Komandamız Beynəlxalq İnformatika Olimpiadasından yenə əliboş qayıtdı

04-08-2015 / 17:33

Xəbər verdiyimiz kimi  ötən günlərdə Almatıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan milli komandası da iştirak edib.

Xeberler.az olaraq yarışın gedişatı və  nəticələri ilə bağlı informatika üzrə olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə ilə əlaqə saxladıq.

Onunla müsahibəni  təqdim edirik:

-Ramin müəllim, səfəriniz necə keçdi?

-Olimpiada iyulun 26-dan avqustun 2-nə kimi davam etdi. İyulun 27-si səhər məktəblilər yarışmada işləyəcəkləri proqram sistemləri ilə tanış oldular. Nahardan sonra açılış mərasimi oldu və axşam yarışmanın birinci mərhələsi müzakirə olundu. İyulun 28-i birinci mərhələ keçirildi və səhər saat 09:00-dan 14:00-dək məktəblilər 3 tapşırıq yerinə yetirdilər. İyulun 30-u yarışmanın ikinci günü idi. Məktəblilər 5 saata 3 tapşırıq həll etdilər. İyulun 29-u da eyni şəkildə mərhələli yarışmalarla keçdi. İyulun 31-i isə yarışın ikinci mərhələsindən sonra ekskursiyalar təşkil edildi.

-Yarışda neçə ölkə iştirak edirdi, hansılar daha aktiv idi?

-Olimpiadada 83 ölkənin iştirakı qəbul edilmişdi. Ümumilikdə isə 324 məktəbli medallar uğrunda mübarizə aparırdı.

-İştirakçılarımız özlərini necə göstərdilər? Hansısa medallar qazanıldımı ? Bildiyimiz qədər bz hələlik bu Olimpiadada qızıl ala bilməmişik. Bu dəfə necə oldu ?

-Məktəblilərimizin çıxışı uğurlu olmadı. Məlumdur ki, 4 iştirakçıdan 3-ü olimpiadada birinci dəfədir ki, çıxış edirdi. Təbii ki, bunun üçün hər birində döyüşçü ruhunun olması şərt idi. İştirakçılarımıza verilən tapşırıqları həll etmək üçün ən azı 2 həftə vaxt lazım idi. Amma bizimkilərə bunun üçün sadəcə 5 saat verilmişdi.  Bu qədər vaxt heç kəsə verilmir. Onların biliyi var idi, amma onlar , necə deyərlər “döyüşçü” deyildilər.

-Ümumiyyətlə, bu olimpiadaların nə kimi əhəmiyyəti var?

-BİO bütün dünyada informatika fənni üzrə keçirilən vacib yarışlardan biridir. Yarışmanın şərtlərinə görə, iştirakçılar bu beynəlxalq yarışmada çıxış etməklə İT sahəsində mühüm iz qoymuş olurlar. Axı nəticələr göstərir ki, belə mütəxəssislərə dünyanın  hər bir ölkəsində ehtiyac var. Nəticələr onu öyrənməyə imkan verir ki, İT nəhənglər və aparıcı firmaların belə kadrlar axtarır: əgər ölkə heç olmasa bir medalçı hazırlaşdıra bilmirsə, bu o deməkdir ki, İT sahəsində ciddi işlər görmək lazımdır.

-Olimpiadaya hansı qurumlar rəhbərlik edirdi, təşkilatçılar kimlər idi?

-Olimpiadaya rəhbərlik edən əsas təşkilatlar bunlar idi: Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi,  Al-Farabi Qazaxıstan Milli Universiteti, Darin Respublika Elm-Təcrübə mərkəzi

-Xəbər verdiyimiz kimi, 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Buna kim təşəbbüs göstərdi?

-BİO-nun 2019-cu ildə Bakıda keçirilməsinin təşəbbüskarı Təhsil Nazirliyidir. Olimpiadanın hansısa ölkədə keçirilməsi ilə bağlı ciddi şərtlər var. Bu məsələlər beynəlxalq komitənin iclasında müzakirə olunur.

İyulun 28-də Azərbaycan komandasının bununla bağlı təqdimatı oldu. Bizim rəqibimiz Sinqapur oldu. Beynəlxalq komitənin iclasının yekun qərarına əsasən, BİO 2019-cu il avqustun 31-i Bakıda, 2020-ci ildə isə Sinqapurda keçiriləcək.

Qeyd edək ki, 2016-cı ildə olimpiada Kazanda, 2017-ci ildə İranda, 2018-ci ildə Yaponiyada keçiriləcək.

-Bizdə Olimpiadaya hazırlıq necə aparılacaq? Hər hansı bir komissiya yaradılacaqmı?

-Məlumdur ki, yarışa yüksək dərəcədə hazırlıq işlərinin aparılması bir və ya bir neçə insanın işi deyil. Bura ciddi hökumət strukturlarını cəlb etmək lazımdır. Onların köməyi olmadan yarışmanın keçirilməsi mümkünsüzdür. Avropa Oyunlarından, Beynəlxalq Kimya olimpiadasından sonra bütün nəzərlər üzərimizdədir. Biz yarışmanı layiqli keçirməklə kifayətlənməməliyik, eyni zamanda yaxşı çıxış etməli, mütləq medal qazanmalıyıq. Hazırlıq üçün 4 ilimiz var və bunun üçün bir günü belə dəyərləndirməliyik. Biz artıq Olimpiadada çıxış edən 4 məktəbli üçün hazırlıq proqramları tərtib etmişik.

-Sizcə, beynəlxalq yarışmanın Azərbaycanda keçirilməsi informatikanın bəzi məktəblərin 10-11-ci siniflərdə ləğvini geri qaytaracaqmı?

-Bu mövzuda mən yalnız şəxsi fikrimi deyə bilərəm. İnformatika fundamental fənndir. O, məktəb təhsilində əsas yer tutmalıdır. İnformatika digər fənlər üçün tədqiqat vasitələri təqdim edir. Yəni informatikadan istifadə etməklə digər fənləri analiz etmək mümkündür. İnformatikasız heç nə, başqa elmlər, mədəniyyət və s. mümkün deyil  və  İKT potensialı da dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Bu potensialdan istifadə isə  İKT mütəxəssislərisiz mümkün deyil. İKT mütəxəssisləri yalnız universitetdəki biliklərlə kifayətlənə bilməz axı.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.