Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə iş elanları üzrə daha genişmiqyaslı kəmiyyət təhlili aparıb.
Xeberler.az bildirir ki, Milli Observatoriyadan verilən məlumata görə, iş elanı platformalarında 2022–2025-ci illərdə təqdim edilən 61 min 400 vakansiya qurum tərəfindən təhlil olunub və əmək bazarında ən çox tələb edilən 10 prioritet peşə istiqaməti müəyyən olunub. Bunlar aşağıdakılardır:
• satış təmsilçisi;
• mühasib;
• satınalma və təchizat;
• satış planlanması;
• SMM, proqramçılıq, məzmun xidməti;
• insan resurslarının idarəedilməsi;
• müəllim;
• kredit üzrə mütəxəssis;
• işə qəbul üzrə mütəxəssis;
• qeydiyyat xidməti əməkdaşı.
Məlumatda bildirilib ki, qeyd edilənlərlə yanaşı, təhsil, maliyyə və İT sahələri əmək bazarında sabit və strateji əhəmiyyətli istiqamətlər olaraq qalmaqdadır.
“Araşdırılan dövr ərzində iş elanlarının əksər hissəsində əməkhaqqı göstərilməyib. Əməkhaqqı göstərilən iş elanlarında isə təklif olunan əməkhaqlarının orta aylıq məbləği 2022-ci ildə 745, 2023-cü ildə 858, 2024-cü ildə 939, 2025-ci ildə 959 manat təşkil edib. Bütün illər üzrə vakansiyalarda ən çox tələb edilən yumşaq bacarıq ünsiyyət bacarıqları olub. Həmin göstəricinin yüksək olması işəgötürənlərin texniki biliklərlə yanaşı, namizədlərin insanlarla işləmək, fikrini aydın ifadə etmək və iş mühitində effektiv qarşılıqlı əlaqə qurmaq qabiliyyətinə xüsusi önəm verdiyini göstərir. Komanda ilə işləmək və məsuliyyətlilik isə ikinci və üçüncü ən çox tələb olunan yumşaq bacarıqlar sırasında yer alıb”, - deyə məlumatda vurğulanıb.




























