Yeni qanun layihəsinə görə mobil operatorlar icazəsiz SMS göndərə bilməyəcəklər
Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam məsələləri son vaxtlar insanlarda ciddi narazılıq doğurur. Hər gün müxtəlif operatorlardan mobil telefonlarımıza “Diqqət! "Təbriklər! Toyota qazandın!" , Elə isə tələs! 2729-a SMS göndər, cavabı izlə, “4 qalib 5 SMS-ə 4000 AZN qazandı, 1000 AZN, demək olar ki, nəğddir! Toyota qismətin. Seçim et!”, “Sevgi mesajlarına abunə ol! Sevgi yaz 9095 nömrəsinə göndər və hər günə bir sevgi mesajı bizdən al” və s. tipli mesajlar gəlir. O cümlədən, paytaxtdakı mağazaların endirim reklam mesajları da vaxtsız və yersiz telefonları titrədir.
Bəs, görəsən bu tipli mesajlar daha çox hansı nömrələrdən göndərilir?
Apardığımız sorğu nəticəsində məlum oldu ki, müxtəlif mobil operatorlardan istifadəçilərə gün ərzində 8228, 6900, 1234, 8088, 8893 , 9095, 9191, 8803 və digər qısa nömrələrdən mütəmadi reklam mesajları göndərilir.
İstifadəçilərin sözlərinə görə, bəzən vacib görüşdə, hər hansı tədbirdə olarkən qəfil bu nömrələrdən mesaj gəlir və onlar mesajın vacib olduğunu hesab edib telefonlarına baxırlar. Bu da onların fikirlərini yayındırıb, vaxtlarını alır.
Bir müddət öncə mobil operatorların reklam məsələləri Milli Məclisdə də müzakirə edilib. Deputatlar operatorların reklam SMS-lərinə fikir bildirərək, abunəçilərin hüquqlarının pozulması ilə bağlı narahatlıqlarını dilə gətirib. Mobil operatorların göndərdiyi “spam”lardan şikayətlənən millət vəkili Elmira Axundova bu cür halların insanları narahat etdiyini vurğulayıb. Deputat telefonuna hər gün 20-dən çox “spam” xarakterli reklam mətnlərinin gəldiyini deyib.
Elmira Axundova həmin mesajların məqsədinin insanları aldatmaq, mənasız oyunlara cəlb etmək olduğunu da vurğulayıb.
Parlamentin sədri Oqtay Əsədov isə bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edərək məsələnin araşdırılmasını tapşırmışdı.
Bəs görəsən hazırda vəziyyət necədir? Operatorlar və reklam göndərən şirkətlər bu iradlardan sonra narazılıqların qarşısını almaq üçün hansı işləri görüblər? Məsələ qanunvericilikdə əksini tapa bilibmi?
“Göndərilən mesajlara görə məsuliyyət şirkətin üzərinə düşür”.
AzeriCom şirkətinin baş direktoru Vüqar Əliyarov Xəbərlər-ə qısa SMS-lərin operator və müxtəlif şirkətlər tərəfindən göndərildiyini deyir:
Onun sözlərinə görə, belə olan halda müştərilər onlara mesajın haradan göndərildiyini müəyyən edə bilmir və əksər vaxt mobil operatorları günahlandırırlar. Baş direktor məsələnin pərdəarxası məqamlarından da danışır:
“Ola bilər ki, operatorlar müştərilərinə yeni tarifləri və operatorun digər yenilikləri baradə məlumatverici mesajlar göndərsinlər. Bu, normaldır. Çünki müştəri mobil nömrə alanda ona təqdim edilən müqaviləyə imza atır. Həmin müqavilədəki bəndlərdən biri də məhz bu mesajlarla bağlıdır ki, mobil operator öz yenilikləri və tarifləri barədə sizə məlumat xarekterli mesajlar göndərəcək. Lakin müştəriyə digər provayderlərdən operatorla əlaqəsi olmayan mesajlar gələ bilər. Bu gün müəyyən şirkətlər var ki, onlar toplu SMS göndərməklə məşğuldurlar. Bununla yanaşı, bazarda müxtəlif dəllallar var ki, onlar şirkətin istifadəçilər bazasını başqa adama verir. Məsələn, bir müəssisədə çalışan hər hansı şəxs şirkətdən ayrıldıqdan sonra yeni daxil olduğu şirkətə əvvəlki bazanı, yəni müştərilərin siyahısını təqdim edir. Buna görə, bəzən müştərilərə onlara məlum olmayan qısa nömrələrdən reklam mesajları gəlir. Burada məsuliyyət şirkətin üzərinə düşür”.
“Operator istəməz ki, müştəriləri ondan narazı qalsın”.
Vüqar Əliyarov bildirir ki, bu məsələdə müştərilər də məsuliyyət daşıyır. Onlar öz nömrələrini alış-veriş etdikləri mağazalarda qeyd edirlər və sonra onlar üçün “qara zona” gəlir.
Baş direktor bu problemlərin qarşısının alınmasından da danışıb:
“ Şirkətimiz gün ərzində müştərilərə göndəriləcək mesajların sayını dəqiqləşdirir. Gündəlik monitorinq aparırırq. Axşam 20.00-dan sonra insanları narahat etməmək üçün şirkətdən gedən bütün SMS-ləri blok edirik. Lakin müəyyən şirkətlər var ki, gecə saatlarında da istifadəçilərə reklam mesajı göndərirlər. Bu zaman məsuliyyət həmin şirkətin üzərinə düşür. Operator istəməz ki, müştəriləri ondan narazı qalsın. Hər bir şirkət məsuliyyəti üzərinə götürməlidir. Sistemə nəzarət edib, monitorinq aparmaq vacibdir. Abunəçi müştəri xidmətlərinə müraciət edirsə, ona dərhal cavab verilməlidir. Şirkətimizdə məlumat xarakterli SMS-lərin göndərilməsi üçün baza var. Yeni xidmət yaranarsa, ayda 1 və ya 2 dəfə müştəriyə məlumat xarekterli mesajlar göndəririk”.
Bəs müştərilər reklam mesajlarından qurtulmaq üçün nə etməlidir? Onlara gələn qısa nömrələri blok etmə imkanları varmı? Bu sualları isə Vüqar Əliyarov belə cavablandırıb:
“Hələki operatorlarda müştərilərin istəmədikləri qısa nömrəni blok etmələri üçün imkan yaradılmayıb. Operatorlarda Black list (Qara siyahı) var. Müştəri ona mesaj getməsini istəmədiyi halda nömrəsini həmin siyahıya sala bilir. Lakin bu zaman o, yalnız reklam mesajlarından deyil, həmçinin əlavə xidmətlərdən istifadə edə bilməz. Qara siyahıda olan nömrələr FM radiolarına belə sms yaza bilmirlər”.
“Müştəri nömrəsini təqdim etməklə reklam məlumatı almağa razılığını bildirmiş olur”.
LSİM şirkətinin direktoru Adil Hüseynov reklam mesajlarının göndərilməsini mənfi hal hesab etmir və fikrini əsaslandırır:
“Müştərilər çox zaman reklam kampaniyalarına özləri qoşulur. Nömrələrini alış-veriş etdikləri yerlərə təqdim edirlər və ticarət obyektlərindən, mağazalardan, şəbəkələrdən onlara reklam xarekterli mesajlar göndərilir. Yəni, müştərilər nömrələrini təqdim etməklə reklam məlumatı almağa razılıqlarını bildirmiş olurlar. Amma bəzi hallarda isə müştəri sonradan narazılığını bildirir. Əgər müştərinin alış-veriş etdiyi mağazadan yox, ona məlum olmayan başqa obyektdən mesaj gələrsə, bu zaman müştərini haqqlı hesab etmək olar. Amma yenə də müştərinin reklam mesajları baradə bu qədər qərəzli çıxış etməsini düzgün hesab etmirik”.
Adil Hüseynov qeyd edir ki, bunun qarşısını müəyyən vasitələrlə almaq mümkündür:
“ LSİM-in əməkdaşlıq etdiyi Azercell operatorunda bunun qarşısı çoxdan alınıb. Belə ki, müştəri “Black List”-ə öz nömrəsini salmaq üçün 9005-ə mesaj göndərir. Bunula abunəçi öz nömrəsini qara siyahıya daxil edərək SMS-lərin alınmasına qadağa qoyur. Bu zaman operator müştərinin nömrəsinə gedən sms-ləri bloklayır”.
Baş direktor deyir ki, reklam kampaniyalarından yararlanan müştərilər çoxdur və onlar səbirsizliklə mağazalarda olan endirimləri gözləyir: Adil Hüseynov reklam mesajları göndərən bəzi xırda şirkətləri də qınayıb:
“İnsanlara daha tez məlumat çatdırmağın asan yolu SMS kanalıdır. SMS insanlarla ən tez ünsiyyət vasitəsidir. Lakin insanları da çox narahat etmək olmaz. Bəzi kiçik şirkətlər balaca proqram qurub abunəçilərə SMS göndərirlər. Çalışırıq ki, öz fəaliyyətimizlə bu hallarla qarşı mübarizə aparaq. Böyük şəbəkələrlə tərəfdaşlıq edirik. Həmçinin əmkdaşlıq etdiyimiz Azercell operatoru abunəçilərə reklam SMS-lərinin göndərilməsinə məhdiyyət qoyur. Gündəlik saat 09:00-dan axşam 20.00-a qədər reklam mesajlarının göndərişinə icazə verilir”.
“Reklam haqqında” qanun təsdiqlənərsə, mobil operatorlar müştərilərə SMS göndərə bilməyəcək”.
Millət vəkili Elmira Axundova Xəbərlər-ə bildirib ki, hazırda bu məsələ ilə bağlı bütün məqamlar “Reklam haqqında” qanunda əks olunub. Millət vəkilinin sözlərinə görə, həmin qanun təsdiqlənsə artıq mobil operatorlar istədikləri vaxt müştərilərə SMS göndərə bilməyəcəklər. Deputat qeyd edib ki, yeni qanunun tələbinə görə telekommunikasiya xidməti göstərən provayder reklamı yalnız abunəçi ilə bağlanılan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər: “Digər tərəfdən provayderə məlumat üçün müraciət edən abonentin sorğusuna cavab verildikdən sonra reklam yayımlana bilər. Məlumat xidməti pullu olduqda, reklam yayımlanması arayışın dəyərinə daxil edilə bilməz”.
“Yaxın günlərdə kütləvi SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə veriləcək”.
Bakcell şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova Xeberler.az-a bildirib ki, Bakcell- yaxın günlərdə Azərbaycanda ilk dəfə olaraq kütləvi SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə verəcək: “Yeni xidmət sayəsində abunəçi özünün “ağ siyahı”sını formalaşdıracaq, SMS almaq istədiyi mağazanın, şirkətin, bankın və s. obyektlərin adını daxil edəcək və beləliklə də yalnız özünün arzuladığı reklam və informasiya xarakterli SMS-ləri alacaq. Bunun üçün abunəçi xüsusi nömrəyə SMS göndərməli olacaq”.
Məltəm Talıb
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri