“Ağıllı” arı yeşiklərinin istehsalına başlanılıb

11-05-2022 / 21:34

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “BEYT” MMC 26-29 may tarixlərində ölkəmizdə keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə iştirak edəcək.

Xeberler.az məlumat verir ki, bu barədə “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov məlumat verib. O, qurumun təqdim edəcəyi layihələrin əhəmiyyətli texnoloji yeniliklər olduğunu bildirib. Qeyd edib ki, festivalda texnoparkda aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan, rəqabətədözümlü, intellektual texnoloji məhsullar nümayiş olunacaq.
İcraçı direktor sərgidə təqdim olunacaq “Smart” arı yeşiklərinin istehsalının təşkili” layihəsi barədə danışaraq, son zamanlar arı yeşiklərinin intellektuallaşdırılması istiqamətində mühüm işlərin aparıldığını bildirib. O, texnoparkın mütəxəssisləri tərəfindən yeşiklərə yerləşdirilmiş xüsusi sensorlar sayəsində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarların əraziyə mütəmadi olaraq getmələrinə ehtiyac qalmadan, uzaq məsafədən mobil telefon vasitəsilə yeşiyin vəziyyətinə nəzarət edə biləcəklərini deyib. “Ağıllı” yeşiklərin temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi üstünlüklərə malik olduğunu vurğulayıb.
Emil Əhmədov yüksək ixrac potensialı olan məhsulun bu günə qədər ölkəmizə əsasən Fransadan gətirildiyini bildirib, layihənin ölkəmizdə həyata keçirilməsinin rəqabətədözümlü milli intellektual məhsulların istehsal edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
“Ölkəmizdə “ağıllı” arı yeşiklərini istehsal etməklə burada arıçılıqla məşğul olan sahibkarlara daha əlçatan və münasib qiymətə bu innovativ yeniliyi təqdim etmiş olacağıq”, – deyə bildirən icraçı direktor layihənin təsərrüfat subyektlərinə kompleks həllər təklif etdiyini və arıçılıq təsərrüfatının inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
Qurumun rəsmisi, həmçinin “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihəsindən söz açıb. O, LED lampa üçün diod və mikrosxem istehsalının strateji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Hazırda bu tip məhsulların Azərbaycana digər ölkələrdən idxal edildiyini söyləyən Emil Əhmədov layihə çərçivəsində istehsal ediləcək yüksək keyfiyyətli məhsulların daxili bazara satışı, eləcə də xarici ölkələrə ixracının nəzərdə tutulduğunu qeyd edib.
O, bu kimi yüksək səviyyədə təşkil olunan sərgilərin Azərbaycanda mövcud şirkətlərin beynəlxalq arenaya inteqrasiyası üçün böyük imkanlar açdığını deyib. İcraçı direktor müəssisənin istehsal etdiyi məhsulların “Teknofest Azərbaycan” sərgisi iştirakçılarının böyük marağına səbəb olacağına və bir sıra xarici partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəyinə inamını bildirib.

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə