Yeni elektron valyuta Azərbaycanda işləyəcəkmi?

18-02-2015 / 18:15

Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin elektron valyutaya göstərdiyi maraq və bu istiqamətdə aparılan işləri təşviq etməsi müxtəlif yeni ödəniş vasitələrinin yaranmasına səbəb olub. Onlardan ən məşhuru elektron BitCoin kriptovalyutasıdır.

Hazırda bu  valyuta növü hər gün əhatə dairəsini genişləndirməyə  davam edir.

BitConi-nin  dünya ölkələrində istifadəsi, digər valyutalardan fərqləri, onun spesifik xüsususiyyətləri ilə bağlı informasiyaların maraqlı olacağını düşünərək bu haqda daha geniş məlumat verməyi əhəmiyyətli hesab etdik. 

Bu məqsədlə Xəbərlər saytı İT mütəxəssis, bir sıra  İT layihələrin müəllifi və rəhbəri Orxan Əhmədovla əlaqə saxlayıb.  

Orxan  Əhmədov bildirib ki, kriptovalyutalar hazırda ödəniş vasitəsi kimi istifadə olunur və təməli 2009-cu ildə məşhur BitCoin ilə qoyulub. BitCoin  kriptoqrafik, yəni şifrələnmiş koddan ibarətdir:

“Avropa ölkələrində və Amerikada bu valyuta növündən  artıq istifadə edirlər. Bitcoin-in digər elektron valyutalardan əsas fərqi ondan ibarətdir ki, o heç bir valyutaya bağlı deyil, heç yerdə yaddaşda saxlanılmır və real pul kimi itirlə bilər. Yəni, pul qabınızı itirdikdə pullarınızı da itirmiş olursunuzsa,  telefonunuzu və kompüterinizi itirəndə də bitcoinlərdən məhrum olursunuz”.

Vinklevos qardaşlarının   Bitcoin-ə külli miqdarda yatırım etmələri, yeni kriptovalyuta haqqında daha geniş mübahisələrin aparılmasına səbəb olub.

Orxan Əhmədov BitCoin-lərin  necə yaranması  və istifadə olunması barədə də məlumat verib:

“Bu gün bütün dünya üzrə 100-dən çox müxtəlif ad və dəyərdə kriptovalyuta mövcuddur. Lakin onlardan ən birincisi və ən geniş yayılanı “Bitcoin”dir. Kriptovalyuta növünün 2009-cu ildə naməlum bir qrup şəxs tərəfindən yaradıldığı ehtimal edilir. Bitcoin-in əldə edilmə proseduru “mayninq” (mədənləmə) adlanır və “blok” adlanan riyazi məsələlərin həlli nəticəsində əmələ gəlir. Bu zaman 25 bitcoin əmələ gəlir.
Əvvəllər 1 blok məsələnin həlli nəticəsində 50 bitcoin əmələ gəlirdi. Lakin, sistem elə qurulub ki, hər 4 ildən bir məsələ həlli nəticəsində əmələ gələn bitcoin sayı yarıya qədər azalır. Bitcoin ilk yarandığında sadəcə bir qrup proqramçı arasında görülən işlərin ödənilməsi üçün istifadə edilirdi və 1 ABŞ dolları qarşılığında minlərlə BTC ilə ifadə olunurdu. Lakin, getdikcə yeni valyutanın əvvəlcə daha çox istifadəçi, daha sonra isə kiçik biznes nümayəndələri tərəfindən qəbul edilməsi, onun dəyər qazanaraq bahalaşmasına səbəb olub. Məsələyə Vinklevos qardaşlarının qarışması, daha doğrusu Bitcoin-ə külli miqdarda yatırım etmələri, yeni kriptovalyuta haqqında daha geniş mübahisələrin aparılmasına səbəb olub.

Hətta Norveçli tələbə Kristofer Kox 2009-cu ildə 24 dollara aldığı 5min Bitcoin-i 2013-cü ildə, Bitcoin-in dəyərinin artması (hal-hazırda 1BTC=620 USD) nəticəsində milyonerə çevrilib. İnternetdə yerləşdirilmiş açıq koddan istifadə edilərək, müəyyən riyazi məsələlərin həlli nəticəsində əmələ gəlir. Məsələn, əgər hər hansı bir elektron valyuta hansısa qurum tərəfindən əvvəlcədən hazırlanan hər hansı bir koddan ibarət və əvvəlcədən müəyyən edilən bir məbləğə bərabərdirsə, o zaman “birləşmə” əmələ gəlir. Kriptovalyutada əvvəlcədən 1 “bitcoin”ın hansı kodla ifadə olunacağı naməlumdur, üstəlik, bu kodun hansı rəqəm və hərf birləşmələrindən ibarət olacağına belə heç kəs nəzarət etmir və edə bilməz. Nəticədə tamamilə heç kəsdən asılı olmayan, sərbəst bir valyuta əmələ gəlir ki, onun istehsalına sərf edilən vaxt və enerji nəticəsində ilkin dəyər formalaşır”.

“Bir çox ölkələrdə BitCoin-ə qarşı qadağalar tətbiq olunur”.

“Bu gün Bitcoin-i yalnız “mayninq” ilə deyil, eyni zamanda ixtisaslaşmış virtual birjalardan da pul qarşılığında əldə etmək mümkündür. Bununla belə Bitcoin-in dəyəri stabil deyil və sistemdə baş verən istənilən mənfi və müsbət təsirlər nəticəsində qiyməti dəyişir. Məsələn Bitcoin-in 2013-cü il noyabr ayının əvvəlində dəyəri 300 USD olduğu halda, proqnozlara görə ayın sonunda 500 USD olacağı gözlənilsə də, 1000 USD-dən artıq olub. Növbəti gün isə istifadəçi hesablarından külli miqdarda bitcoin oğurlanması xəbəri isə Bitcoin-in dəyərini yarıya qədər azalmasına səbəb olub. Onu  da qeyd edim ki, bu yeganə hal deyil. Müxtəlif ölkələrin bitcoin ilə bağlı qəbul etdiyi qərarlar, qayda və qanunlar, MtGox virtual birjasının müflis olub bağlanması, Çində istifadəçi hesablarından milyonlarla dəyəri olan Bitcoinlərin oğurlanması da, yeni kriptovalyutanın dəyərinə mənfi təsir göstərib.

Bir çox ölkələr Bitcoin-i ciddi ödəmə vasitəsi kimi qəbul etmir və onların istifadəsinə qadağa qoyur. Məsələn,  Rusiya Federasiyasının Mərkəzi Bankı, bitcoin ilə aparılan əməliyyatların izlənilməsinin mümkünsüz olduğunu bildirərək, bu cür əməliyyatlara qadağa qoymuş və terrorizmə dəstək kimi qiymətləndirəcəyini bildirib.
Ancaq Bitcoin-ə mənfi münasibətlər olduğu kimi, ABŞ və bir sıra Avropa ölkələrində Bitcoin-i əvvəldə qeyri ciddi qəbul etsələr də, kiçik biznesdə ondan istfadənin artdığını görərək, qadağa etmək əvəzinə xüsusi lisenziya tətbiq edərək, bitcoin əməliyyatlarına vergi öhdəliyi qoyulub. Çində böyük ərazilərdə  kompüterlər qoşub  BitCoin istehsal  edirlər. Gələcəkdə bu valyuta dövlət səviyyəsində istifadə olunacaq modeldir. “Microsoft” şirkəti də BitCoin istehsal etməyə başlayıb. Bu vasitə pul daşınmasını və istifadəsini asanlaşdırır. Amerikada  yeni valyuta  artıq dövlət səviyyəsində əmlak kimi qəbul olunub.  Amerikada restoranlar bunun üçün  lisenizya alırlar və  əmlak vergisini ödəyirlər. Model böyüyür”.

Orxan Əhmədov yeni valyutanın Azərbaycanda istifadə olunmasından danışaraq deyib ki,  ölkəmizdə yeni valyutanın geniş istifadəsi real görünmür.  O  vurğulayıb ki, Azərbaycanda  insanlar daha çox nəğd pulun istifadəsini üstün tutduqları üçün hələ elektron  valyutanın istifadəsi  tam şəkildə həyata keçirilə bilmir.  Bu baxımdan  ölkəmizdə BitCoin yalnız həvəskar formada fəaliyyət göstərə bilər.

Məltəm Talıb


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.