“Tez-tez Facebook-da dostluq siyahımı təmizləyirəm” - Deputat

10-02-2015 / 14:20

“Kim ki, geridə qalmağı göz önünə alıbsa, onlar üçün texnologiyaların əhəmiyyəti yoxdur”. 

“İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəmizin növbəti qonağı millət vəkili Fazil Mustafadır.

-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-2004-cü ildən internetdən intensiv şəkildə istifadə etməyə başladım və ilk dəfə bu mənə möcüzələr diyarında gəzinti kimi gəldi. İnternet bir az fərqli məkan idi və bu məkanda özünü qərib hiss edirdim. Amma İnterneti öyrənəndən sonra, vərdişə çevriləndən sonra ondan ayrıla bilmirsən, əsas informasiya mənbəyini internetdən almağa yönəlirsən. Əvvəllər İnternetdən mütaliə etmək üçün yaxşı və maraqlı kitabları yükləməyi düşünürdüm. Sonra gördüm ki, İnternet mütaliə üçün çox əlverişli məkan deyil. Yəni o resursları informativ resurslar kimi qiymətləndirmək lazımdır. 

Kitaba münasibətim dəyişmədi, yəni mütaliəmi yenə də kitabdan edirəm. İnternetdə çox uzun müddət mütaliə etməyi xoşlamıram. Amma informativ xarakterli materialların, öz fkirlərinin yayılması, paylaşılması baxımından İntrnet mənim üçün əvəzedilməz məkan və xobbidir. Artıq bu xobbidən ayrılmağım çox çətindir.
Bir-iki gün Facebook səhifəm işləməyəndə özümü cəmiyyətdən təcrid olunmuş hiss edirəm.

-İnternetin mütaliə üçün çox da əlverişli məkan olmadığını qeyd etdiniz. Nə üçün belə düşünürsünüz?

-Kitab oxumaq mütaliə mədəniyyəti baxımından olduqca vacibdir. Amma böyük mətnlərin internetdən oxunması çox əziyyətli olur. İnsanın gözünə çox ciddi təsir edir. Bir də kitabı istənilən oturuşuq formasında oxumaq imkanına sahibsən. Kitabın tərtibatı, səhifələrin düzümü İnternetdəkindən daha fərqlidir. Kitaba daha çox bağlana bilirsən, personajları təbii qəbul edə bilirsən. İnternetdə isə bütün bunların hamısı sənə robot kimi gəlir, cəlbedici olmur. 

Amma informasiya baxımndan İnternet üstündür, oradan aldığın informasiyanı başqa yerdən ala bilmirsən. Qısa və operativlik baxımından İnternetin əvəzi yoxdur.

- Hansı elektron poçt sistemindən istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Yahoo və Rambler-də elektron poçt ünvanlarım var və gün ərzində minimum bir dəfə hər ikisini yoxlayıram. Elə gün olur ki, 4-5 dəfə həmin ünvanlara daxil oluram.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?

-Spamları açmıram. Bəzən işimə mane yaradıb və spamları təmizləməli olmuşuq. Mütəxəssislərə həvalə etmişəm bunu, çünki özüm bacarmıram. Bəzən spamlar çox böyük ziyan vurur və qarşısını almaq üçün antivirus və müxtəlif qoruyucu proqramları yükləyirik. Onu da deyim ki, həmin proqramlar çox da böyük təsiredici gücə sahib olmur.

-İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Əlbəttə, mobil telefondan daha çox istifadə edirəm və jurnalistlərə daha çox açıq olduğum üçün gündə heç olmasa minimum 10-15 müsahibə verirəm. 

Digər tərəfdən, İnternetdə ən aktiv səhifələrdən birini özüm yönəltdiyimə görə birbaşa mesajlara da özüm cavab verirəm, paylaşdığım mətnləri, statusları özüm yazıram. Sadəcə son vaxtlar yazdığım statusları paylaşan insanların sayı çoxaldığından bir az əziyyətim azalıb.
Tanımadığım insanlar müxtəlif qruplarda yazdığım məqalələri paylaşır və görünür mənim paylaşımlarım insanlara maraqlı olduğu üçün  bu addımı atırlar.
 Bütövlükdə gündəlik 2-3 saatımı İnternet, mobil telefonla məşğul olmağa sərf edirəm.

-Sosial mediadan, Facebook, Twitter, İnstagramdan aktiv istifadə edirsinizmi?

-Facebook-dan aktiv istifadə edirəm. Twitter-də olsam da çox istifadə etmirəm. Azərbaycan auditoriyasında Twitter elə də populyar deyil. Amma Türkiyə auditoriyası üçün bu sosial şəbəkə kifayət qədər populyarlıq qazanıb. Yazılarımın bir qismi Türkiyə auditoriyasını əhatə etdiyinə sonra, son vaxtlar çalışıram ki, oradakı fəaliyyətimi də gücləndirim.

 Facebook-da heç kimə dostluq göndərmirəm. Mənə müraciət edəndən sonra və mesaj yazandan sonra ki, sizinlə dost olmaq istəyirik, sizi izləyirik, baxışlarınız bizim üçün maraqlıdır, tanımadan da həmin insanlara dostluq göndərirəm. Facebook-da öz adıma iki səhifə var və hər iki səhifədə dostlarımın sayı limiti aşıb.

-Dostluq siyahınızda olanlara tez-tezmi əl gəzdirirsiniz?

-Hazırda mindən artıq dostluq istəyi var və yerlər  boşaldıqca həmin insanları dostluğa qəbul edirəm.
Bəli, tez-tez dostluq siyahımdakı insanları dostluqdan azad edirəm. Birinci növbədə insanların üslubuna baxıram. Mənim fikrimi tənqid edə bilərsiniz, etiraz da edə biərsiniz, amma ədəbsizlik, hörmətsizlik etmək olmaz. Mən bir siyasətçiyəm, hansısa fikrim kimisə xoşuna gəlməyə bilər. Amma kiminsə xoşuna gəlmək üçün fikir söyləmirəm axı. Cəmiyyətin xeyrinə düşündüyüm doğruları söyləyirəm. Bu kiminsə xoşuna gəlmirsə, bunun əsaslandırması olmalıdır. Etirazın forması və mədəni üslub deyilən birşey var. Bu olmayanda dostluqdan silirəm və adamlar bilirlər ki, ədəbsiz formada nəyisə həll etmək olmaz.
Elə insanlar da var ki, məqsədyönlü şəkildə dostluğuma daxil olur. Əvvəllər fərqli bir ideoloji cinahda olan insanlar səhifəmə girib əhval-ruhiyyəni korlamaq üçün təhqiramiz bir mesaj yazırdılar. İndi onları artıq yığışdırmışam.
İndi də xarici ölkələrin kəşfiyyat sisteminə daxil olan bəzi adamlar çox vaxt səhifəmə daxil olurlar. Məsələn, İranla bağlı tənqidi bir yazım varsa, həmin adamlar mənə qarşı təhqiramiz fikirlər səsləndirirlər. Təbii ki, bunları da səhifəmdən təmizləyirəm.
Amma bütövlükdə kifayət qədər demokratik bir dostluq mühitim var. Yəni ki, tənqid, etiraz etmək olar. amma ədəbsiz formada heç bir şey etmək olmaz.
Ədəbsizlik edənləri qara siyahıya atıram.

-Facebook-da qruplarda varsınızmı?

-Yox, qruplarda yoxam. Əvvəllər “Ağ yol” qrupunda paylaşımlar edirdim. Bəlkə də bir ildən çoxdur ki, heç bir qrupda heç bir məlumat paylaşmıram. Kimlər isə, adımı o qrupa daxil edə bilər, onu deyə bilmərəm. Amma faktiki olaraq heç bir qrupa daxil olmuram.

-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya ( şəkil, mətn) lövhənizdə    qarşınıza çıxarkən reaksiyanız necə olur?

-Şəkil paylaşmağı xoşlamıram. Paylaşanda da vacib, insanları maarifləndirmək baxımından faydalı ola biləcək şəkilləri paylaşıram. Məsələn, türk əsgərinin məzarı üstündə şəklim varsa, onu paylaşıram. Şəxsi həyatımla bağlı şəkillərə gəlincə, bəzən qızımla olan şəkillərimi paylaşıram. İnsan üçün xoş ovqat yarada biləcək şəkillər paylaşıram. Özəl həyatımla bağlı çox şəkil paylaşmağı xoşlamıram, amma kimlərsə bunu edirsə ona pis də baxmıram. Çünki, siyasətçilərin sosial həyatda tanınması, izlənməsi müsbət haldır. 

- Lövhənizdə Sizə, fəaliyyətinizə aid olmayan materiallar da yayılırmı?

Lövhəmdə xoşalmadığım şəkil və ya informasiya görəndə dərhal silirəm. Mənə aid olmayan bir informasiyanın, inşaat materialını, binanı və s. təbliğ etməyə imkan vermirəm. Çox adam buna səy göstərir, çünki səhifəm məşhur səhifədir. İnsanlar çox yaxşı bilirlər ki, hansı səhifə daha çox izlənilir. Buna görə də, bu səhifədə öz məhsullarını yaymağa çalışırlar. Amma ət bazarında gedib tikinti materialı satmırsan ki? Yaxud tikinti materialları mağazasında gedib çörək satmırsan axı?Hər bir profilə görə nələr isə paylaşılmalıdır. Mənim səhifəmdə kiminsə şəxsi həyatının paylaşılması nə məna daşıyır? Mövzularımın mahiyyəti fərqlidir və səhifəmə daxil olan insanlar çaşıb qala bilər. Amma elə paylaşımlar var ki, məni qane edir. Türk dünyası, Azərbaycanın maraqları ilə bağlı hansısa bir məlumat paylaşılırsa, çalışıram həmin məlumatları səhifəmdə saxlayım.

 Bəzən məqsədyönlü virus proqramları, videolar, qeyri-əxlaqi paylaşımlar da göndərilir. Dərhal həmin paylaşımları yığışdırıram. Bəzən mənə yazırlar ki, sizin adınızdan qeyri-etik videolar paylaşılır. Dostlardan xahiş edirəm ki, həmin videoları açmasınlar. Kimlərsə bunun metodunu bilir və belə variantlardan istifadə edirlər. Hətta düşünürəm ki, bunu məqsədyönlü şəkildə edirlər. Amma bu kimi hallar bir müddətdən sonra ortadan qalxır.

- Fazil bəy, Siz millət vəkilisiniz. Bu baxımdan sizin sosial hesablarınızda tez-tez diskussiyaların şahidi oluruq? Fərqli fikirlərə dözməyən facebook dostlarınıza münasibətiniz necə olur?

Birdə görürsünüz ki, yazırlar ki, siz kimsiniz axı Azərbaycan xalqının adından danışırsınız. Mən də deyirəm ki, bu mənim fikrimdir, millət vəkili kimi yox vətəndaş kimi fikrimi səsləndirirəm. Əgər xoşun gəlmirsə, bu səhifəyə daxil olma. Yaxud bir də görürsünüz siyasi mənsubiyyətinə görə fərqli bir insan mənə yazır. Öz siyasi liderinin fərqli bir cümləsi, fikri yoxdur, amma mənim fikirlərimə irad bildirir. Sən heç bilmirsən ki, öz liderinin tarixə, dinə baxışı nədir. Mən isə kitablarımı,  yazılarımı, məqalələrimi ortaya qoyuram. Sən sevinməlisən ki, Azərbaycanda bir siyasətçi öz görüşlərini müxtəlif platformlarda sənə çatdırır. Amma sən bunu bilməyə-bilməyə onun tərəfdarısan, həm də məni söyürsən ki, sənin baxışın niyə belədir? Əgər sən mənim tərəfdarım deyilsənsə, sənə nə dəxli? Demək istədiyim budur ki, bu mədəniyyət məsələsidir və çox aşağı səviyyədədir. Düzdür, kifayət qədər sanballı insanlar da var. Facebook-dan mən çox şey öyrənirəm. Bir də görürsünüz ki, bir məsələ ilə bağlı dostcasına yazırlar ki, sizin fikriniz doğru deyil. Filan məsələylə bağlı filan kitaba baxsanız daha yaxşı olar, filan fikrinizdə təzad var və s. Bu mənim öyrənməyim üçün əsasdır. Təkcə öyrətmək məqsədi güdmürəm axı. Operativ müzakirədə, mübahisədə qazanırsan. Facebook-da bu mühiti yaratmaq lazımdır.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Təbii, texnologiyalardan çox asılıyıq və bundan qaçmağımız mümkün deyil. Kompüterdə yazmaqdan imtina etsən, çevik cəmiyyət həyatına, ictimai fikrə, müdaxilə imkanını, operativliyi itirəcəksən və geridə qalacaqsan.  Kim ki, geridə qalmağı göz önünə alıbsa, onlar üçün texnologiyaların əhəmiyyəti yoxdur. Kim ki, cəmiyyətin dəyişməsini istəyirsə, düşüncə yeniliyi istəyirsə texnologiyanın imkanlarını öyrənməli, kəşf etməlidir.

Düzdür, bu gün bayağılıq çoxdur, hamı gözləyir ki, hansısa artistin fotoları yayılsın, kiminsə toyda iki salat artıq yeməyi xəbəri yayılsın və onu oxusun. Savadsızlıq mühitindən doğan bir şeylərdir bunlar da. Amma bütün hallarda çalışmalıyıq ki, texnoloji imkanlardan istifadə edib daha yaxşı şeyləri insanlara çatdıraq. Bunu edə bilməyəcəyiksə, Şahbaz ağa Parisə gedə bilməyəcək, Məstəli şah da Parisi dağıdacaq. Hamı da üzünü Məstəli şaha tutacaq ki, ümidimiz sənədir.

-Uşaqlarınızın İnternetdən , mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?

-Balaca qızım mən olmayanda kompüterdə oyunlar oynayır. Çünki ona qadağan etmişəm ki, oyun oynamaq olmaz. Vaxtını oyunla itirmə deyirəm, bir saat oyun oynamaq əvəzinə coğrafiyadan, tarixdən hansısa məlumatı oxuyub öyrənə bilərsən.

-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə -oyunlara meyl edirsə bu təhlükəlidirmi?

-Ümumiyyətlə, gənclərdə bu oyunlara meyl çoxdur və bu ağrıdıcı haldır. Eyni zamanda təhlükəlidir. Kompüter arxasında oturan uşaq yetişdirməməliyik, fiziki cəhətdən hazırlıqlı, əsgər kimi övlad yetişdirməliyik. Mən özüm də bütün günü kompüter arxasında oturmuram, hər gün futbolum var, bazar günləri isə basketbolum var. İdmansız bir günüm keçmir. İnsan öz vaxtına hər şeyi sığışdıra bilməlidir. Bunu etmirsənsə, vaxt israfçılığının nə olduğunu başa düşmürsən demək.

-Mobil internetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Qiymət və keyfiyyət qane etmir məni. Bəzən mobil operatorlar tərəfindən aldadılıram hətta. Baxıram ki, bu ay mən heç istifadə etməmişəm, amma 20 manat pul hesabımdan çıxılıb. Tənbəllik edib arxasınca getmirik, qanuni və hüquqi tərəflərə meyl etmirik. Elə nə mesaj gəlibsə sadəlövhcəsinə inanırıq. Ona görə də, bu şeylər başımıza gəlir. Hesab etmirəm ki, mobil operatorların dürüstlüyünə güvənmək olar. Amma yenə də şükür edirəm ki, bu telefon var, insanlar mesaj almaq imkanlarına sahibdir.

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

-Məsrəf çox olduğuna görə az istifadə edirəm. Çünki o qədər də imkanlı millət vəkili sayılmırıq, gücümüz çatan həddə qədər istifadə edirik.(gülür).
 Biz də belə bir deyim var ki, deputatdan soruşurlar evin var, maşının var, deyir yox maaşla dolanıram, gücüm çatmır və s. Bu, cəmiyyətdə heç yaxşı qəbul olunmur, hamı bilir ki, kimin nəyi var. Ona görə də, deputatın imkanlarını kiçiltmək lazım deyil. Şükür Allaha, hər şeyimiz var.

-Ani məktublaşma vasitələrindən, Skype, Telegram, Whatsapp, bunların  hansından istifadə edirsiniz?

-Skype-da uzun müddət danışmağı xoşlamıram, xüsusilə də xaricdə olanda evdəkilərlə. Çünki, Skype ilə danışanda qızım məni görür və deyir ki, dur gəl evə (gülür) . Sonra da oturur ağlayır ki, niyə gəlmədin ? Ona görə mesajlaşmağa üstünlük verirəm. Whatsapp-dan isə çox istifadə edirəm.

Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Bəzən elə zəng olur ki, bəli yarımçıq saxlayıram. Hansısa bir jurnalist zəng vuranda, ona deyirəm ki, uyğundursa, yarım saatdan sonra zəng vurun. Bəzi görüşlərdə isə telefonu səssiz rejimə qoyuram və zəng vuran adama mesaj yazıram ki, sərbəst olanda özüm sizə zəng vuracam.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını, necə deyərlər, Netiketi gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?

-İnsanlar birinci növbədə etika qaydalarını gözləməlidir. Məsələn, adamı mən görmürəm, tanımıram, şəklini də qoymayıb, profilini dəyişib bir sözlə. Amma şəxsiyyətini ki dəyişməyib? Sən haradasa oturmusansa, insansan, mənə hörmət qoymaya bilərsən. Amma sən özünə hörmət qoymalısan axı. Ona qalsa hamıda küçədə bir yerlərdə gizlənər, yoldan keçən hamını söyər. Bunun adı əxlaqsızlıqdır, ədəbsizlikdir. İndi səni kimsə görmür deyə hamını söyməlisən? Şəxsiyyətinə güvənirsənsə, açıq formada çıx qabağa insanlara de ki, mən səni qəbul etmirəm.Amma arxa planda bunu etmək mədəniyyətsizlikdir, heç bir bəraətverici tərəfi yoxdur. Hesab edirəm ki, sosial şəbəkələrdə etik səviyyə çox aşağıdır, müraciət forması yoxdur. Birbaşa götürüb fikir soruşur və sən deyə müraciət edir. Axı mən səndən yaşca böyüyəm, statusca da səndən üstünəm. Orduda intizam nizamnaməsi var, nizamnamənin birinci maddəsində yazılır ki, hərbi qulluqçular bir-birinə siz deyə müraciət etməlidir. General əsgərə müraciət edəndə siz deməlidir. Amma siz görmüsünüzmü general əsgərə siz deye müraciət etsin? Azərbaycanda geniş yayılmış bir şeydir bu, hamı özündən aşağıya sən deyə müraciət edir. Redaktor müxbirə sən deyə müraciət edir, müdir özündən yaşça böyük işçisinə sən deyə müraciət edir və s.

Məsələn, Türklərdə  belə deyil, mədəni müraciət formalarından , “efendim”, “rica edirəm” sözlərindən çox istifadə edirlər. Maarifçilik işi aparmaq lazımdır ki, insanlar facebookda da dəyişsinlər.

-İş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

-Əvvəllər istifadə etmək bir az asan idi. Milli Məclisdə smartfon və android platformalı telefonlar qadağan olunduqdan sonra artıq Milli Məclisə də az gəlirəm. Əvvəllər burada gəlib işləyirdim, həm İnternet, həm yazı-pozu, indi otağımda ancaq işləməliyəm. İnternetə giriş-çıxış evdəki qədər rahat deyil. Ona görə də daha çox evdə İnternetdən istifadə edirəm.

Mobil internetdən evdə çox istifadə etmirəm. Bir dəfə İnternetə girən kimi xeyli miqdarda hesabımdan pul çıxırlar. Xaricdə səfərdə olarkən İpad-dan istifadə edirəm. Düzdür, şriftlə bağlı problemlər mənə çox əziyyət verir, amma bununla belə planşet işimi xeyli asanlaşdırır.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli olmadığını necə müəyyən edirsiniz?

-Bəli, başqa birinə etibar edirəm. Qohumluq münasibətinə görə və dürüst olduğu üçün şəxsi hesablarımı ona etibar edirəm. 1-2 il başqa insanlara güvəndim, amma onlar dürüst olmadığı üçün şifrəmi dəyişdim.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-Texnologiyalardan özümü çox asılı hesab etmirəm, müstəqilliyim var. 6 bal verərdim. Çünki mütləq şəkildə İnternetdən  asılı deyiləm. Birdə görürsən 10-15 gün telefondan uzaq qala bilirəm. Xaricdə olanda qəsdən telefonu söndürürəm ki,  əlaqə saxlaya bilməsinlər. 10 gün telefonla danışmayanda sağlamlığım xeyli yerində olur. Yüzlərlə insanın problem, fikri, hətta kimisə yol polisi saxlayanda, məhkəmə işi olanda da sənə zəng vurur. Bunlar hamısı insanda əlavə stresslər yaradır.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-İnsan yenə də insan kimi qalacaq. Texnologiya ürəyi idarə edə bilməz. 30-40 il əvvəl olduğu kimi insan ünsiyyətdə insana üstünlük verəcək. Ona görə də, texnologiya sadəcə ünsiyyəti asanlaşdırır. Bir var hərbi xidmətdə birinə məktub yazıb 15 gün cavabını gözləyirdin, cavab da köhnəlirdi, hadisələr də.  Üstəlik, məktubda havaların necə olduğunu yazmağa da ehtiyac qalmır. Yəni texnologiyaların sayəsində soruşmağa bəhanə də qalmayıb( gülür) Amma yenə hesab edirəm ki, ən yeni texnologiyalar olsa belə insan üçün canlı ünsiyyətdən nə keçməyəcək. 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə