Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda nəqliyyat və logistika sahəsində rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi və beynəlxalq təchizat zəncirlərinin inkişafı məsələləri müzakirə edilib.
Xeberler.az məlumat verir ki, forumun “Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi” adlı panel sessiyasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin sektor müdiri Aytən Turabova və Rəqəmsal Logistika Platformasının layihə rəhbəri Ehtiram Quliyev çıxış ediblər.
Aytən Turabova Azərbaycanda nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, ölkənin tranzit potensialının artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin gücləndirilməsi üçün fiziki infrastruktur layihələri ilə yanaşı rəqəmsal həllərin tətbiqi də mühüm əhəmiyyət daşıyır.

O, həmçinin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin və ötürücülük qabiliyyətinin artırılması məqsədilə qonşu dövlətlərlə birgə həyata keçirilən təşəbbüslər, koordinasiya tədbirləri və regional əməkdaşlıq mexanizmləri barədə danışıb.
Panel çərçivəsində çıxış edən Ehtiram Quliyev isə Rəqəmsal Logistika Platformasının imkanlarını təqdim edib və “Bir pəncərə” informasiya sisteminin beynəlxalq ticarət və logistika proseslərində yaratdığı üstünlüklərdən bəhs edib.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan “Bir pəncərə” informasiya sistemi xarici iqtisadi fəaliyyət iştirakçıları arasında məlumat mübadiləsini sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq ticarət əməliyyatları üçün tələb olunan sənədlərə vahid müraciət əsasında çıxış imkanı yaradır.
Ehtiram Quliyevin sözlərinə görə, rəqəmsal transformasiya logistika ekosisteminin bütün iştirakçılarının vahid informasiya məkanında əməkdaşlığını təmin edir və əməliyyatların daha çevik, sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradır.
Qeyd olunub ki, hazırda Rəqəmsal Logistika Platforması çərçivəsində Ticarət Bələdçisi alt sistemi, Fumiqasiya Aktı, Beynəlxalq Əmtəə-Nəqliyyat Qaiməsi (CMR) və E-Permit xidmətləri istifadəyə verilib. Yaxın zamanda Fitosanitar Sertifikat, İxrac Bəyannaməsi və Gigiyenik Sertifikatın elektronlaşdırılmasının tamamlanması, növbəti mərhələdə isə idxal və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması planlaşdırılır.
Forumda vurğulanıb ki, Rəqəmsal Logistika Platformasının əsas məqsədi təchizat zəncirlərinin idarə olunmasını daha effektiv təşkil etmək və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirməkdir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları