“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020 / 09:49

“Azərkosmos” ASC Afrikanın “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək. “Prime African Media Systems” telekommunikasiya sahəsində fəaliyyət göstərir və peyk həlləri və teleport xidmətlərini həyata keçirir.

Xeberler.az bildirir ki, əməkdaşlıq müqaviləsinə əsasən “Prime African Media Systems” şirkəti Qərbi Afrika regionunda “Azerspace-2” peykinin tutumlarından istifadə etməklə “ATN TV” televiziya kanalının yayımı ilə bərabər Afrika regionunda, xüsusilə kabel şəbəkəsinin olmadığı yaşayış məntəqələrində sözügedən kanalın yayımını da həyata keçirəcək.

“Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye “Prime African Media Systems” şirkətinin infrastruktur imkanları sayəsində Afrika regionunun əlçatmaz coğrafi məntəqələrinə innovativ peyk həlləri təqdim edəcəklərini bildirib.

“Prime African Media Systems” şirkətinin texniki direktoru Viktori Xan isə öz növbəsində qeyd edib ki, “Azərkosmos”la birgə fəaliyyətimiz Afrika regionunda yaşayan insanların təhsilində və onlayn platformalar üzərindən həyata keçirilən istənilən kommunikasiyanın təmin edilməsində bizim üçün böyük fürsətdir.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə