Hesab.az portalı yeni Data Mərkəzə “köçür”

03-03-2017 / 16:04

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom yerli onlayn ödənişlər bazarında ən böyük şirkət olan GoldenPay  ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Bu barədə Xeberler.az-a nazirlikdən məlumat verilib.

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən AzInTelecom istifadəyə verilmiş TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (IaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.

Artıq bu həllər yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Belə ki, Azərbaycanın onlayn ödənişlər şirkəti olan GoldenPay özünün www.hesab.az ödəniş portalının AzInTelecom-un Data Mərkəzində yerləşdirilməsi haqqında razılığa gəlib.

Məlumata görə, müqaviləyə əsasən, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının mühafizəsi, məlumat itkisi ilə bağlı risklərin minimuma endirilməsi və informasiya təhlükəsizliyi təmin ediləcək.

Bundan əlavə, hazırkı müqavilə ilə Goldenpay texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.

Hazırda müştərilərinə 100-dən artıq xidməti təklif edən www.hesab.az Azərbaycan bazarında onlayn ödənişlər üçün ən etibarlı platforma olaraq tanınır. Yüz minlərlə insan bu xidmətlərdən müntəzəm olaraq istifadə edir və bu rəqəm hər gün artmaqdadır.

Əsas hədəfi bütün onlayn ödənişlərin icra edildiyi vahid platformaya çevrilmək olan GoldenPay bütün əməliyyatları şifrələmək və məlumatların təhlükəsizliyini təmin etmək üçün onlayn əməliyyatların şifrələnməsi sahəsində dünya lideri olan GeoTrust-dan istifadə edir.

”Onlayn əməliyyatların sayı bu qədər yüksək olduğu üçün mübadilə olunan məlumatların təhlükəsizliyi və məxfiliyi əsas şərtdir. Həssas məlumatların təhlükəsiz yerdə qorunub-saxlanması şirkətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, GoldenPay-ın  AzInTelecom ilə əməkdaşlıq etməsi heç də təsadüfi deyil”- deyə GoldenPay şirkətinin nümayəndəsi qeyd edib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə