Azərbaycanın “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir

03-11-2013 / 11:49

Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “TASİM” layihəsinin reallaşması  Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir.


Beynəlxalq ekspertlərin hesablamalarına əsasən, Avropa ilə Asiya arasında tranzit trafiki bazarının həcmi pul vahidi ilə ölçüldükdə 2012-ci ildə 295 milyon dollar təşkil edib. Bu il bu göstəricinin 322 milyonadək , 2016-cı ilədək isə 358 milyon dollaradək artması proqnozlaşdırılır. Qeyd edilən marşruta uyğun trafik həcmi 2012-ci ildə 1139 Gbit/s təşkil edib, bu il 1619 Gbit/s, 2016-cı ildə isə 4663 Gbit/s proqnozlaşdırılır. Rusiyanın ərazisindən Avropa-Asiya trafikinin cəmi 15%-i keçir. Ekspertlər hesab edirlər ki, Avropa hazırda Asiya ilə etibarlı rabitə kanalı və alternativ marşrutların yaradılmasında maraqlıdır.


Bu ilin dekabr ayında "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi çərçivəsində operatorlar arasında memorandumun imzalanması gözlənilir.

"TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənov layihənin reallaşdırılması istiqamətində aparılan işlər haqda bəhs edərək bildirib ki, bu sənəd imzalandıqdan sonra magistralın hansı marşrutla tikiləcəyi və onun son qiyməti müəyyən ediləcək.

“Hazırda layihə çərçivəsində həyata keçirilə biləcək iki marşrut müzakirə edilir. Bu marşrutların biri magistralın Qazaxıstan üzərindən keçməsini nəzərdə tutur. İkinci marşrut isə magistralın Türkmənistan-Qırğızıstan-Tacikistan üzərindən keçməsini nəzərdə tutur və bu ərazilər  dağlardan keçdiyinə görə daha çox vəsait tələb olunacaq. Qazaxıstan ərazisindən magistralın keçməsi gələcəkdə layihənin effektivliyini artırır, çünki bu ölkədə biznes inkişaf edir və bu seqmentdə trafikin doldurulması təmin olunacaq.”

Artıq Avrasiya Rabitə Alyansının strukturunun formalaşdırılması üzrə işlərə başlanılıb və alyans bu ilin dekabr ayınadək işə başlayacaq. Qeyd edilən operatorlararası memorandum imzalandıqdan sonra gələn ildən etibarən  layihənin reallaşmasına başlanacağını gözləmək olar. İlkin məlumata əsasən, “TASİM” layihəsinin ötürmə qabiliyyəti 10Tbit/s təşkil edəcəyi gözlənilir.


“TASİM” layihəsi Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini, özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.

Layihədə Çinin (Chinatelecom),  Qazaxıstanın (Kaztranscom), Rusiyanın (Rostelecom), Türkiyənin (Turktelekom) və Avropa İttifaqının (Pantel) operatorlarının iştirakı artıq təsdiqlənib və operatorlar “TASİM” Konsorsiumunun yaradılmasına dair detallaşdırılmış Anlaşma Memorandumu üzərində işləyirlər.

“TASİM” Katibliyi tərəfindən Avropa İttifaqı, Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)  və Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurulub və müvafiq sənədlərdə bu əks etdirilib.

“TASİM” uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan birinci mərhələdə, aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit  infrastrukturunu yaradacaqlar. İkinci mərhələdə “TASİM” qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcək. Milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdiriləcək  və “TASİM” şəbəkəsinə birləşdiriləcək. İkinci mərhələdə “TASİM” layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, oxşar layihəni Rusiyanın “Megafon” rabitə operatoru Frankfurtdan Çin və Qazaxıstan sərhədinə kimi fiber-optik transkontinental internet magistralını artıq istifadəyə verib.  Bu magistralın uzunluğu 8700 kilometr təşkil edir və Almaniya, Avstriya, Slovakiya, Rusiya, Qazaxıstan ərazisindən keçir. Şirkətin yaratdığı magistral “Huawei” şirkətinin avadanlığı əsasında, “Qazaxtelekom” və “İnteroute” şirkətləri ilə birgə tikilib. “DREAM (Diverse Route for European and Asian Markets)” magistralı Avropa ilə Asiya arasında bütün tip telekommunikasiya trafiklərinin 1-10 Gbit/s sürətlə  ötürülməsi  üçün nəzərdə tutulub. Magistralın ötürmə qabiliyyəti 8Tbit/s təşkil edir. Təkcə Rusiya operatoru layihənin reallaşmasına 18,9 milyon dollar (600 milyon rubl) xərcləyib və artıq 2015-ci ildə bu xərclərin ödənilməsini gözləyir, digər operatorlarda layihənin reallaşmasına “kiçik” sərmayə qoyduqlarını və 2015-ci ilədək bu vəsaitlərin qayıdacağını bildiriblər.

Azərbaycanın həyata keçirmək istədiyi “TASİM” layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə  və internet xidmətlərinin inkişafına kömək edəcək və iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına xidmət edəcək. Eyni zamanda bu layihə alternativ marşrutlardan biri olacaq.

“TASİM” layihəsi 2008-ci ilin noyabrında telekommunikasiya və informasiya texnologiyaları üzrə “Bakutel-2008” beynəlxalq sərgi- konfransı çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim etdiyi regional təşəbbüslərdən biridir. Layihənin yaradılması ilə bağlı “Bakutel-2008” sərgi-konfransı çərçivəsində xüsusi bəyannamə qəbul edilib.

Bundan sonra,  2009-cu il dekabrın 21-də BMT Baş Assambleyasının 64-cü sessiyasında “TASİM” layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və birlikdə qəbul edilən qətnamədə “TASİM”-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. 2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edilib.

Layihənin həyata keçirilməsini asanlaşdırmaq məqsədi ilə bu ilin sentyabr ayında Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş  sessiyada “TASİM” layihəsinin həyata keçirilməsini daha da sürətləndirmək məqsədi ilə Avrasiya Rabitə Alyansının yaradılması təşəbbüsü irəli sürülüb.(ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə