“Bakcell” bu gündən manat tarif sisteminə keçdi - CƏDVƏL
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti bu gündən etibarən CİN abunəçilərinin kontur sistemindən manat tarif sisteminə keçdiyini elan edib. “APA-ECONOMICS”in məlumatına görə, manat tarifi indiyədək şirkətin “Gold” və “Klass” abunəçiləri üçün tətbiq edilib, bundan sonra isə “Cin” abunəçiləri də bu sistemə qoşulacaq.
“Bakcell”in baş icraçı direktoru Riçard Şirer bu gün şirkətin ofisində keçirilən mətbuat konfransında bildirib ki, keçid prosesinin abunəçilər üçün rahat olması üçün ciddi tədbirlər görülüb: “Bakcell” abunəçiləri təklif etdiyimiz qiymətlərin Azərbaycan bazarında ən sərfəli olduğuna bir daha əmin olacaqlar”.
“Cin” abunəçiləri üçün tətbiq olunan paketlər barədə şirkətin baş kommersiya direktoru Krasimir Genov məlumat verib. Onun sözlərinə görə, şirkətin tarif siyasəti dəyişməyib - abunəçilərə əvvəlki kimi, “SevimliCin”, “QoşaCin” və “SevinCin” kimi sərfəli danışıq paketləri təqdim olunacaq.
“SevimliCin” tarif paketinin üstünlükləri:
- 5 sevimli nömrə arasında danışığın dəqiqəsi 3 qəpik;
- ən sərfəli şəbəkədaxili danışıq qiyməti - pik saatlarında dəqiqəsi 6 qəpik, qeyri-pik saatlarında 4 qəpik;
- 1 SMS-in qiyməti cəmi 3 qəpik.
“QoşaCin” tarif paketinin üstünlükləri:
- Qoşa nömrələr arasında danışığın dəqiqəsi olduqca sərfəli qiymətə - cəmi 1 qəpik;
- Qoşa nömrələr arasında SMS-in qiyməti 1 qəpik;
- Şəbəkədaxili zənglərin qiyməti - pik saatlarında dəqiqəsi 8 qəpik, qeyri-pik saatlarda 4 qəpik.
“SevinCin” tarif paketinin üstünlükləri:
- Bütün istiqamətlərə zənglər eyni qiymətə - dəqiqəsi 8 qəpik;
- Şəbəkədaxili danışıq qiyməti qeyri-pik saatlarda 4 qəpik;
- 1 SMS-in qiyməti cəmi 3 qəpik.
“Bakcell”in daha dəqiq tarifləri aşağıdakı cədvəldə verilib:
Cin tarif paketləri
“SevimliCin”
“QoşaCin”
“SevinCin”
Şəbəkə-daxili
6 qəpik
8 qəpik
8 qəpik
Şəbəkə-xarici
12 qəpik
12 qəpik
8 qəpik
Sevimli nömrələr
3 qəpik
1 qəpik
8 qəpik
SMS
3 qəpik
1 qəpik
3 qəpik
MMS
8 qəpik
8 qəpik
8 qəpik
İnternet (1mb)
25 qəpik
25 qəpik
25 qəpik
Meloton (1 ay keçərlidir)
80 qəpik
80 qəpik
80 qəpik
Qeyd edək ki, yeni tariflər haqqında daha ətraflı məlumatı 5505 (“SevimliCin”), 5502 (“QoşaCin” üçün) və 5510 (“SevinCin”) nömrələrinə zəng vurmaqla öyrənmək olar.
K.Genovun sözlərinə görə, “Cin” abunəçiləri öz balanslarını artırmaq üçün əvvəlki qaydada üzərində manat nominalı göstərilən danışıq kartlarından istifadə edəcəklər. Amma bu kartları yükləyəndə abunəçinin balansına kontur yox, kartın üzərində göstərilən pul miqdarı yüklənəcək.
Abunəçilər balansında mayın 5-dək yüklənmiş kontur qaldıqda, onu istifadə edə biləcək. Konturlar bitdikdən sonra abunəçilər pul balansından istifadə edəcək. Kontur sistemində olduğu kimi, burda da abunəçilər hər bir zəng və SMS-dən sonra öz balansları barədə SMS bildiriş alacaqlar.
Yeni “Cin” abunəçiləri “Faydalı başlanğıc” kampaniyası çərçivəsində 50 SMS və il ərzində hər ay 25 şəbəkədaxili bonus dəqiqə almaqda davam edəcəklər. Əvvəllər konturla verilən bonuslar manat dəyəri ilə əvəz olunacaq:
- “SevimliCin” abunəçilərinə verilən 1000 kontur 2 AZN-ə bərabər olacaq;
- “SevinCin” abunəçilərinə verilən 500 kontur 1 AZN-ə bərabər olacaq;
- “QoşaCin” abunəçilərinə verilən 120 kontur 25 qəpiyə bərabər olacaq, bu da “QoşaCin” tarif paketinə daxil olan cüt nömrələr arasında danışıq üçün 25 şəbəkədaxili danışıq dəqiqəsi deməkdir;
- Dəqiqə ilə göstərilən bonuslar, yəni yeni “Cin” abunəçiləri və hal-hazırda bonus alan Cin abunəçiləri üçün nəzərdə tutulan 25 şəbəkədaxili dəqiqə bonusu olduğu kimi qalacaq.
Yeri gəlmişkən, K.Genovun sözlərinə görə, 25 dəqiqəlik pulsuz bonuslar abunəçilər üçün əhəmiyyətli üstünlükdür: “Araşdırmalar göstərir ki, Azərbaycanda mobil telefon abunəçiləri ayda orta hesabla 100 dəqiqə danışırlar. Yəni bu danışığın 1/4-ni biz onlara pulsuz veririk”.
Qeyd edək ki, kontur tarif sistemində abunəçilərin aldığı danışıq kartlarının məbləği artdıqca, onların aldığı bonuslar da artırdı. K.Genovun sözlərinə görə, manat keçid zamanı bu sistemin mürəkkəbliyini azaltmaq və abunəçilərin seçimini yüngülləşdirmək üçün manat tarifi üçün hesablamalar ən sərfəli variantla - 20 manatlıq kontur kartlarının qiymətləri ilə aparılıb.
Manata keçidin digər üstünlüyü telefona təkcə “Bakcell”in təqdim etdiyi kartlarla yox, istənilən qədər danışıq yükləmək imkanıdır. Belə ki, xidmət mərkəzlərinə yaxınlaşmaqla telefona 20 qəpikdən 200 manata qədər məbləğində pul yükləmək mümkündür. Yaxın vaxtlarda Cin abunəçiləri danışıq balanslarını bankomatlar və internet ödəmə vasitəsilə də artıra biləcəklər.
Qeyd edək ki, hazırda “Bakcell”in 2,5 mln. aktiv abunəçisi var.