Bu gün balansa pul yükləyirsən, səhər yoxa çıxır- Operatorların fırıldağı

22-09-2017 / 11:35

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam mesajları, balansdan səbəbsiz yerə pul çıxması məsələləri hələ də insanlarda ciddi narazılıq doğurmağa davam edir. Hətta, son vaxtlar bu problemlə üzləşən abunəçilərin sayı sürətlə artıb.

Belə ki, hər gün operatorlardan mobil telefonlarımıza müxtəlif mövzulu mesajlar gəlir. O cümlədən, paytaxtdakı mağazaların endirim reklam mesajları da vaxtsız və yersiz telefonları titrədir.

Bununla yanaşı, operatorların balansdan səbəbsiz yerə kontur çıxması da abunəçiləri bezdirib.

Qeyd edək ki, bu məsələ bir müdddət öncə Milli Məclisin iclasında da müzakirə edildi. Belə ki, deputatların bəziləri zaman-zaman bu problemlə üzləşdiyini qeyd edərək, operatorladan ciddi tədbir görmələrini tələb etmişdi.

Xeberler.az-ın məlumatına görə, bu yaxınlarda məsələ deputat Fazil Mustafa tərəfindən yenidən gündəmə gətirilib.

Bakcell istifadəçisi olan deputat Facebook-dan paylaşdığı məlumatda qeyd edib ki, sentyabrın  13-də balansına  45 manat pul yatırıb. Lakin səhərsi gün mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur:

“Bakcell-in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim. İndi də görün hansı yaramazlıqla məşğuldurlar. Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın. Kimsə ilə də Baksell nömrəsindən iki gün ərzində danışmamışam”.

Sosial mediada digər bir istifadəçi də Bakcell-in fırıldaqçılıqla məşğul olduğunu qeyd edərək qarşılaşdığı problemi bölüşüb:

“Bakcell həm də balansa artırılan pulun istifadə müddətini az verir. Məcbur qalırsan ki, 5-6 gündən bir kontur yükləyəsən. Bu yaxınlarda da xəbərdarlıq etmədən, sorğu göndərmədən  nömərədə interneti aktiv ediblər. Sonra da mesaj gəlir ki, 10 qəpik tutulacaq. Operatorun danışıq və keyfiyyəti aşağıdır”.

Başqa bir istifadəçi isə gecə saatlarında Bakcell-dən xidmətlərindən istifadə etdiyi üçün balansından kontur çıxılması barədə gələn mesajdan narazılığını bildirir.

Vəfa Fərəcin sözlərinə görə, onun da balansıdan hər gün 1 qəpik çıxırlar:

“Zəng edəndə də deyirlər ki, internet istifadə edirsiniz, ona görə 1 qəpik çıxılır. Halbuki, internet paket alaraq istifadə edirəm. Paket bitəndə , təcili lazım olanda isə istifadə etdiyim qədər pul çıxılır. Amma buna baxmayaraq yenə də hər gün balansımdan 1 qəpik  çıxılır”.

Sosial medianın aktiv istifadəçilərindən Aqil Aslan da hər 3 operatorun bu yolla abunəçinin balasından pul oğurladığını deyib:

“Bakcell nömrəmdən də 3 aydır pul silinirdi. Maraqlıdır ki, heç bir kampaniyaya fda qoşulmamışam. Zəng edib şikayət edirəm, deyirlər müştəri xidmətlərinə yaxınlaş. Fikirləşmirlər ki, bəlkə müştəri bunların müştəri xidmətindən 100 km-lərlə uzaqdadır. Niyə zənglə problemi həll etmirlər? Mən də müştəri xidmətinə getməkdənsə nömrəni çıxarıb atmışam. Nar da eynilə nömrəmdən pul oğurlayır. Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbə-üz müştəri xidmətinə gedib məlumat verdim. Dedilər ki, 10 günə sizə məlumat veriləcək. 10 gün 4 ay oldu, gördüm hələ də zəng etmirlər, mən də nömrəni qırıb atdım".

O deyir ki, indi yalnız Azercell nömrəsi qalıb:

"O da arada köçürdüyüm 50 qəpiyimi oğurladı. Zəng edib, məlumat verdim. Dedilər sistemdə köçürmə görsənmir. Dedim , axı köçürmə ilə bağlı mesajım da var. Məsləhət gördülər ki, müştəri xidmətlərinə yaxınlaşım. Vaxtım olmadığından gedə bilmədim. Yeri gəlmişkən, Bakıda və regionlarda Azercell-in interneti də zəifdir. Bir həftə Goranboyun Xan Qərvənd kəndində oldum. Nömrəmdə internet paketim ola-ola mən ondan istifadə edə bilmədim. Hələ ötən ilin avqust ayında da Azercell-ə zəng vurub şikayət etmişdim ki, bu kənddə şəbəkə zəifdir, danışa bilmirik. 10 gün sonra zəng etdilər ki, haqlısız, kənddəki stansiyada texniki problemlər var, onun aradan qaldırılması proqrama salınacaq. Görünür, bu bir il bir ay ərzində Azercell həmin yerdəki texniki problemi aradan qaldıra bilməyib. Ona görə də o ərazidəki adamlar Azercell-dən imtina edərək Bakcell və Nar işlədir”.

Aqil Aslan dünən yenidən problemlə bağlı Facebook-dan paylaşım edib.

O, Bakcell-ə yazılı müraciət ünvanladığını və balansından çıxılan pulun geri qaytarıldığını bildirib:

“Bakcell-in müştəri xidmətində məni inandırmağa çalışırdılar ki, şirkət əsassız olaraq abunəçidən pul çıxa bilməz. Dedilər ki, guya mən gündəlik internet paketinə qoşulmuşam. Təbii ki, mən qətiyyən belə bir kampaniyaya qoşulmamışdım. Heç yanlış olaraq da həmin kodu yığmam mümkün deyildi. Bu dəfə yazılı şikayət etdim. Nəticədə bu gün 555-dən mənə bu məzmunda mesaj gəldi: "Hörmətli abunəçi, balansınızdan texniki səbəblərə görə əlavə məbləğ çıxılıb, araşdırıldıqdan sonra , 21/09 tarixində hesabanıza 1.1 AZN geri qaytarılıb”.

Xeberler.az olaraq məsələ ilə bağlı bir neçə dəfə saytımızda araşdırma yazılar dərc etmişik.

Son dövlərdə narazılıqların belə ciddi sürətdə artaması onu göstərir ki, operatorlar tərədindən bu istiqamətdə hələlik addım atmayıb, heç bir tədbir görməyib.

Qeyd edək ki, deputat Fazil Mustafa paylaşımından 5 gün sonra, senytabrın 19-da Bakcell şirkətinin rəhbərliyinin dəvəti ilə onların baş ofisində olub.

Fazil Mustafa bildirib ki, şirkət məsələni araşdıracağını boynuna götürüb:

“Bildiyiniz kimi, həm bu mobil operatorun, həm də Azərcell-in fəaliyyətində olan nöqsanlar barədə sosial şəbəkədə bir neçə dəfə iradlar bildirmişdim. Bu şirkətin mətbuat xidməti rəhbətinin operativliyi doğrusu xoşuma gəldi. Şirkət haqqında iradlar səslənir, özlərinə borc bilirlər ki, bu iradları oturub araşdırsınlar. Azərcell-dən  fərqli olaraq heç olmazsa, bunun nə dərəcədə vacib bir iş olduğunun fərqindədirlər. Burada mən mobil telefon istifadəçilərinin qarşılaşdıqları əksər neqativ halları diqqətə çatdırdım, şirkət rəhbərliyi də orada iştirak edən mütəxəssislər vasitəsilə hər bir məsələyə ən xırda detallarına qədər aydınlıq gətirdilər”.

Deputat şirkət nümayəndələrinə  arzu olunmayan mesajlar, şübhəli reklamlar vasitəsilə istifadəçilərin konturlarının silinməsinin qarşısını almaq üçün öncədən xəbərdarlıq mexanizmi düşünməli olduqlarını deyib:

“Şirkət nümayəndələri bir çox hallarda Android telefonlardan irəli gələn problemlərin necə yarandığını mənə izah etdilər. Şirkət rəhbərliyi səsləndirilən iradları ciddi araşdıracaqlarına və vətəndaşları narahat edən məsələlər barədə hamı üçün əlçatan izah və xəbərdarlıq mexanizmi tətbiq edəcəklərini bildirdilər”.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə