Nə üçün lüğətlərin onlayn versiyaları yoxdur?

26-06-2015 / 10:45

“Azərbaycan alimlərinin İKT-dən effektiv istifadəsi üçün mexanizmlər işlənilib hazırlanmalıdır”.

Dilimizin mühüm hissəsini təşkil edən terminlər  texnologiyanın inkişafı ilə əlaqədar olaraq leksikonumuza daxil olur. Yeni yaranan və dəyişən terminlərin leksikonumuza daxil olmasında mətbuatın da mühüm rolu var. Elə terminlər var ki, onlar uzun müddətdən sonra belə öz termin olmaq funksiyasını qoruyub saxlaya bilir. Mətbuatda işlək olan bu terminlər məişət leksikonuna daxil ola bilmir. Koalisiya, reputasiya, sindrom, inteqrasiya, sfera, moderator terminləri kütləvi informasiya vasitələrində tez-tez işlənsə də, termin olaraq qalır.

Müasir dövrdə mətbuatda bir sıra terminlər paralel işlənir: münaqişə-insident, layihə-proyekt, vəsait-investisiya, tərkib-kontingent, mühit-atmosfer, arasıkəsilmədən-intensiv, investor-sərmayəçi və s.

Dünya qloballaşdıqca, mədəni, iqtisadi əlaqələr genişləndikcə, informasiya texnologiyaları sürətlə inkişaf etdikcə dillərə də yeni-yeni sözlər, terminlər daxil olur. Bir çox hallarda bu sözlərin dilin daxili imkanları hesabına ekvivalenti, qarşılığı tapılıb istifadə edilir, digər hallarda isə alınma sözlər olduğu kimi leksikonumuza daxil edilir.

Dilimizdə istifadə olunan, xüsusilə də İKT sahəsində populyar olan sözlərin necə yazılması, hansı qaydalara əməl etmək lazım olduğu, ən çox səhvlərin nə zaman yaşandığı  və digər bu sahədə olan problemlərlə, onların həlli yolları ilə əlaqədar təcrübəli layihə rəhbəri, elektron məkanda dil problemləri üzrə ekspert Firudin Əhmədovla söhbətləşdik.

“İngilis dilində olan sözləri deyildiyi kimi yazıya almaq yolverilməzdir”

Firudin Əhmədov Xeberler.az-a müxtəlif lüğətlərin, o cümlədən orfoqrafiya lüğətinin hazırlanması prosesinin ciddi təhlil edilməsinin zəruri olduğunu diqqətə çatdırıb:

“Təklif edirəm ki, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya  lüğətlərinin, mövcud orfoqrafiya qaydalarının elektron bazası yaradılsın. İnsanlar istədikləri vaxt hansı sözün necə yazıldığını və necə tələffüz olunduğunu İnternet vasitəsilə rahat şəkildə asanlıqla öyrənə bilsinlər".

Ekspert  xarici dillərdən Azərbaycan dilinə keçən sözlərin işlənmə məqamlarına  toxunub. O bildirib ki, “Dilmanc” maşın tərcüməsi sistemini yaradarkən bu halla qarşılaşmışıq: “Azərbaycan dilindən ingilis dilinə tərcümə zamanı şəxs adlarının, soyadların, ölkə ərazisindəki coğrafi adların, bir çox təşkilat və qurum adlarının hüquqi statusa malik ingiliscə yazılış standartları yoxdur”.

Ekspert bildirib ki, zaman keçdikcə bütün dillərdə olduğu kimi Azərbaycan dilinə də yeni sözlər daxil olur və bu sözlərin dilimizdə qarşılığını axtarılıb tapmağa çalışmaq  lazımdır. O vurğulayıb ki, ingilis dilində olan adları deyildiyi kimi yazıya almaq və bəzən onların qarşılığı ola-ola həmin sözlərdən istifadə etmək yolverilməzdir:

“Artıq xeyli vaxtdır ki, dil ilə bağlı kütləvi təyinatlı materialların, o cümlədən söz köklərinin və söz birləşmələrinin yazı qaydalarına aid lüğətlərin, izahlı lüğətlərin, tərcümə lüğətlərinin, terminoloji lüğətlərin və digər yazı normalarının əhali üçün əlçatan olmasını təmin etməyə böyük ehtiyac yaranıb. Aşkardır ki, bu məsələnin yalnız İnternet texnologiyalara əsaslanan  mərhələli həllindən söhbət gedə bilər.  Onu da qeyd edim ki, səlahiyyətli dövlət dil saytında yerləşdirilən bu informasiya resurslarına daim əlavə və dəyişikliklər edilməli, əhaliyə də elə bu saytda son dəyişikliklər barədə məlumat verilməlidir”.

“Kütləvi informasiya vasitələrində (KİV) dilimizə nəzarətlə bağlı qurumların fəaliyyəti”ndə ciddi problemlər var

Firudin Əhmədov mətbuatda yazı qaydalarına əməl olunmasında ciddi problemlərin olduğunu diqqətə çatdırıb: "Televiziyaların xəbər verilişlərində gedən titrlərdə tez-tez səhvlərlə rastlaşmaq olur. Qəzetlərdə isə vəziyyət daha da ağırdır. Korrektura demək olar ki, ləğv olunub. Oxu zamanı orfoqrafik səhvlərin çoxluğu adamı qıcıqlandıırır".

O, Xeberler.az-a bildirib ki, KİV-də dilimizə nəzarətlə məşğul olan qurumlar bu proseslərə operativ müdaxilə edib son sözü demək səlahiyyətinə malik olmalıdırlar: "Bu istiqamətdə mütəxəssislər tərəfindən müxtəlif monitorinqlərin həyata keçirilməsini dəstəkləməklə yanaşı, bütün monitorinqlərin nəticələrinin tam həcmdə həmin qurumların internet saytlarında açıqlanmasını da çox əhəmiyyətli hesab edirəm. Birbaşa cari həyatdan gələn konkret nümunələrin göstərildiyi bu  hesabatlar təkcə media nümayəndələri üçün deyil, Azərbaycan dilindən savadlı istifadə etmək istəyən hər bir şəxs üçün, ilk növbədə şagird və tələbələr üçün qiymətli xəzinədir. Orfoqrafik lüğətin beş (!) ildən bir çap edilməsi dövrü artıq çoxdan keçib. Cari aktual elektron versiyası saytda olan lüğəti istifadəçi arzu etdiyi zaman özü kompüterinə yükləyərək kağıza çap edə bilər. İKT imkan verirsə, niyə də bundan istifadə etməyək? Ölkəmizdə "Elektron hökumət" konsepsiyası çərçivəsində həyata keçirilən böyük sayda layihələrin də Azərbaycan dilinin qorunmasında və inkişaf etdirilməsində böyük rolu vardır".

Lüğətlərin onlayn versiyası hazırlanmalı və hər gün yeni terminlər bu sistemə   əlavə olunmalıdır”

Firudin Əhmədov Azərbaycan dilinin qorunmasında dilçi alimlərin rolundan danışıb:  “Alimlər müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından geniş istifadə etməlidir. Azərbaycanca elektron mətnin orfoqrafiyasının avtomatik yoxlanması sisteminin ilk variantı xeyli müddət bundan öncə  (2002-2003-cü illərdə) istifadəyə verilib. Lakin o zaman bununla bağlı həyata keçirilən layihənin müddəti bitdikdən sonra proses dayanıb qalıb. Həmin sistem də yalnız Microsoft Word 2003-də düz işləyir, sonrakı versiyalarda isə səhv işləyir.  Düşünürəm ki, Azərbaycan dilçi alimlərinin bütün tədqiqatlarında  İKT effektiv tətbiq oluna bilər”.

Tanınmış şirkətlərin  adlarının dırnaq içərisində yazılmasına ehtiyac varmı?

İKT sahəsində daha çox istifadə edilən brend adların, o cümlədən Facebook, Twitter sözlərinin dırnaq içərisində yazılmasının yanlış olduğunu bildirən Firudun Əhmədov daha bir məsələyə toxunub: “Eləcə də abreviaturaların dırnaqda yazılması barədə Azərbaycan dilinin qrammatikasında heç bir göstəriş yoxdur. Sosial şəbəkələr  qeyri-peşəkar yazılarla doludur. Durğu işarələrindən yerli-yersiz istifadə edirlər.  Düzgün olmayan yazılış, artıq işarə məzmunu çaşdırır. Sosial şəbəkələrdə öz hərflərimizi olduğu kimi yazmağa üstünlük verməliyik. Yəni insanlarımız öz dillərinə  xüsusi hörmətlə, həssaslıqla yanaşmalıdırlar. Vətəndaşlarımız “ə”, “ş” hərfləri əvəzinə “e” və “sh” yazmamalıdır. Öz hərflərimizdən istifadə edə bilmək məsələsi artıq çoxdan həll olunub və sadəcə olaraq sistemdə müvafiq dil seçimi edib klaviaturada dili dəyişməklə öz ana dilimizdə, öz hərflərimizlə yaza bilərik. Yəni vətəndaşlarımız özləri fikirləşməlidir ki, əgər Azərbaycan hərfləri ilə yazmaq mümkündürsə, mən nə üçün yazımda başqa hərflərdən istifadə edim. Bu istiqamətdə dilçilərin, jurnalistlərin, bütün yazarların, dilimizə sayğı duyan bütün şəxslərin təbliğat və təşviqatına ehtiyac var. Müəyyən vaxtdan  sonra saytlarda, sosial şəbəkələrdə yanlışlıqlara yol verənlər, yəqin ki, ictimai qınağa tuş gələr”.

Firudun Əhmədov Xeberler.az-a bildirib ki, Azərbaycana kütləvi gətirilən əksər texniki qurğularda Azərbaycan dilinin istifadəsinə imkan var:  “Lakin digər kompüter və mobil telefon şirkətləri ilə də belə imkanın təmin edilməsi barədə danışıqlar aparılmalı və onlara elə istehsal yerindəcə  Azərbaycan dili yüklənməlidir. Menyu da Azərbaycan dilində olmalıdır”. 

“Təəssüf ki, indiyəcən Azərbaycan dilinin öyrədilməsinə xidmət edən heç bir xüsusi İnternet-resurs yaradılmayıb”.
 

Ekspert vurğulayıb ki, elektron KİV-də də ana dilinin normalarının düzgün tətbiqinə böyük diqqət yetirilməlidir. O, fikrini bununla əsaslandırıb ki,  Azərbaycan dili üzrə kifayət qədər biliyə malik olmayan şəxslər  xəbər portallarındakı səhv yazıları düzgün qəbul edərək yanlış yönləndirilmiş ola bilərlər: 

“KİV, xəbər saytları, rəsmi İnternet səhifələri yaydıqları məlumatların mətninin redaktəsinə və korrekturasına cavabdehdirlər və onlar informasiyanın dilinə də nəzarət etməlidirlər. İndiyə qədər də bir dilçi əsaslandıra bilmir ki, niyə parfüm sözündə ü, kompyuter sözündə isə yu yazılır (2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində)? Əgər bir termin uzun zamandır bir cür işlədilirsə, qəlibləşibsə, dərsliklərə və s. bu şəkildə düşübsə, onu dildə dəyişmək absurd bir şeydir. Burda mütləq deməliyəm ki, ən yeni tariximizdə başına gələn macəralara görə başıbəlalı “kompüter” sözü ilə  çətin ki, başqa bir söz bəhsə girə bilər. Böyük bir dilçi kollektivinin bircə sözün düzgün yazılış “problem”ində subyektivizmə acınacaqlı təslim olmasının nəticəsində artıq bu sözün mənə məlum olan dörd variantda yazılışı (kompüter, kompyuter, komputer, kompyüter) geniş vüsət alıb. Yaxud da xarici dildə olan hansısa sözü yazıb  apostrof işarəsi qoyub şəkilçi qoşurlar. Belə hallarla mətbuatda, hətta dərsliklərdə də rastlaşmışam.

Firudin Əhmədov Azərbaycan dili ilə əlaqədar ətraflı informasiyaya malik, bu dildən istifadə edənlərin tələbatını ödəməyə yönəlmiş heç bir xüsusi İnternet-saytın olmadığına təəssüflənib: “Yeri gəlmişkən dilçilik tədqiqatlarının İKT-nin tətbiqi ilə müasir səviyyədə aparılması üçün qaçılmaz mənbə olan “Azərbaycan dilinin korpusu”nun yaradılması ətrafında da on ilə yaxındır ki, ancaq söhbətlər gedir. Lakin həm bu məsələ, həm də vəziyyətin qısa müddətdə kəskin şəkildə yaxşılaşdırılması üçün konstruktiv təkliflər barədə gəlin növbəti intervüdə söhbət edək... ”, deyə ekspert əlavə edib.

Qeyd edək ki, son dövrlərdə  ölkə prezidenti  İlham Əliyev dilçiliyə dair bir neçə sərəncam imzalayıb. Bunlardan biri 23 may 2012-ci il tarixində imzalanmış "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamdır. Bu sərəncamın icrası ilə əlaqədar  hazırlanmış Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilib.

29 may 2012-ci il tarixdə imzalanan başqa bir sənəd isə "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi" haqqında sərəncamdır. 

Adı çəkilən Dövlət Proqramında  ölkəmizdə dilçiliyin inkişafı istiqamətində xeyli tədbirlər nəzərdə tutulub.

 

Sevinc Çəltikova 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə