Azərbaycan Yol Nəqliyyatı Agentliyi (AYNA) ictimai nəqliyyat şəbəkəsinin diaqnostikası və süni intellekt platformasının yaradılması üçün tender elan edib. Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
Xeberler.az bildirir ki, tenderin ehtimal olunan dəyəri 3 milyon manatdır. Bu məbləğə sistemin hazırlanması və birillik texniki dəstək daxildir. O. Gündüzün fikrincə, açıqlanan şərtlərdən görünür ki, yeni platformanı ictimai nəqliyyatın idarə olunması üçün “mini” intellektual sistem hesab etmək olar.
Sistem avtobusların hərəkəti, sərnişin ödənişləri, marşrutlar və digər məlumatlar əsasında gecikmələri, sıxlığı, sərnişin tələbatını və problemli istiqamətləri təhlil etməlidir. Layihə çərçivəsində süni intellekt əsaslı agent də yaradılacaq. AYNA əməkdaşları ona suallar verərək nəqliyyat şəbəkəsi ilə bağlı məlumatları əldə edə və daha doğru qərarlar verə biləcəklər. Sistem birbaşa vətəndaşlara deyil, əsasən AYNA-nın təhlil və qərarvermə fəaliyyətinə xidmət edəcək, vətəndaşlar isə nəticələr əsasında görüləcək tədbirlərdən faydalana bilərlər.
O. Gündüz xatırladıb ki, AYNA-nın artıq bir neçə rəqəmsal sistemi var: Map AYNA marşrut və dayanacaqlar haqqında məlumat verir, AYNA MaaS səfərləri planlaşdırmağa imkan yaradır, qurumun sərnişindaşımaları izləyən monitorinq imkanları da mövcuddur. Lakin AYNA mövcud və yeni qurulacaq sistemlərin qarşılıqlı əlaqələri, inteqrasiyası və təkrarlanmaların necə qarşısının alınacağı barədə hələlik açıqlama verməyib.
O, yeni təşəbbüsün bir vaxtlar böyük gözləntilərlə yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Sistemini yada saldığını bildirib. 110 milyonluq bu layihə qarşıya qoyulan vəzifələri icra edə bilməyib və Azərbaycanın rəqəmsallaşma tarixində ən böyük uğursuz layihələrdən biri hesab olunur. Hazırda onun bəzi komponentləri işləyir və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi DİN tabeliyində fəaliyyət göstərir. O. Gündüz AYNA-nın əvvəlki təcrübəni ciddi təhlil etməli, uğursuzluqların səbəblərindən nəticə çıxarmalı, köhnə sistemdən qalan imkanlardan necə faydalanmaq barədə düşünməli olduğunu vurğulayıb.
Həmçinin, yeni qaydalara və tələblərə uyğun olaraq 3 milyonluq layihə üzrə RİNN-dən texniki və səmərəlilik baxımından məqsədəuyğunluq rəyi alınması barədə açıqlama verilməyib. AYNA RİNN tabeliyində olduğundan, O. Gündüz belə rəyin verilməsi üçün müstəqil ekspertizanın da faydalı olacağını qeyd edib.
O. Gündüz bildirib ki, gündəlik həyatımıza təsir edən problemin həllinə yönəlik layihə faydalıdır, sadəcə əvvəlki pis təcrübənin təkrarlanmasına yol verilməməlidir. O, tenderin ədalətli başa çatacağına, layihənin hazırlanması və icrasının şəffaf və hesabatlı təşkil olunacağına ümid etdiyini deyib. Onun fikrincə, müstəqil ekspertlər də dəvət olunmaqla, nəqliyyatın və sərnişinlərin hansı problemlərinin həll ediləcəyi baxımından qiymətləndirmə aparılmalı və müzakirələr keçirilməlidir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları