Əsas maliyyələşmə alətləri kimi konvertasiya edilən maliyyə alətləri çıxış edir. Startapların əsas problemlərindən biri isə fəaliyyətin ilkin mərhələsində şirkətin dəyərinin obyektiv şəkildə müəyyən edilməsidir.
Xeberler.az məlumat verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, bu problem startaplar üçün ciddi çətinliklər yaradır. Bu səbəbdən investorlar və sahibkarlar ilkin mərhələdə şirkətlərin qiymətləndirilməsi əvəzinə daha çevik maliyyə alətlərindən istifadə edirlər.
Fərid Osmanov bildirib ki, bu kontekstdə təklif olunan əsas mexanizm konvertasiya edilən borc müqaviləsidir. Bu modelə əsasən, investor şirkətə borc verir, lakin sonradan baş tutacaq investisiya mərhələsində və ya müqavilədə nəzərdə tutulan şərtlər reallaşdıqda həmin borc pul şəklində qaytarılmır, şirkətin payına çevrilir.
Onun sözlərinə görə, bu yanaşma ilkin investorların risklərinin kompensasiya olunmasına xidmət edir. Bu məqsədlə qanun layihəsində beynəlxalq təcrübəyə uyğun olaraq qiymətləndirmənin yuxarı həddi və endirim dərəcəsi kimi mexanizmlər də nəzərdə tutulub.



























