Yanvarın 10-da Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bununla bağlı məlumatında deyilir ki, görüşdə hər üç ölkənin nazirləri və müvafiq qurumlarının rəhbərləri iştirak edib. Üçtərəfli görüş zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə “Siyəzən-Türkmənbaşı” fiber-optik kabel magistralının çəkilməsi, o cümlədən Türkmənistan ərazisi ilə Əfqanıstanın internetlə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bununla bağlı texniki-iqtisadi əsaslandırma işlərinin həyata keçirilməsi məqsədilə üç ölkənin mütəxəssislərinin iştirakı ilə birgə işçi qrupun yaradılması qərara alınıb.
Qeyd edək ki, Azərbaycandan Xəzər dənizinin dibi ilə Asiyaya fiberoptik kabelin - Trans-Avrasiya Super İnformasiya Magistralının(TASİM) çəkilməsi təşəbbüsü ilə rəsmi Bakı 2008-ci ildən çıxış edib. Həmin il noyabrın 11-də Bakıda TASİM layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib. Layihə çərçivəsində Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulması nəzərdə tutulur. Xəttin Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəyi planlaşdırılır. Tranzit xətt Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Almaniyaya çatmalıdır. Layihə ilə əlaqədar nəzərdə tutulan Ehtiyat Şimal tranzit xəttin isə Rusiya, Ukrayna və Polşadan keçməsi planlaşdırılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, TASİM layihəsinin reallaşdırılması region üçün bir sıra faydalar gətirəcək: “Bu faydalar təkmilləşdirilmiş regional və qlobal bağlantı, telekommunikasiya tranzit marşrutunun diversifikasiyası, təkmilləşdirilmiş qəza bərpa çevikliyi, rəqəmsal uçurumun azaldılması və Davamlı İnkişaf Məqsədlərinə və regional innovasiya və müasirləşməyə töhfələrdir”.
2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında TASİM-ə dair qətnamə qəbul olunub. 30 ölkə tərəfindən həm-müəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. 2010-cu ilin aprel ayından etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TASİM layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirməkdədir.
2012-ci ildə BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə növbəti qətnamə qəbul edilib. 2013-ci ildə isə BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycanın təşəbbüsü ilə “Avrasiya Rabitə Alyansı”-nın (Eurasian Connectivity Alliance - EuraCA) yaradılması üçün müzakirələrin başlanılmasına dair qətnamə qəbul olunub.
2011-ci ildə TASİM Katibliyi yaradılıb. Layihənin idarə olunması üçün Azərbaycan (Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi), Çin (China Telcom Global Limited), Qazaxıstan (“Kaztranscom” JSC), Rusiya (“Rostelecom” OJSC Long-Distance and International Telecommunications) və Türkiyə (“Türk Telekomünikasyon” A.Ş) telekom operatorlarının iştirakı ilə TASİM Konsorsiumunun yaradılması məqsədilə 2013-cü ildə Anlaşma Memorandumu imzalanıb.
TASİM layihəsinin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. İkinci mərhələdə qurulmuş tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya daxil olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələri münasib qiymətli internetlə təmin ediləcək. Bu mərhələdə Milli Telekom İnfrastrukturunun İnkişafı planlarına uyğun olaraq yeni fiber-optik xəttlər qurulacaq, mövcud xətlər isə texnoloji baxımından təkmilləşdirilərək TASİM şəbəkəsinə birləşdiriləcək. TASİM layihəsi ikinci mərhələdə BMT mandatına uyğun olaraq həyata keçiriləcək.
TASİM-lə bağlı Qazaxıstanın da gözləntiləri var. Belə ki, ötən ilin oktyabrında xalqa müraciətində bu ölkənin prezidenti Nursultan Nazarbayev bildirib ki, Qazaxıstan Azərbaycan və Xəzər dənizindən keçməklə Çin və Avropa İttifaqını birləşdirəcək fiber-optik rabitə xətti çəkəcək. Dövlət başçısı qeyd edib ki, Xəzər dənizinin statusu ilə bağlı konvensiyanın imzalanması bu layihənin reallaşması üçün real imkan yaradıb.
Uzunluğu 27 000 km olan Trans-Avrasiya fiber-optik magistralının Azərbaycan və Qazaxıstan arasındakı dənizaltı seqment bu günə qədər tikilmədiyindən bu marşrutda siqnalın ləngiməsi(RTD) baş verir. Bu tikintisinə başlanmamış dənizaltı xəttin uzunluğu (Siyəzən-Aktau) 380 km-dir. Bu seqment çəkilərsə trafik ən qısa marşrutla Asiya və Avropa arasında Azərbaycandan keçməklə son istifadəçilərə, istehlakçılara çatdıralar.
Azərbaycan İranla da TASİM-in icrası üçün danışıqlar aparır. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin sözlərinə görə, bu layihə vasitəsilə İranın şimalı ilə Çin və Avropanın rabitə yolu birləşəcək: “Hazırda Trans-Asiya-Avropa beynəlxalq kabel magistralı olsa da, ikinci magistral daha etibarlı yola çevrilə bilər. Təbii ki, bu yolun bir hissəsi Xəzər dənizindən keçəcək”.
Azərbaycan, İran, Rusiya və Türkiyənin rabitə nazirlərinin bu ay İranda keçiriləcək görüşünün əsas müzakirə mövzusunun da məhz TASİM olacağı gözlənilir.
Göründüyü kimi, Azərbaycan internet və rabitə xidmətlərinin tranzitində mühüm həlqəyə çevrilmək istiqamətində səylərini yenidən aktivləşdirib.
Xeberler.az bildirir ki, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Yeni Müsavat”a dediyinə görə, indiyədək Xəzərin dibi ilə Asiyaya fiberoptik kabelin çəkilməsi istiqamətində çoxsaylı cəhdlər olub: “Bildiyiniz kimi, Xəzərin dibi ilə Asiyaya magistralın çəkilməsi 20 ilə yaxındır gündəmə gətirilir. Əvvəllər TAE adlı layihə vardı, 2008-ci ildən TASİM yaradılıb. Bu layihəyə dair BMT tərəfindən 3 dəfə dəstəkləyici qətnamə qəbul edilib. Hətta bir ara bu xəttin SOCAR-la birlikdə çəkilməsi təklif edilirdi. Lakin bu on ildə irəliləyiş əldə olunmayıb. Burada digər ölkələrin, məsələn, Rusiya, Çinin öz maraqlarından doğan mövqeyi də rol oynayıb. 2015-ci ildə MTN və ”Rabitə işi" nəticəsində TASİM-lə bağlı işlər donduruldu. Son zamanlar isə layihənin icrası ilə bağlı işlər yenidən canlanıb".
Ekspertin sözlərinə görə, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması layihə üçün əlverişli zəmin yaradıb: “Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Özbəkistan ona böyük maraq göstərirlər. Türkmənistanın da bura qoşulması müsbət haldır. Düzdür, son məlumatda TASİM-in adı çəkilməyib, amma bu, çox yaxşı bir gedişdir. Azərbaycanın Türkmənistan və Əfqanıstan bazarına çıxması ölkəyə çox böyük fayda verə bilər. Yəni çox gəlirli bir layihə ola bilər. O region ta Pakistana qədər internet-telekommunikasiya baxımından qapalı ərazi hesab olunur. Dənizlərə və magistral xətlərə çıxışı olmayan bir ərazidir. O bazar uğrunda həmişə mübarizə gedib: bir tərəfdən Çin, bir tərəfdən Rusiya. İndi Azərbaycanın coğrafi mövqeyi bu bazara çıxış imkanı verir. Yeganə problem Xəzər dənizi ilə bağlıydı. Güman ki, bu məsələ ilə bağlı da müəyyən razılaşmalar var ki, işlər yenidən canlandırılır”.
Forum rəhbərinin fikrincə, əldə olunan razılaşmalar hələ görüləcək işlərin yarısı deməkdir: “Bu, çox böyük bir işdir, böyük də maliyyə tutumu olacaq. Güman ki, maliyyələşmədə də Azərbaycan təşəbbüskar olacaq. Magistralın çəkilməsi üçün konsorsium yaradılması nəzərdə tutulur, yəqin ki, işlərin maliyyələşməsində Azərbaycandan gözləntilər daha böyük olacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri