“Metropolitendən rəsmi müraciət gözləyirik” - BakıKart layihəsinin rəhbəri

17-08-2015 / 17:40

Xəbər verdiyimiz kimi, avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi BakıKart və “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılıb.

İlkin mərhələdə BakıKart və “BakıKart Məhdud istifadə üçün” kartlarından BakuBus MMC-yə məxsus avtobuslarda və Bakı Metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək.

Sosial şəbəkələrdə isə yeni kartlar gündəmə çevrilib. Səbəb BakıKart-ın arxasındakı xəbərdarlıq yazılarında ədəbi dil normalarının pozulmasıdır. Kartın üzərində ''alınız'', "istifadə ediniz'', ''zədələməyiniz'' kimi ifadələr Azərbaycan dilinin normasını və orfoqrafik qaydalarını kobud şəkildə pozur.

Xeberler.az olaraq məsələ ilə bağlı Dilçilik institutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmlidən münasibət öyrəndik.

“Layihəni hazırlayan məsul şəxslər abreviaturanın yaxud şəkilçinin düzgün yazılış qaydasını bilməyib”

Qulu Məhərrəmli Xeberler.az-a bildirib ki, bu, Azərbaycan dilinin normalarının pozulması deməkdir. Onun sözlərinə görə, belə müraciət forması ötən əsrin 30-60-cı illərində dəbdə olsa da, bugünkü gündə ədəbi norma baxımından yolverilməzdir:

“Yəqin ki, kartın hazırlanmasına külli miqdarda maliyyə ayrılıb. Amma bu kiçik yanlışlıq görülən bütün işlərin üstündən xətt çəkir. Hansısa şirkət lahiyə hazırlayırsa və dil baxımından hansısa yanlışlıqlar olubsa, bunun həllində şirkət özü maraqlı olmalıdır. Kartı hazırlayan şirkət Dilçilik institutuna, yaxud hansısa bir dilçi mütəxəssisə müraciət etməklə asanlıqla bu problemi müəyyən edə bilərdi”.

Ekspert yaranan vəziyyəti Azərbaycan ədəbi dilinə hörmətsizlik kimi qiymətləndirib. O qeyd edib ki, bütün bunlar savadsızlıqdan irəli gəlir:

“Ölkəmizdə buna nəzarət edən qurum yoxdur. Dilçilik institutu burada məsul qurum deyil. Amma, layihəni hazırlayan şirkət Dilçilik institutu na müraciət etməklə səhvləri müəyyən edə bilərdi. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsi küçə adlarının düzgün yazılışı ilə bağlı Dilçilik institutuna müraciət edib. Və İnstitut mütəmadi olaraq adların yazılışında olan səhvləri qeyd edir. Bir sözlə qarşılıqlı anlaşma şəraitində proses uğurla davam etdirilir. Düşünürəm ki, layihəni hazırlayan məsul şəxslər abreviaturanın yaxud şəkilçinin düzgün yazılış qaydasını bilməyib. Bir məhsul ictimaiyyətə, geniş auditoriyaya təqdim olunursa buna mütləq mütəxəssis nəzarət etməlidir. Belə olduqda, şirkətin gördüyü işin uğurlu nəticəsi olar və heç kim gülünc vəziyyətə düşməz”.

Qulu Məhərrəmli Xeberler.az-a bildirib ki, sözlərin, adların, müraciətlərin düzgün yazılması ilə bağlı məsələlər Ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında öz əksini tapıb. Buna əməl etmək hər bir vətəndaşın borcudur.

Azərbaycan dilində -ınız (-iniz, -unuz, -ünüz) kimi fel sonluqları yoxdur.

Məsələ ilə  İKT sahəsində dil problemləri üzrə ekspert  Firudin Əhmədov Xeberler.az-a bildirib ki, Azərbaycan dilində -ınız (-iniz, -unuz, -ünüz) kimi fel sonluqları yoxdur.

“Dilimizin qrammatikasına nəzər salsaq görərik ki,  -ınız, -iniz (alınız, veriniz) kimi şəkilçilər Azərbaycan dilində rast gəlinmir, tamamilə qondarmadır. Bu fellərin düzgün yazılış forması –ın, -in, -un, -ün (alın, verin) olmalıdır”.

Firudin Əhmədov bildirib ki, bütün bu problemlər ondan qaynaqlanır ki, yazı yazanda heç kim hara müraciət edəcəyini bilmir:

“Üzərində orfoqrafik qaydanı pozan yazılar istifadəyə  buraxılan zaman cavabdeh qurumlar üzə çıxmır. Çünki, yazı yazanda heç kim hara müraciət etməli olduğunu bilmir. Səhv yazılanda isə heç bir cəza tədbiri tətbiq edilmir. Müraciət üçün dəqiq qurum olmasa da, hər halda BakıKart-ın nümayişindən əvvəl kiminləsə məsləhətləşmək doğru olardı. Bugünkü gün dilçilikdə, bu qurumun internet saytlarında düzgün orfoqrafik yazılar üçün normal məlumata rast gəlmək qeyri-mümkündür”.

Şəkilçilərin düzgün yazılış qaydasını öyrənsəydilər, bu kimi biabırçı vəziyyət yaranmazdı

Firudin Əhmədovun sözərinə görə, sonluğu -ınız olan fel forması nə Azərbaycan dilində, nə də dilmancda yoxdur.

“Hesab edirəm ki, BakıKart-ın üzərinə səhv yazı çap etdirmədən öncə  hər hansı bir Azərbaycan dili müəllimi və ya XI sinif şagirdindən adıçəkilən şəkilçilərin düzgün yazılış qaydasını öyrənsəydilər, bu kimi biyabırçı vəziyyət yaranmazdı. Çünki bu fel formaları məktəb vaxtından keçirilir”.

BakıKart-ın arxasındakı xəbərdarlıq yazılarında orfoqrafik qaydanın kobud şəkildə pozulması ilə bağlı Xeberler.az olaraq bu  layihənin rəhbəri Ceyhun Əliyev ilə əlaqə saxladıq.

Ceyhun Əliyev kartın üzərindəki yazının ictimaiyyət tərəfindən birmənalı qarşılanmadığından xəbərdar olduğunu və hazırda bununla bağlı Bakı Metropoliten QSC-dən rəsmi müraciət gözlədiklərini dilə gətirib.

O, açıqlamasında bildirib ki, bu işdə əsas məsuliyyət Bakı Metropolitenin üzərinə düşür.

Qeyd edək ki, son dövrlərdə  ölkə prezidenti  İlham Əliyev dilçiliyə dair bir neçə sərəncam imzalayıb. Bunlardan biri 23 may 2012-ci il tarixində imzalanmış "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamdır. Bu sərəncamın icrası ilə əlaqədar  hazırlanmış Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilib.

29 may 2012-ci il tarixdə imzalanan başqa bir sənəd isə "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi" haqqında sərəncamdır. 

Adı çəkilən Dövlət Proqramında  ölkəmizdə dilçiliyin inkişafı istiqamətində xeyli tədbirlər nəzərdə tutulub.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə