bu, keçən illə müqayisədə 16 faiz artım deməkdir: "Bu, eyni zamanda sərginin profilli olduğuna dəlalət edən faktdır Bundan başqa, bu il artıq 30 faiz yeni zaiyarətçilərimiz var".

Sərginin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini diqqətə çatdıran CEO rəhbəri bu əməkdaşlıq üçün minnətdarlığıını ifadə edib. 2018-ci il sərgisinin maraqlı tərəflər üçün yaddaqalan olacağını da deyən E.Stron hər kəsi "Bakutel"-i ziyarət etməyə dəvət edib.

"Yüksək texnologiyalar həftəsi" çərçivəsində baş tutacaq ənənəvi "Bakutel" sərgisi təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi  işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.

Dörd gün ərzində sərginin ekspozisiyası rəqəmsallaşma üzrə müxtəlif həll variantları, "Big Data", "Machine-to-Machine" (M2M), "Əşyalar interneti", bank texnologiyaları, "4-5G" mobil texnologiyaları, fiber-optik və "bulud" texnologiyaları sahəsində xidmətlər, kibercinayətləri aradan qaldırmağın yeni yolları, dövlət xidmətləri, elektron səhiyyə, süni intellekt, mobil cihaz və ləvazimatlar, "ağıllı şəhər", pilotsuz uçuş aparatları və dronların idarəetmə sistemləri və s. kimi tematik bölmələri əhatə edəcək.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının, eləcə də "Bakutel" sərgisinin nüfuzunun göstəricisidir.

"Bakutel-2018" sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" ("CEO") şirkətidir. Baş sponsor isə iyirmi ildən artıq tədbirin əsas iştirakçılarından olan "Azercell" şirkətidir.  

Ənənəvi olaraq, sərgini beynəlxalq mütəxəssislər, İKT qurumlarının rəhbərləri ziyarət edirlər. Bu il sərginin fəxri qonaqları arasında Rusiya, Türkiyə, Belarus, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Özbəkistan, Latviya, Bolqarıstanın İKT sahəsi üzrə nazirləri və yüksək rütbəli nümayəndələri yer alıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə